MSK sədri Məzahir Pənahov: "Bütün bələdiyyələrdə seçki baş tutub"

MSK

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, sosial şəbəkələrdə yayılan video görüntülər artıq araşdırılmağa başlanıb.

Çərşənbə axşamına keçən gecə keçirdiyi mətbuat konfransında Məzahir Pənahov bildirib ki, MSK-ya yalnız bir seçki dairəsindən qanun pozuntusu ilə bağlı müraciət daxil olub.

BBC News Azərbaycanca Məzahir Pənahovdan MSK-nın 84 saylı Füzuli seçki dairəsinin 4 saylı seçki məntəqəsində quraşdırdığı kameranın canlı yayımı zamanı qeydə aldığı qanun pozuntuları ilə bağlı qurumun araşdırma aparıb-aparmayacağını soruşub.

Bu video görüntülərdə seçki məntəqə komissiyasının üzvünün bülletenlərin qulaqçığını kəsib möhürləyib üst-üstə topladığı və gələn seçiciyə topa bülleten verdiyi görünür.

Məzahir Pənahov bildirib ki, bu video görüntülər MSK-nın canlı kamerasından yox, sosial mediada yayılıb, amma onlar bütün qanun pozuntuları ilə bağlı "qanuni ölçü" götürəcəklər.

4 saylı məntəqə komissiyasının sədri BBC News Azərbaycancaya açıqlamasında namizədə topa bülleten verildiyini təkzib etsə də, bülletenlərin əvvəldən hazırlanmasını "iş növbəsindən çıxıb gələsi seçicilərin olması" ilə izah etmişdi.

Məzahir Pənahov bildirib ki, seçki, ümumiyyətlə, sakit atmosferdə keçib.

O, bütün1606 bələdiyyədə seçkinin baş tutduğunu bildirib.

Səssayma necə keçib?

Suraxanı II dairə 7 saylı məntəqəsində səslərin sayılmasını izləyən müxbirimiz Aygül Mehman deyir ki, səssayma bitib və məşhur bloqçu Mehman Hüseynov bu məntəqədə 94, əsas rəqibi Gülnarə Abbasova adlı namizəd 81 səs toplayıb.

Bu, yekun nəticə deyil, müxbirimizin olduğu bir məntəqədə müşahidə etdiyidir.

"Əvvəlcə 390 hesablamışdılar, yenidən sayanda 387 oldu. Bəzi müşahidəçilər 386 nəfərin səs verdiyini deyir, məntəqə isə 387".

Bu məntəqədə 387 nəfər səs verməyə gəlib, məntəqə sədri Şəfiqə İmanova müxbirimizə bildirib.

Onun sözlərinə görə, 7 saylı məntəqədə 1273 seçici üçün 1146 bülleten alınıb. Onlardan 759 bülleten istifadə olunmamış olduğundan ləğv edilib, 387 bülleten isə qutudadır.

Neftçalanın Xolqaraqaşlı kəndindən bələdiyyə seçkilərində namizədliyini vermiş Vəfa Nağı müşahidəçilərin qeydlərinə görə, "dördüncü yerdədir".

"O, 113 səs toplayıb", seçki məntəqəsində müşahidəçi olan Samir Kazımli BBC News Azərbaycancaya bildirib.

Bazar ertəsi günü keçirilmiş bələdiyyə seçkilərində respublika üzrə 1 milyon 627 min 64 seçici səs verib.

Mərkəzi Seçki Komissiyası seçici fəallığının 32,72 faiz olduğunu açıqlayıb.

Səsvermə axşam saat 7-də başa çatıb və səslərin sayılması prosesi başlayıb.

Bazar ertəsi Azərbaycanda keçirilən seçkidə təxminən 15 min bələdiyyə üzvü yeri uğrunda 41 min 500-ə yaxın namizəd mübarizə aparır.

Müxbirlərimiz məntəqələrdə nə görüb?

Seçki məntəqələrində səsverməni müşahidə edən BBC News Azərbaycancanın müxbirləri bildirirlər ki, ilk baxışdan nəzərə çarpan məsələ bəzi seçicilərin harda səs verməli olduqlarını bilməməsi olub. Müxbirimiz Aygül Mehmanın sözlərinə görə, onun müşahidə apardığı 31 saylı Suraxanı II seçki dairəsi üzrə seçki məntəqələrində bəzi seçicilər ona hər zaman eyni məntəqədə səs verdikləri halda bu dəfə geri qaytarıldıqlarını deyiblər.

