Bələdiyyə seçkilərinin namizədləri məqsədlərini sadalayır: seçilənlər və seçilməyənlər

bələdiyyə 2019 Fotonun müəllifi BBC, RRüfət Əliyev, Emil Abasov

Mərkəzi Seçki Komissiyasının ilkin nəticələri açıqlamasından sonra ölkə üzrə namizədliyi çox müzakirə olunan dörd gənc namizəddən ikisinin - Neftçaladan Vəfa Nağının və Astaradan Rüfət Əliyevin bələdiyyə üzvü seçildiyi məlum olub.

Digər iki namizəd, Mehman Hüseynov və Rəbiyyə Məmmədovanın adı isə ilkin seçki siyahısında olmayıb.

BBC News Azərbaycanca bələdiyyə namizədlərinin seçkidən bir gün sonra olan fikirlərini və planlarını öyrənib.

Image caption Vəfa Nağı, Neftçala rayonu Xolqaraqaşlı bələdiyyəsinin üzvü

Neftçala rayonunun Xolqaraqaşlı kəndindən bələdiyyə üzvü seçilən Vəfa Nağı deyir ki, seçki gününə qədər təzyiqlərə çətinliklə tab gətirib.

Onun sözlərinə görə, ona ilham verən seçki günü günorta saatlarına yaxın kənd əhalisinin seçkidə aktiv iştirakı olub.

"Hardasa 300 sakin seçkidə iştirak etmişdi və onda mənə dedilər ki, heç bir seçkidə kənd əhalisi bu qədər fəal olmayıb", Vəfa Nağı BBC News Azərbaycancaya deyib.

O deyib ki, uzun illər xarici ölkədə rahat şəraitdə yaşayıb və rahatlığa öyrənib. Amma kənd şəraitində həm təbii çətinliklə, həm də təzyiqlərlə üzləşməsi ona ikiqat ağır olub, həm də dostlarından və mühitindən uzaqda olduğu onun əhvalına təsirsiz ötüşməyib.

"Kənd şəraiti ağır, yolsuzluq, soyuq üstəlik də süni maneələr. Bir dənə olsun taksi tapmırdım ki, seçki təbliğatında məni hansısa ünvana aparsın. İnsanlar qorxudulmuşdular", Vəfa Nağı bildirib.

Vəfa Nağı deyir ki, onun bələdiyyə seçkisində iştirak ideyası İstanbulda bələdiyyə seçkilərini kənardan, xarici vətəndaş kimi izləməsindən sonra formalaşıb.

Vəfa Nağı nə etmək istəyir?

Onun sözlərinə görə, bələdiyyə üzvü kimi ilk fəaliyyəti kəndin yol probleminə çarə axtarmaq olacaq.

Vəfa Nağı deyir ki, onun məqsədi, insanların probleminə şərik olmaqdır. "Yerli icma ilə birgə, sakinlərlə birgə hər şeyə həll tapmağa çalışacağıq", Vəfa Nağı deyib.

Mehman Hüseynov deyib ki, onun planları səslər uğrunda mübarizə aparmaqdır.

Onun sözlərinə görə, seçki günü gecədən səhər saat altıya kimi səsvermə ilə bağlı protokolla tərtib edib.

Image caption Mehman Hüseynov (solda) seçki məntəqəsində

Mehman Hüseynov deyib ki, onun namizəd olduğu bir çox məntəqələrdə seçki pozuntuları olub və o, bu faktları video və foto kadrlarla qeydə alıb.

"Mənim 17 bələdiyyə üzvündən biri kimi seçilməməyim hətta Yeni Azərbaycan partiyasının üzvündə belə gülüş doğurar", bələdiyyə üzvlüyünə namizəd Mehman Hüseynov bildirib.

O, deyib ki, namizəd olduğu Qaraçuxur-Yeni Günəşli dairəsində seçici fəallığını maksimuma çatdırıb və əlində olan protokolların nəticələrinə görə, 5 min səs yığdığı aydın olub.

Mehman Hüseynov bildirib ki, onun müşahidəçiləri bir neçə məntəqədən qovulub və bir neçə məntəqədə protokollar harasa aparılıb.

O iddia edir ki, məntəqədə səsvermə zamanı saxtakarlıq olmayıb, qanun pozuntusu axşam saatlarında baş verib.

Binəqədi bələdiyyəsinə namizəd olan Rəbiyyə Məmmədova deyib ki, MSK-nın ilkin nəticələr olan siyahısında onun adı yoxdur və bu onun üçün gözlənilən olub.

Image caption Rəbiyyə Məmmədova

Rəbiyyə Məmmədova deyib ki, nəticələrin belə olacağını o namizəd olduğu məntəqələrdəki gedişatdan anlayıb.

"Polislər məntəqəyə gəlib müşahidəçilərimi oradan uzaqlaşdırıblar. Eyni zamanda sərbəst jurnalisti də saxlayıblar. Hər ikisinin seçkidə qanun pozuntusunu qeydə aldıqları mobil telefonu polis tərəfindən əllərindən alınıb", Rəbiyyə Məmmədova bildirib.

Onun sözlərinə görə, topladığı aktları MSK-ya təqdim edəcək, ancaq onun heç bir müşahidəçisinə səsvermə məntəqələrinin protokolları verilməyib.

