2019-cu il Azərbaycanda insan hüquqları: müşahidəçilər nə deyirlər?

19 oktyabr mitinqi

2019-cu ildə də Azərbaycan hakimiyyəti insan hüquqlarının müdafiəsinə görə müxtəlif yerli və beynəlxalq təşkilatların tənqidi ilə üzləşdi. Hərçənd Azərbaycan hakimiyyəti ölkədə bütün hüquq və azadlıqların tam şəkildə qorunduğunu söyləyir.

Bu il Avropa Şurası Nazirlər Komitəsi, Avropa Parlamenti və digər beynəlxalq hüquq təşkilatları müxtəlif vaxtlarda Azərbaycan hakimiyyətini ölkədə siyasi məhbusların olması və fundamental azadlıqların pozulma hallarına görə tənqid edib.

Hüquq müdafiəçiləri Azərbaycanda bir çox sahələrdə, xüsusilə məhkəmə-hüquq sistemində ciddi hüquq pozuntularının olduğunu, dövlətin bununla bağlı fundamental addım atmadığını deyirlər.

Azərbaycan hakimiyyəti, elcə də Prezident İlham Əliyev çıxışlarında mütəmadi olaraq ölkədə bütün hüquq və azadlıqların tam şəkildə qorunduğunu, məhkəmə-hüquq sistemində islahatların başlanıldığını söyləyirlər.

Bəs, ölkədə hüquq və azadlıqların qorunması haqda müşahidəçilər və hakimiyyət nə düşünür?

Image caption Müxalifətin 19 oktyabrda razılaşdırılmamış etiraz aksiyası zamanı saxlanılanlar

"Fundamental azadlıqlar çox ciddi şəkildə məhdudlaşdırılıb"

Hüquq müdafiəçisi Rəsul Cəfərov Azərbaycanda insan haqlarının vəziyyətini qənaətbəxş hesab etmir. O düşünür ki, həm qanunvericilik baxımından, həm də praktikada hüquq və azadlıqların qorunması və mexanizmlər sahəsində xeyli sayda həllini gözləyən problemlər var.

"Son 10 ildir ki, insan haqlarının vəziyyəti acınacaqlı olaraq qalır. Məsələn, ölkədə müxtəlif kateqoriyalardan - jurnalistlər, dindar fəallar, siyasi fəallar, bloqçular, gənclər təşkilatlarının nümayəndələrindən olan siyasi məhbuslar var".

Onun fikrincə, bu, siyasi, fundamental və mülki azadlıqlar çox ciddi şəkildə məhdudlaşdırılmasından xəbər verir. "Yəni, kimsə azad söz dediyinə görə və ya müstəqil fikir bildirdiyinə görə həbs olunub".

Ancaq Azərbaycan hökumətini dəstəkləyənlərin fikrincə, "siyasi məhbus" məsələsindən Azərbaycana təzyiq vasitəsi kimi istifadə edilir.

Millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Sona Əliyeva deyir ki, Avropa ölkələrində də insan hüquqlarının pozulması ilə bağlı davamlı problemlər yaşanır.

"Amma Azərbaycan kimi ölkələrdə bu, daha çox təzyiq vasitəsi kimi istifadə olunur. Halbuki biz məsələn, Fransaya təzyiq edə bilmirik ki, niyə onlarda sarıjiletlilərlə qarşıdurma zamanı neçə nəfərsə ölüb".

Rəsul Cəfərov "ölkədə sərbəst toplaşmaq üçün yerlərin faktiki mövcud olmadığını, müəyyən yerlərin isə şəhərin kənarında yerləşdiyini" deyir. O, qapalı yerlərdə keçirilən siyasi, insan haqları və ya söz azadlığı ilə bağlı tədbirlərin məhdudlaşdırıldığını söyləyir.

Hüquq müdafiəçisi hər hansı bir sahədə insan haqları ilə bağlı irəliləyişə doğru fundamental addımın atılmadığını düşünür.

"... QHT-lərin vəziyyəti, seçki hüququ, siyasi məhbusların azadlığa çıxması, sərbəst toplaşma azadlığı ilə bağlı atılacaq addımlar ancaq və ancaq dövlətin və cəmiyyətin maraqlarına cavab verir. Ölkəni və dövləti gücləndirir, demokratik imicini möhkəmləndirir. İstəyirəm ki, müsbət bir şeylər baş versin hakimiyyət nəhayət ki, siyasi iradə ortaya qoysun".

