Almaniyada saxlanılmış Əlövsət Əliyev: "şərti azadlığa buraxılmışam"

Əlövsət Əliyev

Şəklin mənbəyi, İntegrasiya Mərkəzi

Şəklin alt yazısı,

Əlövsət Əliyev hazırda Almaniyada məskunlaşıb. O deyib ki, təqib olunduğu üçün Azərbaycandan qaçmaq məcburiyyətində qalıb.

Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev cümə axşamı günü "şərti azadlığa buraxılıb".

Bu barədə BBC News Azərbaycancaya danışan Əlövsət Əliyev deyib ki, nə üçün həbs edilməsi əvvəlcə ona açıqlanmayıb.

"Məni nə üçün saxladıqlarını əvvəlcə mənə demədilər. Daha sonra dedilər ki, mənim haqqımda olan şikayətlər əsasında telefonumu dinləyiblər. Telefonuma, Whatsapp-ıma həm Almaniyadan, həm də Azərbaycandan həm də çoxlu sənədlər gəlib. Onlar da düşünüblər ki, ola bilsin qanunsuz sənədlər bu formada gəlir. Ancaq mən tərcümə firmasıyam, sənədlər tərcüməyə gəlir.

Eyni zamanda bəzən də insanlar sənədlərini göndərir ki, məzmunun nədir, necədir? Sənəddə nə düzdür, nə səhvdir? Guya mənimlə vətəndaşların əlaqəsi çoxdur. Ancaq mən Almaniyaya gələndə artıq miqrasiya üzrə tanınmış mütəxəssis idim. Bunlar isə burada bunu bilmirlər",- Əlövsət Əliyev deyib.

Onun sözlərinə görə, saxlanmağının əsası kimi Azərbaycan əsilli bir mühacirin ona qarşı "yalnış ifadə" verməsi olub.

Əlövsət Əliyev bildirib ki, o şərti azadlığa buraxıldığı üçün hələlik bu məsələ ilə bağlı ətraflı məlumat verə bilməyəcək.

Almaniya polisinin ötən il noyabrın 13-də miqrant qaçaqmalçılığı və qeyri-qanuni əmək qüvvələri ilə bağlı keçirdiyi reyddə saxladığı səkkiz azərbaycanlının arasında Əlövsət Əliyev də olub.

Həmin vaxt Əlövsət Əliyevlə görüşən vəkil Erich Althammer müvəkkilinin "heç bir Almaniya qanununu pozmadığını dediyini" bildirmişdi.

BBC News Azərbaycancaya müsahibəsində vəkil Erich Althammer Əlövsət Əliyevə istinadən bildirmişdi ki, o, ona verilən ittihamlarla "tam tanış ola bilməyib".

Cənab Althammer bildirib ki, o, Əlövsət Əliyevi daha əvvəldən tanıyır və onun Almaniya qanunlarını pozacaq əməllərinə rast gəlməyib.

Əlövsət Əliyevin oğlu, Almaniyada yaşayan Türkel Rüstəmxanlı BBC News Azərbaycancaya demişdi ki, atası noyabrın 13-də Berlinə gedərkən saxlanılıb. Türkel Rüstəmxanlı atasının saxlanma səbəbi və ona qarşı ittihamlar barədə məlumatsız olduğunu da bildirmişdi.

Əlövsət Əliyevin qardaşı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı BBC News Azərbaycancaya "bir neçə həftə əvvəl də Əlövsət Əliyevin ofisində yoxlama aparılsa da, heç bir saxta sənədin tapılmadığını" demişdi.

"Əlövsət Əliyevin saxta sənədlərlə və ya qanunsuz miqrant işləri ilə əlaqəsinin olduğunu qətiyyən düşünmürəm. Almaniyaya müxtəlif ölkələrdən axın edirlər. Miqrantlarla bağlı işləyən müxtəlif firmalar var, amma Əlövsət Əliyevin firması bu işlərlə məşğul olmayıb. Ola bilsin hansısa sənədlərin tərcüməsinə kömək edə bilər, amma o, qərar vermir, nə də səlahiyyəti var. Əgər miqrant gedib Almaniyada qalırsa ona bununla məşğul olan alman təşkilatlar baxırlar".

