"Müəllimlər dedi ki, gəlin səs verin" - müxbirimiz səsvermə məntəqələrində nə gördü?

Video açılmasa, YouTube-da izləyin.

Bakının Yasamal rayonu 308 nömrəli məktəbdə yerləşən Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 25, 28 və 32-ci məntəqələrində valideynlər səhər saatlarında kütləvi şəkildə səsvermədə iştirak ediblər.

Övladları 308 saylı məktəbdə təhsil alan şagirdlərin valideyinləri səs verdikdən sonra oradakı kabinetlərin birində səs verdikləri barədə qeydiyyatdan keçiblər.

BBC News Azərbaycancaya danışan valideyinlərdən bəziləri bildiriblər ki, məktəb rəhbərliyindən onlara səs verməyə gəlmələri tapşırılıb.

Məktəbdəki bir kabinetin qarşısında toplaşan valideynlər və müəllimlər BBC News Azərbaycancanın suallarını cavablandırmaq istəməyiblər.

Məntəqə komissiyasının üzvü və ya seçici olmayan şəxslər seçki günü niyə məntəqədə olmalarını izah etməyiblər.

Amma 32 saylı seçki məntəqəsinin sədri Təranə Məmmədova bildirib ki, onlar kənar şəxslər deyil, ya seçicidirlər, ya da seçki komissiyasının üzvləridir.

Amma onların bəziləri, həm də məntəqədə müşahidəçi statusunda olan müəllimləin valideyinləri təlimatlandırması diqqətdən yayınmır.

308 saylı orta məktəbin həyətində toplaşan tələbələr isə səs vermək üçün Bakı Biznes Universitetindən gəldiklərini deyiblər.

BBC Azərbaycancanın müxbiri tələbələrin özünü Bakı Biznes Universitetinin müəllimi olduğunu deyən Sabir Əmirxanovun ətrafına toplaşdıqlarını görüb.

Sabir Əmirxanov özünü müəllim kimi təqdim etsə də onun Bakı Biznes Universitetinin tərbiyə işləri üzrə prorektor olduğu universitetin internet səhifəsində qeyd olunub.

32 saylı seçki məntəqəsinin sədri Təranə Məmmədova valideyinlərin səs verməsindən sonra məktəbdəki kabinetdə qeydiyyata alınmasını və tələbələrin kütləvi səsvermədə iştirakını təkzib edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş