DİN: "Mehman Hüseynovu polis döyməyib, amma onu şəhərdən kənara aparıb"

Mehman Hüseynov

Video bloqçu Mehman Hüseynov cümə günü polis tərəfindən saxlanıldığını, döyüldüyünü və Bakının Lökbatan qəsəbəsi yaxınlığına aparılıb düzənlik ərazidə buraxıldığını iddia edir.

Daxili İşlər Nazirliyi (DİN) Mehman Hüseynovun polis tərəfindən döyülməsi barədə iddiaları əsassız hesab edir. Qurum onun saxlanılaraq Lökbatana aparıldığını təkzib etsə də, "şəhərdən kənara aparıldığını" təsdiqləyir.

Ombudsman Aparatı onlara müracət edilməsə də bu məsələni araşdırdığını bildirir.

BBC News Azərbaycancaya danışan Mehman Hüseynov deyib ki, cümə günü gecə saatlarında paytaxtın mərkəzindən evinə gedərkən polis tərəfindən saxlanıb və ona etiraz aksiyası və təşkilatçılar barədə suallar verilib.

Həmin vaxt bir neçə nəfər Bakının Fəvvarələr meydanında "Paster" ləqəbli reper Pərviz Quluzadənin azadlığa buraxılması üçün etiraz aksiyası keçirməyə cəhd edirdi, DİN yaydığı məlumatda bildirib.

"Paster" ləqəbli reper Pərviz Quluzadənin oxuduğu repin sözlərinə görə saxlandığı iddia edilir, amma DİN bildirir ki, reper xırda xuluqanlığa görə həbs olunub.

Mehman Hüseynov söyləyir ki, polisə aksiyadan xəbərsiz olduğunu və həmin ərazidən təsadüfən keçdiyini desə də, mülki geyimlilər və polis əməkdaşları tərəfindən polis maşınına mindirilib.

"Orada polislər və mülki geyimlilər var idi. Onlar mənim haqqımda dedi ki, təşkilatçı budur, gözlədilər ki, bir az kənara çəkilim, oradan aparsınlar. Məndən də soruşurdular təşkilatçı kimdir, o birilər haradadır. Məndən başqa heç kimi saxlamadılar".

Mehman Hüseynov iddia edir ki, polis avtomobilinə mindiriləndən sonra polis əməkdaşları onun köynəyini "başına keçirib ki, yolu görməsin, daha sonra isə döyməyə başlayıblar".

"Maşında məni 5-6 nəfər eyni anda döyürdü. Baş, boyun, sinə və ayağıma vururdular. Polislər telefonumu alıb şifrəmi istədilər, dedilər aksiya ilə bağlı videolara baxmaq istəyirlər. Mən isə dedim ki, öldürsəniz də telefonu açan deyiləm. Məni polis məntəqəsinə aparmadılar, Lökbatanda düzənlikdə buraxdılar".

Video bloqçu bədənindəki xəsarətlərlə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzdə həkim müayinəsindən keçdiyini və həkimin "döyülmə və əzilmələr"in olduğunu təsdiq etdiyini söyləyib.

Daxili İşlər Nazirliyi Mehman Hüseynovun polis tərəfindən döyülməsi barədə iddiaları əsassız hesab edir.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov BBC News Azərbaycancaya deyib ki, "bir qrup tərəfdar Fəvvarələr meydanı ətrafında Pərviz Quluzadənin həbsdən azad olunması ilə bağlı şüarlar səsləndirib və ictimai asayişi pozmağa cəhd edib. Polisin qanuni çağırışına məhəl qoymadıqları üçün Mehman Hüseynov və ətrafındakılar ərazidən uzaqlaşdırılıblar".

"Mehman Hüseynova asayişi pozmamaq barədə dəfələrlə xəbərdarlıq edilsə də, bundan nəticə çıxarmayıb. Belə olan halda polis adekvat olaraq onu ərazidən uzaqlaşdırıb", - o bildirib.

Cənab Zahidov Mehman Hüseynovun Lökbatana aparılmadığını və bunun "bloqçunun uydurması" olduğunu söyləyib.

"Polis əməkdaşları ərazidə olduğu üçün Mehman Hüseynovu bölməyə aparmağa ehtiyac yox idi. Polis özü tədbir görüb onu ərazidən uzaqlaşdırır. Mehman Hüseynovu Lökbatana aparmayıblar, amma şəhərdən kənara aparıblar".

Nazirliyin sözçüsü video bloqçunu saxlayan polislərin polis formasında olduğunu deyib və əlavə edib ki, əgər "Mehman Hüseynovu mülki şəxslər döyübsə, müraciət etsin, araşdırılsın".

Ombudsman Aparatından BBC News Azərbaycancaya bildirilib ki, döyülmə iddiaları ilə bağlı şəxsin özünün müraciəti tələb olunsa da, qurum özü də bu və digər məsələləri araşdırır və diqqətdə saxlayır.

Bu barədə daha geniş