Azərbaycanda ifadə azadlığı ilə bağlı “irəliləyiş olmayıb” - hesabat

Dünja Mijatovic Fotonun müəllifi Anadolu Agency/Getty Images

Azərbaycan həbsdəki jurnalistlərin azad olunmasına, məhdudiyyətlər və ifadə azadlığı ilə bağlı Avropa İnsan Hüquqları məhkəməsinin qərarlarını yerinə yetirməyə çağrılır.

Bu, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunja Mijatovic-in son hesabatında əks olunub.

Hesabatda deyilir ki, Azərbaycanda ifadə azadlığı sahəsində irəliləyiş olmayıb, tənqidlə çıxış edən jurnalist və sosial media fəalları inandırıcı olmayan ittihamlar əsasında azadlıqdan məhrum edilir.

Azərbaycan hakimiyyəti bu ittihamları qəbul etməyib.

Sənədlə birgə paylaşılan Azərbaycan hökumətinin spesifik qeydlərinə əsasən, ölkədə ifadə azadlığı təmin olunur, jurnalist və fəalların hüquqi məsuliyyətə cəlb olunması halları isə konkret cinayətlərlə bağlıdır:

"Jurnalistlər və hüquq müdafiəçilərinə qarşı cinayətlərin hamısı tam araşdırılır və təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə bütün lazımi tədbirlər görülür".

Fotonun müəllifi Elmir Mirzoyev
Image caption Əfqan Muxtarlı "Gürcüstanda saxlanılıb, döyülüb və Azərbaycana ötürülüb"

Azərbaycan tərəfi xüsusi olaraq Seymur Həzi, İlkin Rüstəmzadə və Əfqan Muxtarlının işinə dair öz münasibətini bildirir.

Qeyd olunur ki, 2017-c ildə Azərbaycanla Gürcüstan arasında sərhədi keçərkən saxlanılan, bundan bir il sonra konkret maddələrə görə 6 il müddətinə azadlıqdan məhrum edilmiş Əfqan Muxtarlının bütün hüquqları təmin olunur və o, "heç bir qeyri-qanuni" rəftara məruz qalmayıb:

"Cənab Muxtarlı saxlanma şəraiti və tibbi xidmətlə bağlı heç bir şikayət etməyib".

Bununla yanaşı, 2019-cu ilin sentyabr ayında jurnalistin aclıq aksiyasına da toxunulur:

"23 sentyabr 2019-cu ildə cənab Muxtarlı penitensiar müəssisəsinin müdiriyyətinə ərizə ilə müraciət edərək, heç bir əsaslandırılmış səbəb göstərmədən yeməkdən imtina etdiyini bildirdi və bir gündən sonra o, yeməyə başladı. Yeməkdən imtina etdiyi müddətdə onun səhhəti sabit idi, ciddi sağlamlıq pozuntuları və həyatına təhlükə yaradan vəziyyət müşahidə edilməmişdir", - Azərbaycan hakimiyyətinin şərhində deyilir.

2014-ci ildə Gürcüstanın paytaxtı Tbilisidə yaşayan araşdırmaçı-jurnalist Əfqan Muxtarlı "oğurlanaraq" sərhəddən keçirilib, onun vəkili bildirib. Sonradan ona Azərbaycanda 6 il həbs verilib.

O dövlət sərhəddini qanunsuz keçməkdə, qaçaqmalçılıqda və dövlət qulluqçusuna xəsarət yetirməkdə günahlandırılıb.

Jurnalist özü və beynəlxalq İnsan Haqları Müdafiə təşkilatları bunun siyasi olduğunu və jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyirlər.

Jurnalist Əfqan Muxtarlı yerli və beynəlxalq platformalarda Azərbaycanda olan problemlərdən yazıb.

Hüquqi xidmətin keyfiyyəti

İnsan hüquqları üzrə Avropa komissarının hesabatında paytaxtdan kənardakı bölgələrdə kəskin vəkil çatışmazlığı, hüquqi yardım almaq imkanlarının məhdud olduğu xüsusilə qeyd edilir.

Hesabatda Vəkillər Kollegiyasından xaric olunma halları ilə narahatlıq ifadə olunur: "Bu yaxınlarda xaric edilmiş və ya lisenziyaları dayandırılmış vəkillərin çoxu siyasi cəhətdən həssas hesab olunan işlər üzərində çalışırdılar, - sənəddə qeyd olunur.

"Bu göstərir ki, intizam prosedurlarından həssas işlər götürən vəkilləri cəzalandırmaq üçün vasitə kimi istifadə olunur".

Bununla bağlı, 2018-ci ildə Əsabəli Mustafayev və Nemət Kərimlinin lisenziyalarının 1 il müddətinə dayandırılması göstərilir və deyilir ki, müvafiq qərar Baş prokuror müavininin tənqidindən sonra verilib.

Azərbaycan hakimiyyəti iddiaların "düzgün olmadığını" bildirib. Verilən məlumata görə, 2018-2019 illər ərzində 11 vəkil xaric edilib və onlardan heç biri siyasi cəhətdən həssas iş aparmayıb: 6 hüquqşünas - 6 ay ərzində ardıcıl olaraq üzvlük haqqını ödəməməyə görə, beş vəkil isə qanunvericiliyin pozulması ilə bağlı xaric olunub.

Əsabəli Mustafayevin işinə dair iddiaları şərh edən Azərbaycan tərəfi bildirir ki, cənab Mustafayevin Vəkillər Kollegiyasının izahatı ilə mübahisə etməməsi ona qarşı çıxarılan qərarın "mahiyyətcə şübhə doğurmadığını" nümayiş etdirir.

Məcburi köçkünlər

Hesabatda Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün olan təbəqəyə dair hakimiyyətin atdığı addımlar ümumilikdə təqdirə layiq sayılır. Həmçinin bildirilir ki, qaçqın və məcburi köçkünlər yeni qəsəbə və pulsuz yaşayış yerlərindən bəhrələnməkdədir.

Lakin eyni zamanda qeyd olunur ki, bir çox insan bərbad yataqxana şəraitində yaşayır və mənzillər ayrılarkən onların ehtiyacları hər zaman nəzərə alınmır.

Bundan başqa, məcburi köçkün uşaqlarının əksəriyyətinin yalnız məcburi köçkünlər üçün tikilmiş və ya nəzərdə tutulmuş məktəblərdə oxuduğu və beləliklə, onların əhalinin qalan hissəsindən ayrıca təhsil aldığı da diqqətə çatdırılır.

Azərbaycan hakimiyyətinin sözlərinə görə, məcburi köçkün uşaqlar üçün yeni məktəblər əsasən yeni qəsəbə və onların kompakt yaşadığı ərazilərdə tikilir:

"Bu hallarda məcburi köçkün uşaqları bu məktəblərə statuslarına görə deyil, məktəbin yaxınlığı və eyni icmanın nümayəndələri kimi (eyni kəndin və ya eyni rayonun uşaqları kimi) gedirlər".

Məcbur köçkünlərin yaşamadığı yerlərdə isə uşaqlar istədiyi məktəbə gedə bilər, Azərbaycan hakimiyyəti bildirir.

Hökumət son 25 il ərzində qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 7 milyard manatdan çox vəsait xərclədiyini, onlar üçün sosial infrastrukturla təmin olunmuş 106 yaşayış məntəqəsinin salındığını açıqlayıb.

İyulun 9-12 arası Azərbaycanda səfərdə olan Avropa komissarının hesabatı hakimiyyət nümayəndələri, vətəndaş cəmiyyətinin üzvlləri, Ombudsman və hüquqşünaslarla görüşlərdən toplanan məlumatlara əsaslanır.

Bu barədə daha geniş