Rəsul Cəfərov vətəndaşların birləşmə, sərbəst toplaşma və seçib-seçilmə hüquqlarının pozulduğunu iddia edir.

O, vətəndaşların öz hüquqlarını qoruması üçün qanunla icazə verilən bütün vasitələrdən istifadə etməsinin tərəfdarı olduğunu bildirir.

Sona Əliyeva "hökumətin insan hüquqları ilə bağlı fundamental addım atmadığı" fikri ilə razılaşmır. O deyir ki, Azərbaycan insan hüquqlarının qorunması ilə bağlı "qətiyyətli addımlar atır".

"Azərbaycan insan hüquqları və eyni zamanda qadın hüquqları ilə bağlı demək olar ki, bütün beynəlxalq konvensiyalara qoşulub. Azərbaycan qanunvericiliyi insan hüquqları, eləcə də qadın hüquqları məsələsində kifayət qədər təkmildir. Qadın hüquqlarını qoruyan məişət zorakılığı haqqında və gender təminatı haqqında qanunlar, Milli Fəaliyyət planı, prezidentin gender təminatı ilə bağlı sərəncamı, dövlət proqramları da var. "

"Cəmiyyətin hüquqi maarifləndirilməsinə ciddi ehtiyac var"

Millət vəkili Azərbaycanda cəmiyyətin hüquqi maarifləndirilməsinə ciddi ehtiyacın olduğunu deyir.

O, əlavə edir ki, "hər bir vətəndaş öz hüququnu tam olaraq bilməlidir".

"Hüquqlar o zaman pozulur ki, sən hüququnu bilmirsən. Qurumlarda işləyən, digər insanların hüquqlarını pozan şəxslərin də özünün vicdanını dinləməsi və qanunun aliliyinə riayət etməsi məsələsi də var. Siz bu gün cəmiyyətdə hər kəsin qulağına pıçıldaya bilməzsiniz ki, özünü necə aparsın, necə davransın və necə işləsin".

Fotonun müəllifi Sona Əliyeva/Facebook
Image caption Millət vəkili Sona Əliyeva Azərbaycana olan tənqidlərin qərəzli olduğun düşünür.

Sona Əliyeva deyir ki, Azərbaycanda bütün sahələr üzrə, eləcə də məhkəmə-hüquq sistemində ciddi islahatların aparılmasına başlanılıb.

O bu islahatların öz bəhrəsini verəcəyinə və insan hüquqlarının pozulması ilə bağlı problemlərin azalacağına inanır.

"Dövlət öhdəliklərini yerinə yetirmir"

Araşdırmaçı jurnalist və hüquq müdafiəçisi Xədicə İsmayılova isə Azərbaycanda insan hüquqlarının bütün sahələrdə pozulduğunu deyir. O, bunu ölkədə "siyasi azadlıqların olmaması" ilə əlaqələndirir.

Image caption Jurnalist Xədicə İsmayılova illərdir ki, Azərbaycan hökumətinin tənqidçisidir

"İnsanların sosial haqlarından tutmuş siyası hüquqları və ya fundamental azadlıqlarından istifadə hüququna qədər hamısının pozuntuları ilə hər gün rastlaşırıq. Əslində, bunlar bir-biri ilə çox üzvi şəkildə bağlıdırlar. Nə vaxt ki, bizim ölkəmizdə insanların ədalətli məhkəməyə çıxış hüququ təmin olunacaq, onda o biri hüquq pozuntuları da yavaş-yavaş aradan qalxacaq".

Xədicə İsmayılova deyir ki, "Azərbaycanda ölüm hökmü olmasa da, insanların ölümü üçün cəzasızlıq mühiti var".

"2016-2017-ci illərdə hökumət qurumları heç bir məhkəmə qərarı olmadan, heç bir xüsusi ehtiyac olmadan əməliyyatlar keçirib insanları öldürdülər və buna görə də heç kim cəzalandırılmır. Nardaran, Gəncə, Tərtər işi və ya hər həftə belə xəbərlə rastlaşırıq ki, polis rəisi hansısa qohumumun qanını batırdı. Yəni, ölkədə rüşvətlə qan batırmaq mümkündür. İnsanın fundamental yaşamaq hüququ belə pozulmuş olur".