Əlövsət Əliyev kimdir?

Əlövsət Əliyev Azərbaycanda miqrasiya sahəsindəki fəaliyyəti ilə tanınıb.

O, hazırda Almaniyada məskunlaşıb. Cənab Əliyev deyir ki, təqib olunduğu üçün Azərbaycandan qaçmaq məcburiyyətində qalıb.

"Legat" İnteqrasiya Mərkəzi Almaniyanın Düsseldorf şəhərində yerləşir.

Mərkəzin Facebook səhifəsində qeyd edilən xidmətlər arasında tərcümə, Almaniya və Azərbaycanda təcili vəkillik xidməti üçün məsləhət, etibarnamələrlə bağlı məsləhət, Almaniyada təhsil və müalicə qaydaları haqda məlumatların verilməsi, vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması və qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi qaydaları haqqında məlumat, Azərbaycan vətəndaşlığına bərpa və ya vətəndaşlıqdan çıxma haqqında məlumat və s. qeyd olunub.

Azərbaycan XİN-i araşdırma aparır

Azərbaycan Xarici İşlər Nazirliyi BBC News Azərbaycancaya Əlövsət Əliyev və saxlanan digər şəxslərlə bağlı araşdırma aparıldığını bildirmişdi.

Nə baş vermişdi?

Çərşənbə günü Almaniya polisi miqrant qaçaqmalçılığı və qeyri-qanuni əmək qüvvələri ilə bağlı keçirdiyi reyddə səkkiz azərbaycanlını saxlamışdı.

Almaniyanın Spiegel qəzeti yazmışdı ki, polis Almaniyanın Cologne, Frankfurt, Wiesbaden və Dusseldorf şəhərlərində 13 obyektdə reyd keçirib və bir neçə azərbaycanlı saxlanıb.

Bundan əlavə, Koblenz federal polisi iki həbs qərarının tətbiq edildiyini elan etmişdi.

Almaniyanın swr.de saytı yazmışdı ki, istintaq xarici vətəndaşların qeyri-qanuni miqrasiyası, sənədlərin saxtalaşdırılması və çirkli pulların yuyulması şübhələrini araşdırırdı.

Həbs edilən iki kişidən birinin dəstənin başçısı olduğu güman edilirdi.

Dəstə azı 20 nəfəri 3 min - 10 min avro qarşılığında Azərbaycandan Almaniyaya qeyri-qanuni aparmaqda ittiham olunurdu.

FFH radiosu məlumat verib ki, dəstə qanunsuz miqrantları Almaniyada uzun müddət qalmaq üçün lazımi saxta sənədlərlə təmin edib.

İstintaq axtarışında 180 alman polisi iştirak edərək kompüterlər, telefonlar, şəxsiyyəti təsdiq edən müxtəlif sənədlər və 21 min avro nəğd pulu sübut kimi götürmüşdü.

Almaniya polisi məsələ ilə bağlı iyun ayından araşdırma aparırdı.

Şəklin mənbəyi, Sean Gallup/Getty Images

"Müsavat partiyası araşdırma aparır"

Müsavat başqanı Arif Hacılı məsələ ilə bağlı "biz bu məsələni araşdırırıq. Almaniyada ədalət mühakiməsi sisteminin mükəmməl olduğuna inanırıq. Hesab edirik ki, kimin günahı varsa, cəzalandırılacaq, kimin günahı yoxdursa, azadlığa çıxacaq" demişdi.

Arif Hacılı demişdi ki, "onlar Müsavat partiyasının adının bu məsələdə hallanması ilə bağlı araşdırma aparırlar".