Bələdiyyə seçkisi: "Protokolu ala bilmirəm"

BBC

Bakının Xətai rayonunun 34-cü Dairə Seçki Komissiyasının 23 sayli məntəqəsində müstəqil müşahidəçi olmuş Mahir Tarizadə BBC News Azərbaycancaya seçki bitəndən sonra protokolu ala bilmədiyini deyir.

Onun sözlərinə görə, məntəqə sədri Gülər Məmmədova ona "protokolu hazır etdikdən sonra verə biləcəklərini" deyib.

Mahir Tarizadə məntəqə sədri olduğu deyilən bir xanımla dialoqunun əks olunduğu video görüntüləri BBC News Azərbaycancaya təqdim edib.

Həmin götüntülərdə məntəqə sədri olduğu bildirilən bir xanım deyir ki, həmin protokolu yoxlayacaqlar: "Bəlkə mənim başım işləməyib, rəqəmləri səhv yazmışam, ona görə də səslər bir də hesablanmalıdır. Mən alim deyiləm ki. 122 nəfərin qabağında səsləri var. Bəlkə düz toplamamışam. Rəqəmlər yoxlansın, təsdiq edilsin. Sonra protokolu sizə verəcəm".

Mahir Tarizadə deyir ki, səslər sayıldıqdan daha sonra məntəqədə bir saat gözləsə də ona protokol verilməyib. O iddia edir ki, məntəqə sədrinin protokolu ona verməməsi Dairə Seçki Komissiyasınln tapşırığı əsasında olub.

"Müşahidəçi acıq edib protokolu almayıb"

Bakının Xətai rayonunun 34-cü Dairə Seçki Komissiyasının sədri Rafael Mehdiyev BBC News Azərbaycancaya bildirib ki, həmin məntəqədə 122 namizəd olduğundan səslərin sayılması gecə saat 2-də başa çatıb.

"Mən bununla bağlı məntəqə sədri ilə danışmışam. O deyir ki, seçki gec bitdiyi üçün həmin vətəndaş gözləməyib, acıq edib gedib. Məntəqə sədri həmin vətəndaşa deməyib ki, sabah verərik. O, sadəcə deyib ki, gözlə, səsləri hesablayaq, protokolu verərik sizə. Rafiq müəllimin (Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev -red) adını çəkməsinlər, o, belə işlərə getməz. Mən məntəqə sədrinə tapşırmışam ki, həmin vətəndaş gəlsə, ona protokol versinlər".

Xətai Rayonu İcra Hakimiyyətinin ictimai-siyasi, humanitar şöbəsinin müdiri Pənah İmanov BBC News Azərbaycancaya "səsləndirilmiş ittihamı qəbul etmirik" deyib.

"İcra Hakimiyyətlərinin işi seçkidə yalnız texniki təchizat və bəzi texniki məsələləri həll etməkdir. Biz seçici siyahılarını Dairə Seçki Komissiyaları ilə birgə dəqiqləşdirə bilirik. Bir də seçki keçirilən yerlərdə işıqlandırmanın davamlı olmasına cavabdehik. İcra başçısının işi-gücü tükənib bir-bir məntəqələrə zəng vurub, tapşırıq versin ki, protokolu verin, ya verməyin?" - Pənah İmanov deyib.

Ayrı-ayrı seçki məntəqələrində də səslər sayıldıqdan sonra protokolların müşahidəçilərə verilməməsi ilə bağlı iddialar səslənib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bazar ertəsi gecə keçirdiyi mətbuat konfransında bildirib ki, seçki zamanı qanun pozuntuları ilə üzləşənlər üç gün ərzində quruma müraciət edə bilərlər.

Bu barədə daha geniş