Xədicə İsmayılova "Azərbaycanın mülkiyyət hüquqlarının pozulması üzrə lider ölkələrdən biri olduğunu" və Avropa Məhkəməsində bununla bağlı çoxlu işlərin olduğunu söyləyir.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2018-ci il üzrə illik məruzəsində qeyd olunur ki, mülkiyyət hüququnun pozulması il ərzində müvəkkilə ən çox ünvanlanan müraciətlərlər arasında yer alır.

Araşdırmaçı jurnalist deyir ki, "Azərbaycanda dövlət insanların hüquqlarını qoruması üzrə pozitiv öhdəliklərini yerinə yetirmir".

"Bizim ölkədə hər hansı hüququn üstünə barmağını basıb deyə bilmirsən ki, dövlət bu hüququmun həqiqətən qarantıdır".

Xədicə İsmayılova sosial gərginliyin insanları hüquqlarını daha aktiv şəkildə tələb etməyə sövq etdiyini söyləyir.

"Bəzi hallarda hökumət insanların etirazlarını eşitməyə məcbur olur. Bunu, məsələn, şəhid ailələrinin 11 min manat qanpulu alması məsələsində gördük. Hətta insanların təşkilatlanaraq, qrup şəklində birləşərək davamlı mübarizələrinin şahidi olduq. Bu çox faydalı dəyişiklikdir və bunu hətta müsbət dəyişiklik adlandırardım".

O, "hökumətin problemli sahələr haqqında məlumat almağa meyilli olduğunu, lakin sistemli addım atmadığını" hesab edir.

"Təəssüf ki, hökumət tərəfindən bu problemlərin sistemli həlli üçün addımlar görmürük. Bizim hökumətimiz sanki evin ortasındakı zibili evin künclərinə yığan pinti ev sahibi kimidir. Ortalığı süpürür, amma onu evin künc-bucağına yığır ki, gözə görünməsin".

Xədicə İsmayıl söyləyir ki, hökumətin problemin həllində "sistemli addım atmamasının səbəbi insanları məşğul etmək istəyi ilə bağlıdır".

"İnsanların rahat yaşaması hökumətin stabilliyi üçün bir az təhlükədir. Gündəlik çörəkpulu qazanmaq və ona süni yaradılan əngəllərdən başı açılan vətəndaş bir gün haqqını da tələb edər. Ona görə hökumət maraqlıdır ki, insanları məşğul etsin".

Uşaq və qadın hüquqları

Xədicə İsmayıl deyir ki, cəmiyyətin uşaq və qadın hüquqları barədə savadlılığı çox aşağıdır.

O, bir çox hallarda qadınların və ya ailələrin özləri və ya uşaqları üçün hansı hüquqlarını tələb edəcəklərini bilmədiklərini söyləyir.

"İnsanlar bu hüquqlardan xəbərdar deyilsə belə, tələb etmirsə belə, dövlətin onları qorumağa pozitiv öhdəliyi var. Qadınların, xüsusilə tənha qadınların sosial təminatı ilə bağlı ciddi problemlər var. Uşaqların ləyaqətli yaşamaq hüququndan başlamış keyfiyyətli qida haqqınadək addımbaşı fərqinə varılmadan pozulan hüquqlarımız var.

Bütün sivil ölkələrdə vətəndaşa hüquqlarını qorumağa kömək edən institutlar, vətəndaş cəmiyyəti qurumları, QHT-lər var. Təəssüf ki, ölkədə bununla məşğul ola biləcək vətəndaş cəmiyyəti qurumları olduqca yararsız hala salınıb", o iddia edir.

"Müraciət edə biləcəyimiz bir qapı yoxdur"

Siyasi fəal İlkin Rüstəmzadə Azərbaycanda insan haqlarının ən çox məhkəmə-hüquq sistemində pozulduğunu düşünür.

O deyir ki, "hüquqlarımız pozulanda son anda müraciət edə biləcəyimiz bir qapı yoxdur".

"Bütün hüquqların sonu məhkəmə-hüquq sisteminə gedib çıxır. O, təmin olunsa sərbəst toplaşma azadlığı, ifadə azadlığı və sairə pozula bilər, amma mən ədalətli məhkəmə araşdırılması hüququmdan istifadə edib öz pozulmuş hüquqlarımı bərpa edə biləcəm".

Onun fikrincə, ölkə rəhbərliyi insan hüquqlarının "hansı səviyyədə olmasına icazə verirsə, ancaq o səviyyədə ola bilər, bundan artıq ola bilməz".