BBC News Azərbaycancanın müxbirləri həmçinin müşahidə ediblər ki, bəzi vətəndaşlar məntəqədən-məntəqəyə göndərilsələr də, bəzi hallarda iki eyni məntəqə arasında dəfələrlə gedib-gəlməli olsalar da, onların səsverməli olduqları ünvanı tapması mümkün olmayıb. Vətəndaşlar daha bir ünvana yönlədirilib. Xüsusən yaşlı vətəndaşlar bu hala etiraz edib, rahat səsvermə hüquqlarının pozulduğunu bildiriblər.

"18-ci dairənin 32-ci məntəqəsindən fərdi müşahidəçilər Babalar Qəniyev və Nəzakət Şükürova polisə aparılıblar", - bu dairədən bir namizədin səlahiyyətli nümayəndəsi Elgün Şahverdiyev bildirib.

Babalar Qəniyev sonradan BBC News Azərbaycancaya bildirib ki, "məntəqədən səs verməyə cəhd etmiş iki namizədin barmağında mürəkkəb olduğu üçün faktı qeydə almaq istəyiblər.

"Biz gördük ki, 4 nəfər gəldi. Onlardan ikisinin barmağında mürəkkəbin olduğunu gördük, istədik qeydə alaq, məntəqə sədri bizə dedi ki, siz qanunu pozursunuz. Polis çağırdı. Polis gəldi bizi apardılar Nizami rayon 25 saylı polis şöbəsinə, polis bizdən izahat aldı, sonra da qaytardı bizi bura", - Babalar Qəniyev deyib.

Neftçalanın Xolqaraqaşlı bələdiyyəsində keçirilən seçkilərdə müşahidəçilik etmək üçün respublika üzrə müşahidəçi kimi qeydiyyatdan keçmiş 61 saylı Dairə Seçki Komissiyasının 33 saylı məntəqəsində müşahidə aparan Samir Kazımlı seçki prosesi zamanı baş vermiş pozuntunu aktlaşdırıb.

"61 Saylı DSK-nın 33 saylı məntəqəsində xeyli sayda seçici toplu şəkildə səsvermə məntəqəsinə buraxıldığı üçün müşahidəçilər öz işlərini görə bilməyiblər. Səhər saat 10 radələrində təxminən 50-60 seçici məntəqəyə daxil olaraq, komissiya üzvlərinin əyləşdiyi masalara eyni vaxtda yaxınlaşdıqları üçün müşahidəçilər onların sənədlərinin təqdim etməsi, adlarının seçici siyahısında olub-olmaması, bülleten alma prosesini izləyə bilməyiblər", - aktda qeyd olunur.

61-ci dairədə DSK-nın sədri Şahin Məmmədov isə müşahidəçilərin "müşahidə hüququnun pozulması" iddiası ilə razı olmadığını deyir.

"Orada müşahidəçilər özləri qaydaları pozurlar. Onlar müşahidəçilər üçün ayrılmış stullarda oturmayıb, komissiya üzvlərinin arxasında dayanıb, birbaşa müşahidə aparıb və komissiyanın işinə mane olurlar. Biz bərabərlik prinsipi əsasında bütün müşahidəçilərə şərait yaratmışıq".

DSK sədrinin verdiyi məlumata görə, 61-ci dairədə indiyədək ümumilikdə 13 min 53 nəfər səs verib. 33 saylı məntəqədə isə 470 nəfərədək adam səs verib.

31 Saylı Suraxanı seçki dairəsinin bəzi məntəqələrində müşahidə kameraları yoxdur. Mərkəzi Seçki Komissiyasının saytında da göstərilir ki, 32 məntəqənin yalnıəz 10-da müşahidə kamerası işləyir.

10 saylı Binəqədi seçki dairəsində də eyni hal müşahidə olunub, bir çox seçici harda səs verməli olmalarını bilməyib, onlar bununla bağlı bildiriş almadıqlarını deyiblər, müxbirimiz Günel Səfərova məlumat verir.

Seçki məntəqə rəhbərləri isə BBC News Azərbaycancaya seçicilərə doğru ünvan əks olunmuş bildiriş göndərildiyini, dislokasiyanı seçicilərin özlərinin səhv saldığını söyləyiblər.

Səsverməyə gələn seçicilər bələdiyyədən yolların təmir edilməsini, kommunal xidmətin yaxşılaşdırılmasını gözlədiklərini söyləyiblər.

Müxbirlərimiz bildirirlər ki, seçki məntəqələrində yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün "çip oxuyan" cihazlardan istifadə edilir.

Ölkə üzrə 1600-dən çox bələdiyyə var.

Səsvermə səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da başa çatıb.

Azərbaycanda bələdiyyə seçkiləri 1999-cu ildən keçirilir. Bu il keçiriləcək seçkilər sayca 5-ci olacaq.

Son dəfə bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

Bu barədə daha geniş