DİN və Baş Prokurorluq "8-ci sinif şagirdinin boğazının kəsilməsi" videosunu təkzib edib

gənc qızın boğazı kəsildiyi iddia olunur Fotonun müəllifi Getty Images
Image caption Baş Prokurorluq 8-ci sinif şagirdinin boğazının kəsilməsi videosunu araşdırır

Baş Prokurorluq 8-ci sinif şagirdi olduğu iddia olunan və boğazının kəsildiyi deyilən qızın görüntülərinin sosial mediada yayılmasını həyata keçirməkdə şübhəli bilinən şəxsin saxlandığını bildirib.

"Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə guya 8-ci sinif şagirdinin atasının sifarişi ilə əmisi tərəfindən qətlə yetirildiyini əks etdirən videogörüntülər yayılmışdır. Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur", Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə yaydığı məlumatda deyilir.

DİN və Baş Prokurorluq "ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cəmiyyətdə geniş ajiotaja səbəb olmuş həmin videogörüntünü" yayan şəxs barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəyini bildirib.

Hüquq-mühafizə orqanlarının məlumatında həmçinin oktyabrın 8-də Gəncə şəhərində baş vermiş hadisədən - bir kişinin qeyri-rəsmi nikah münasibətində olduğu qadına qısqanclıq zəminində bıçaqla çoxsaylı zərbələr endirərək onu qəsdən öldürməyə cəhd etməsindən bəhs edilir.

Bu hadisə ilə bağlı Cinayət Məcəlləsinin "qəsdən adam öldürməyə cəhd" maddəsilə ilə başlanan istintaqın nəticəsində həmin kişinin həbs edildiyi də deyilir.

Sosial mediada yayılmış videoda 8-ci sinif şagirdinin boğazının kəsildiyi iddia olunub.

Baş prokurorluqdan bundan əvvəl BBC News Azərbaycancaya bu videonun araşdırıldığını bildirib.

Bakı Şəhər Baş Polis İdarəsindən BBC News Azərbaycancaya bildirilib ki, "yaxın günlərdə Bakı şəhərində belə bir hadisə baş verməyib. Hadisənin əvvəl baş verib-verməməsi isə araşdırılır".

Videoda azyaşlı olduğu iddia olunan bir qızın qan içərisində yerdə uzandığı və əlinin titrədiyi görünür, onun səsi çıxmır. Videodan görünür ki, onun boğazından axan qan ətrafa yayılıb. Onun yanında tünd rəngli çanta var. Hadisənin küçədə, həyət evlərinin qarşısında baş vermə ehtimalı görünür.

Videodakı səslərdən biri deyir ki, "yuxarıda qalır, Əli kişinin qonşusudur".

Videotəsvirlərdən gənc qızın əynində ağ köynək, tünd şalvar və ağ ayaqqabı olduğu görünür.

Videodakı söhbətlər azərbaycan dilində aparılsa da, hadisənin harada və nə vaxt baş verdiyi bilinmir. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, qurum hadisənin hansı rayonda baş verdiyini araşdırmaq məqsədilə rayon prokurorluqlarına sorğu göndərib.

Sosial media istifadəçiləri "8-ci sinif şagirdinin hamilə qaldığını və bundan sonra qardaşının Rusiyada olan atasının sifarişi ilə onu başı kəsildiyini" iddia edilib.

Bəzi sosial media istifadəçiləri hadisənin Şəmkir rayonunda baş verdiyini iddia etsə də, Şəmkir prokurorluğundan BBC News Azərbaycancaya bu rayonda belə bir hadisənin baş vermədiyi bildirilib.

Rasional İnkişaf Qadınlara Yardım təşkilatının rəhbəri Şəhla İsmayıl deyir ki, onlar hadisə barədə məlumatlı olmasalar da, məsələnin araşdırılması üçün prokurorluq və digər aidiyyatı qurumlara müraciət edəcəklər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən şərh almaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) adının çəkilməsini istəməyən əməkdaşının BBC News Azərbaycancaya verdiyi məlumata görə, 2018-ci ilin ilk 9 ayının nəticələrinə görə, Azərbaycanda məişətdə baş vermiş cinayət hallarının 135-i özünü öldürmə həddinə çatdırma ilə bağlıdır: "Bunlardan 112 faktda qadın özünü öldürüb. Onlardan 11-i azyaşlı qızlar" olub.

Rəsmi statistikaya görə, 2017-ci ilin doqquz ayı üzrə məişət zorakılığı üzrə cinayət halları 700-dən çox, 2018-ci ildə isə 700-ə yaxın olub.

Azərbaycan Avropa Şurasının 2011-ci ildə qəbul etdiyi "İstanbul Konvensiyası" kimi tanınan "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" sənədi imzalamayıb.

Azərbaycanlı hüquq müdafiəçiləri hesab edirlər ki, ölkədə qadınlara qarşı yüksək şiddətin səviyyəsi və qadınlara qarşı artan zorakılıq və məişət zorakılığının qarşısı İstanbul Konvensiyasının imzalanması və ratifikasiyası ilə xeyli dərəcədə aradan qaldırıla bilər.

Bu barədə daha geniş