Qırmızı dodaqlar, parlaq dəri və qalın sürməli gözlər- Bu qış üzə, gözə, dodağa nə çəkməli?

Aliyə Hümmətova Fotonun müəllifi Aliyə Hümmətova
Image caption Qırmızı dodaq boyası və təbii qaşlar

Qıp-qırmızı dodaqlar, qalın sürməli gözlər və ya par-par parıldayan dəri bu qış günlərinizi canlı, həyat dolu edə bilər.

Nə əlaqəsi var deyə sual yarandısa, 2019-2020-ci ilin qış mövsümünün makiyaj trendlərinə göz gəzdirin.

Bakıdan makiyaj bloqçusu @aliyarouge kimi tanınan Aliyə Hümmətova deyir ki, beynəlxalq dəb nümayişlərində səhnə arxasında çalışan makiyaj ustaları tonlaşdırılmamış, əvəzində isə üzə qulluq vasitələri ilə üz parıltısının ortaya çıxardığı təbii üz dərisinə üstünlük verib.

"Məncə, parlaq dəri heç vaxt dəbdən düşməməlidir. Parlaq dəri insanın sağlamlığını, çox su içdiyini və yaxşı həyat keçirdiyini göstərən amildir", bloqçu düşünür.

Fotonun müəllifi Fotosite/Gamma Rapho/Getty Images
Image caption Təmiz, parlaq və minimum makiyajlı dəri

Aliyə Hümmətova bu parıltının "highlighter" ilə də yaradıla biləcəyini deyir. Lakin o, bir yanlış anlaşılmanı da qeyd edir:

"Söhbət yağlı dəridən deyil, içdən gələn işıltıdan gedir. Bəzən bunları qarışdırırlar, amma bunlar fərqlidir. Yağlı dəri parlaq dəri demək deyil. Parlaq dəri içdən sağlam görünən dəri deməkdir."

Gözlər

Bu il göz makiyajında 1950, 1970 və 1990- cı illərin trendləri dəbdədir: "Twiggy" makiyaj, yəni alt kipriklərdə çox maskaradan (tuşdan- red.) istifadə, 1990-cı ilərin çərçivəli göz makiyajı - göz içinə qələm çəkmək, sarı, çəhrayı, bənövşəyi, zərli, parıltılı kölgələr və laynerlər, eləcə də bütün göz qapağına vurulmuş kölgələr.

Fotonun müəllifi Peter White/Getty Images
Image caption Rəngli parıltı (glitter)

Aliyə Hümmətova izah edir ki, müxtəlif rəngli, çox kəskin, eyni zamanda qalın və bütün göz qapağına çəkilən laynerlər çox dəbdədir. "Makiyaj ustasının yaradacağı fərqli xətlər də çox dəbdədir".

Maskaraya gəldikdə isə, bloqçunun təbirincə, əvvəllər qızlar "çox tuş (maskara- red.) çəkib iynə ilə kipriklərini aralayırdılar, indi buna ehtiyac yoxdur, çünki çox maskara çəkmək trenddir".

"Bu il makiyajın yayılır" cümləsini deməyəcəksiniz, çünki, gözün altına dağılmış qələm qarası kimi makiyaj trenddir.

Qaşlar

Bəs qaşları nə edək? Bu mövsüm təbii və ya da sarı, qəhvəyiyə boyanmış qaşlar dəbdədir.

"Boyanaraq kəskinləşdirilmiş qaşlar dəbdə deyil. Əgər sizin qaşınız kəskin və sıxdırsa, bu o demək deyil ki, o dəbdə deyil, sadəcə süni doldurulmuş qaşlar dəbdən düşüb".

Fotonun müəllifi Aliyə Hümmətova
Image caption Rəngli layner və bronzlaşdırılmış dəri

Bu qış öz aktullağını itirməyən bir trend də var, o da "smokey eyes" makiyajıdır - kölgə və qələmin yüngül qarışdırılmış formasında göz makiyaji.

Bloqçu onu da deyir ki, gündəlik istifadəsi çətin olsa da, parlaq krem kölgələr axşam tədbirləri üçün idealdır.

Yanaqlar

Gənc və sağlam görünmək trendi bu il yanaqlara çəhrayı ənliyin vurulmasını tələb edir.

@aliyarouge-ın müşahidələrinə görə, bu, keçən ilin axırından dəbdə olsa da, 2019-cu ildə çox önə çıxdı.

O deyir ki, bu il üzün konturlanması dəbdə deyil, amma "Günəşdən yüngülcə yanmış" görüntü üçün bronzerdən istifadə etmək olar.

Fotonun müəllifi Aliyə Hümmətova

"Ya çəhrayı ənlik vurun, ya da bronz edin. İkisini birgə etməyin", bu, yeganə diqqət etməli məsələdir.

Dodaqlar

Bu qış dodaqlarınızı qırmızıya - həm də qırmızının bütün tonlarına boyayın. Bu, həm qışın darıxdırıcı axşamlarında kefinizi açar, həm də cəmi bir hərəkətlə dəbi izləmiş kimi görünməyinizə yardım edər.

Lakin mat dodaq boyalarından yayının, çünki parlaq dodaqlar dəbdədir. Yəqin anladınız - rəngsiz və rəngli dodaq parıltılarını da çantanızdan ayırmayın.

Ümumi obrazlara gəldikdə isə həm müsahibimizdən, həm də dəb jurnalllarından bir neçə nümunə seçdik.

Fotonun müəllifi Fotosite/Gamma Rapho/Getty Images
Image caption Qırmızı dodaq boyası
  • Dağınıq, rəngli layner, yanaqda yaxşı yayılmamış, amma bilinməyən ənlik, kəskin doldurulmamış dodaqlar.
  • Sarı kölgəli gözlər, çəhrayı yanaqlar.
  • Məxməri qırmızı dodaqlar, təmiz dəri, minimal makiyaj
  • Monoton makiyaj - eyni rəngin tonları ilə makiyaj

Unutmayın, bu obrazları bu ilin trenddə olan geyim, ayaqqabı və aksesuarları ilə uyğunlaşdıra da bilərsiniz.

Bu barədə daha geniş