Rəbiyyə Məmmədova MSK məntəqə sədrinin istifadə olunmayan bülletenlərlə birgə seçki qutusunu saymadan məntəqədən apardığını iddia edib və bunu aktlaşdıraraq şikayət edəcəyini bildirib. BBC News Azərbaycanca seçki qutusunun məntəqədən aparılması ilə bağlı iddialara bağlı DSK-dan cavab ala bilməyib.

Rəbiyyə Məmmədovanın sözlərinə görə, bələdiyyə seçkilərində seçilməsə də, Binəqədi üçün çalışmağa davam edəcək və Milli Məclisə fevralda keçiriləcək seçkilərə qatılacaq.

Fotonun müəllifi Rüfət Əliyev
Image caption Rüfət Əliyev

Rüfət Əliyev bu il Astara rayonundan Hamoşam bələdiyyəsi üzvlüyünə seçilib.

O, BBC News Azərbaycancaya müsahibəsində deyib ki, bələdiyyə seçkilərində iştirakının əsas səbəbi yerli icmanın bələdiyyə institutuna inamını bərpa etmək olub.

"20 ildir bələdiyyə fəaliyyət göstərir, amma bu müddətdə kəndin ictimai-siyasi həyatında rol ala bilməyib. Bu baxımdan insanların bələdiyyəyə inamı, gözləntiləri yoxdur. Mən bu stereotipi dağıtmaq üçün bələdiyyə seçkilərində namizəd oldum", Rüfət Əliyev deyib.

Rüfət Əliyev nə etmək istəyir?

O bildirib ki, seçkidən əvvəl əhaliyə görə biləcəyi işlər barədə danışıb və peşə tədris mərkəzinin yaradılması, turizmin inkişafına diqqət artırılması, qızların təhsili ilə bağlı fondun yaradılması kimi məsələlər üzrə çalışacağını deyib.

Amma Rüfət bəy onu da deyib ki, bələdiyyənin səlahiyyətləri məhduddur və bu işlər üçün əvvəlcə bələdiyyə büdcəsi formalaşdırılmalıdır.

O hesab edir ki, kəndin tarixi abidələri, təbiəti, ciddi turizm imkanları açır və yayda istirahət üçün təbiət əlverişlidir, amma bundan istifadə olunmur.

O, çalışacaq ki, kəndlilərin bu sahədə biznesinin yaradılmasında icra qurumlarından dəstək alsın və kəndlilərin bu sahədə marağı olduğunu da deyib.

Fotonun müəllifi Emil Abasov
Image caption Sumqayıt bələdiyyəsinə üzv seçilən Emil Abasov

Bazar ertəsi keçirilən seçkidə Sumqayıt bələdiyyəsinə üzv seçilən Emil Abasov BBC News Azərbaycancaya müsahibəsində deyib ki, onun seçilməsi çətin olmayıb.

Onun sözlərinə görə, artıq üçüncü dəfədir ki, bələdiyyə seçkisində iştirak edib qalib gəlir.

"İstənilən seçki demokratik seçki mədəniyyətinin təkmilləşdirilməsi baxımından bu il keçirilən bələdiyyə seçkiləri də mühüm addım olub", Emil Abasov deyib.

Bələdiyyə üzvü deyir ki, seçkidə iştirak normal olub və proses qaydasında keçirilib.

Onun sözlərinə görə, təmsil olunduğu Yeni Azərbaycan partiyası indiyə kimi qatıldığı bütün seçkilərdə qalib çıxıb və o da partiyanın irəli sürdüyü namizəd kimi seçkidə uğur qazanıb.

Emil Abbasov deyib ki, seçkini onun üçün asan olmasını təmin edən Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar paketi, regionların sosial-iqtisadi inkişafı proqramlarıdır.

Emil bəy bildirib ki, bu məsələlərə görə Yeni Azərbaycan partiyasının nümayəndələri qatıldıqları parlament və bələdiyyə seçkilərində uğur qazanırlar.

O deyib ki, bu il namizədlərin sayı baxımından əvvəlki illərdən çox namizəd iştirak etsə də, seçkidə iştirak faizi dəyişməyib, 32-34 % təşkil edib.

Emil Abasov bu ilki bələdiyyə seçkiləinə marağın səbəbini vətəndaşların öz yaşadıqları ərazinin idarə olunmasında yaxından iştirak etməkdə həvəsli olmalarında görüb.

Onun sözlərinə görə demokratik idarəetmənin bu növünə maraq ildən ilə artır.

Emil Abasov nə etmək istəyir?

Emil Abasov deyib ki, ilk görəcəyi işlərdən biri bələdiyyənin büdcə vəziyyətini yaxşılaşdırmaq olacaq.

"Sumqayıt bələdiyyəsində müşahidə etdiyim odur ki, illərdir sahibkarlar bələdiyyə borcunu ödəmir. Bu da bələdiyyənin maliyyə vəziyyətinin pis olmasına gətirib çıxarır. İlk əvvəl borcların yığılması üçün komissiya təşkil etmək olar", Emil Abasov deyib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, sosial şəbəkələrdə yayılan video görüntülər artıq araşdırılmağa başlanıb.

Çərşənbə axşamına keçən gecə keçirdiyi mətbuat konfransında Məzahir Pənahov bildirib ki, MSK-ya yalnız bir seçki dairəsindən qanun pozuntusu ilə bağlı müraciət daxil olub.

Məzahir Pənahov bildirib ki, seçki, ümumiyyətlə, sakit atmosferdə keçib.

O, bütün 1606 bələdiyyədə seçkinin baş tutduğunu bildirib.

Bu barədə daha geniş