ABŞ Dövlət Departamentinin 2018-ci ildə Azərbaycanda insan hüquqlarına dair hesabatında deyilirdi ki, ölkədə "konstitusiya ilə məhkəmə hakimiyyətinin müstəqil olması nəzərdə tutulsa da, hakimlər icra hakimiyyətindən ayrı müstəqil fəaliyyət göstərməyib. Məhkəmə orqanlarının böyük hissəsi korrupsiyalaşmış və səmərəsiz olaraq qalıb".

Prezident İlham Əliyev 2019-cu ilin aprel ayında "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərman imzalayıb.

Fərmana əsasən, respublikanın bütün məhkəmələrinin sədr və hakimlərinə tövsiyə edilib ki, fəaliyyətlərində "ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər".

Fotonun müəllifi AFP

İlkin Rüstəmzadə məhkəmə sistemindəki problemlərin bütün sahələrə təsir etdiyini söyləyir.

O, deyir ki, işgəncələrlə qarşılaşan məhbusların yalnız bir qismi məhkəməyə müraciət etsə də, bu, fakt kimi təsdiqlənmir.

"Azərbaycan həbsxanalarında çox dəhşətli işgəncə mühiti var, bir çox hallarda Hollywod filmlərində görmədiyimiz avadanlıqlar var. Yüzlərlə məhbus işgəncə görür, ancaq bir qismi məhkəməyə müraciət edir. İndiyədək məhkəmə Azərbaycan müstəqil olandan bu günədək bircə nəfərə işgəncə verilməsi ilə bağlı kiməsə qarşı cəza verməyib və işgəncə faktını təsdiqləməyib".

İlkin Rüstəmzadə Azərbaycanda insan haqları pozuntuları ilə bağlı beynəlxalq birliklərdən və insan haqları təşkilatlarından gözləntiləri "minimumda saxlamağın" doğru olduğunu düşünür.

"Avropa İnsan Hüquqları Məhkəməsi hər bir insanı azadlığa buraxdıracaq və ya hər bir hüquq pozuntusunu bərpa edəcək "hazır resept" deyil. Avropa Şurasının siyahısında Azərbaycandan 15-20 nəfər siyasi məhbus var. Ən çox olduğu vaxtda bu rəqəm 34 idi. Bu işlərə prioritet qaydada, növbədənkənar baxıb Azərbaycandakı siyasi hakimiyyəti fakt qarşısında qoymaq olmazdımı?

Avropa İnsan Hüquqları Məhkəməsi 2014 və 2017-ci illərdə İlqar Məmmədovun azadlığa buraxılmasının sürətləndirilməsi ilə bağlı iki hökm açıqlamışdı.

Məhkəmə araşdırmaçı jurnalist Xədicə İsmayılovanın işinə dair isə 2019-cu ildə hökm çıxarıb.

"Xədicə İsmayılova Azərbaycana qarşı" adlı işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında deyilir ki, Azərbaycan hökuməti öz pozitiv öhdəliklərini yerinə yetirə bilməyib və Xədicə İsmayılovanın hüquqlarının pozulması ilə bağlı məsələlər "effektiv araşdırılmayıb".

2019-cu ilin iyulunda Azərbaycanda rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk BBC News Azərbaycancaya eksklüziv açıqlamasında Prezident İlham Əliyevlə görüşündə insan haqları ilə bağlı "çox açıq" danışdığını söyləyib.

Cənab Tusk insan haqlarının Avropa İttifaqı və Azərbaycan arasında imzalanması gözlənilən yeni müqavilənin "əsas prinsiplərindən biri" olduğunu deyib.

ABŞ Dövlət Departamentinin 2018-ci ildə Azərbaycanda insan hüquqlarına dair hesabatında deyilirdi ki, "hökumət yerli və beynəlxalq insan haqları qruplarının həyata keçirdiyi əməliyyatlar üzərinə ciddi məhdudiyyətlər qoymağa davam edib. İnsan hüquqları üzrə fəaliyyət göstərən aparıcı QHT-lər insan hüquqları üzrə apardıqları araşdırmalar və əldə olunan məlumatların dərc olunmasına görə arzuolunmaz və qərəzli mühitlə üz-üzə qalıb".

Beynəlxalq təşkilatların cari il üzrə hesabatları hələ ki, açıqlanmasa da, bir sıra hüquq müdafiəçiləri 2019-cu ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin dəyişmədiyini düşünürlər.

Bu barədə daha geniş