İlham Əliyev Mehriban Əliyevaya görə Putinə təşəkkür göndərdi

Prezident İlham Əliyev Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşüb. Fotonun müəllifi President.az

Prezident İlham Əliyev birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya son səfərinə görə bu ölkənin xarici işlər naziri Sergey Lavrova təşəkkür edib.

Prezident bazar ertəsi günü Azərbaycanda səfərdə olan Sergey Lavrova deyib ki, Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri çox uğurlu olub.

O, Lavrovdan xahiş edib ki, "Mehriban Əliyevanın dəvət edilməsinə, ona göstərilən diqqətə, onun "Dostluq" ordeni ilə təltif olunmasına, onun ünvanına deyilən xoş sözlərə, çox konstruktiv söhbətə və praktiki olaraq bizim qarşılıqlı fəaliyyətimizin bütün sahələrinə toxunulan danışıqlara görə Prezident Vladimir Vladimiroviç Putinə" təşəkkürünü çatdırsın.

İlham Əliyev deyib ki, 2019-cu il Azərbaycan-Rusiya münasibətləri üçün çox uğurlu olub, hər iki ölkə beynəlxalq strukturlarda bir-birlərinə dəstək verib.

Prezident iki ölkə arasında iqtisadi münasibətlərin də uğurlu olduğunu, əmtəə dövriyyəsində artımın təxminən 25 faiz olacağını söyləyib.

"Nəqliyyat sahəsində də yaxşı nəticələrə nail olmuşuq və Samur çayı üzərindən salınan körpünün yaxın vaxtlarda açılmasını gözləyirik. Bu, əmtəə dövriyyəsini və qarşılıqlı səfərləri xeyli artırmağa imkan verəcək. Yəni, çox sahələri sadalamaq olar, lakin əsas budur ki, bizim münasibətlərimizdə dinamizm qorunub saxlanıb. Zənnimcə, dinamizm artırılıb. Bu, böyük nikbinlik doğurur".

İlham Əliyev Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanması istiqamətində "nəzərəçarpan nəticələrin" olmadığına təəssüf etdiyini bildirib, Sergey Lavrova müraciətlə deyib:

"Hesab edirəm ki, bunun əsas səbəbi Ermənistan rəhbərliyinin səmərəsiz siyasəti, xüsusən, "Qarabağın Ermənistan olması" barədə bəyanatıdır. Şadam ki, həm sizin tərəfinizdən, həm də digər ölkələrdən olan həmsədrlər tərəfindən, yumşaq desək, bu qəribə bəyanata düzgün qiymət verilib. Biz Minsk qrupunun həmsədrləri ilə əməkdaşlığı davam etdirəcəyik. Yaxın vaxtlarda Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinin görüşü olacaq. Biz ümidvarıq ki, siz danışıqlar prosesində fəal iştirakınızı davam etdirəcəksiniz".

"Rusiyada Azərbaycan kapitalı öz mövqelərini getdikcə möhkəmlədir"

Sergey Lavrov bildirib ki, iki Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 1,5 milyard dollar olub.

"Əmtəə dövriyyəsinin həcmi yəqin ki, 3 milyard dollara yaxın olacaq. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla əməkdaşlıq edir. Azərbaycanda Rusiya kapitalının iştirakı ilə 300-dən çox müəssisə fəaliyyət göstərir. Rusiyada da Azərbaycan kapitalı öz mövqelərini getdikcə möhkəmlədir".

Cənab Lavrov söyləyib ki, Rusiya iki ölkənin "həmişə bir-birinin mövqelərini nəzərə almaq istəyini çox yüksək qiymətləndirir".

"Biz bundan sonra da ortaq mövqelərimizin dəstəklənməsinə, Azərbaycan və Rusiya üçün xüsusi maraq doğuran mühüm məsələlərin həllinə kömək edəcəyik. Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına aiddir.

Biz həm Vyana sammitində, həm sonradan nazirlərin Moskva görüşündə etimad tədbirləri, humanitar əlaqələrin, kütləvi informasiya vasitələri xətti ilə əlaqələrin nizamlanması barədə əldə edilmiş razılaşmaların bu il təsdiqlənməsində və həyata keçirilməsində maraqlıyıq. Onlar tədricən reallaşır və ümidvaram ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu həftə keçiriləcək görüşü bu prosesləri əlaqələndirməyə imkan verəcək".

Sergey Lavrovun Azərbaycana səfəri çərşənbə axşamı başa çatır. O, noyabrın ortalarında Ermənistana da səfər etmişdi.

Bu barədə daha geniş