İlham Əliyev: "İndi yaxşı, xalqdan qorxmursansa, Allahdan qorx"

Ilham Əliyev, 23 dekabr, 2019-cu il Fotonun müəllifi Prezident.az

Kadr islahatları zamanında aparılır, bəlkə beş il bundan əvvəl bu cür kadr islahatları aparmaq düzgün olmazdı, amma iki il bundan sonra da artıq gec olardı, prezident İlham Əliyev deyib.

Bazar ertəsi bir neçə yerli jurnalsitlərə müsahibəsində prezident bəzi daxili görüşlərinin ictimailəşdirilməsinə ehtiyac olduğunu deyib.

Dövlət mediası İlham Əliyevin son kadr təyinatları zamanı vəzifəyə təyin etdiyi şəxslərlə söhbətini yayıb. İlham Əliyev bunu "həm də ictimaiyyətə verilən hesabat" kimi qiymətləndirib.

Prezidentin sözlərinə görə, o, bir sıra məsələləri mətbuatdan öyrənir, çünki "bəzi məsələlər" ona məruzə edilmir:

"Çünki sərf etmir o adamlara məruzə etmək. Ona görə ya mən bölgələrə gedəndə çalışıram vətəndaşlardan vəziyyətlə bağlı öyrənim, onları narahat edən problemlər haqqında eşidim. Ya özüm gedirəm təftiş edirəm orada işləri, ya da ki, ictimaiyyətdən verilməlidir bu məlumat. Dövlət məmurları hər bir ölkədə ancaq yaxşı raport verməyi öyrəşiblər. Onlardan soruşsan deyərlər ki, hər şey əladır, hər şey mükəmməldir, heç bir problem yoxdur. Mən bir çox rayonlara gedəndə icra başçısı ilə söhbət edəndə deyirəm hansı problem var - hər şey əla. Axı belə ola bilməz. Ya özü bilmir, ya da ki, bunları ört-basdır etmək istəyir, ya da bilmirəm hansı məqsədi güdür".

Prezident bölgələrdə abadlıq adı ilə sahibkarlardan vəsait yığıldığından xəbərdar olduğunu, bunun qətiyyən "qəbuledilməz" olduğunu deyib.

"Belə abadlıq bizə lazım deyil. Rüşvət almamalıdırlar, əksinə, çalışmalıdırlar ki, investorları cəlb etsinlər. Yoxsa bəzi hallarda kimsə gəlib nəsə iş görmək istəyir, ona şərait yaratmaq əvəzinə, ondan pul tələb edirlər. ...belə dəhşətli faktlar aşkarlanır ki, adam vallah heç bilmir nə fikirləşsin".

İcra başçılarının həbsi barədə

Prezident deyib ki, işsizləri işlə təmin etmək üçün açılan ödənişli ictimai iş yerlərinə ayrılan vəsaitlər mənimsənilməyə başlanmışdı:

"Beləliklə, ölkə ərazisində 40 minə yaxın belə ictimai iş yeri var. O mənada ictimai ki, ictimai işlərlə məşğul olur, haradasa təmizlik işləri, bərpa işlərilə. Bəziləri bağban kimi işləyir. Ödənişli, çünki buna görə maaş alır. Bax, bu maaşı da onlar qıymadılar o kasıb adamlara. O kartları götürüb oradan pul çəkib öz ciblərini doldurdular. Buna nə ad vermək olar? Bu, vicdansızlıqdır. İndi yaxşı, xalqdan qorxmursansa, Allahdan qorx".

Erkən parlament seçkisi barədə

İlham Əliyev deyib ki, idarəetmə orqanlarında aparılan islahatlardan sonra yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşmasına ehtiyac vardı:

"Bizdə parlament dörd ay tətildə olur, iyun, iyul, avqust, sentyabr aylarında işləmir. Belə olan halda biz, sadəcə olaraq, seçkiləri 4-5 ay qabağa çəkdik. Bunun da məqsədi odur ki, vaxt itirmək lazım deyil".

O, yeni seçiləcək deputatlardan ictimai nəzarətin təmin edilməsini gözləyir. Prezidentin fikrincə, deputatlar seçildikləri dairədə aktiv olsalar, problemləri yerli və mərkəzi orqanlar qarşısında qaldırsalar, "ictimai nəzarətin bir forması da bu ola bilər".

Fotonun müəllifi Prezident.az
Image caption İlham Əliyev və jurnalistlər, 23 dekabr, 2019-cu il

Avropa İttifaqı ilə saziş barədə

Avropa İttifaqı ilə sazişin bu günə qədər imzalanmamasının səbəbkarı Azərbaycandır, prezident İlham Əliyev deyib.

O, mətbuatda yayılan "Azərbaycanın sazişlə bağlı Avropa İttifaqının hansısa meyarlara cavab verməməməsi" kimi fikirləri əsassız sayıb, deyib ki, bəzi təkliflərə görə Azərbaycan sazişi imzalamır.

Prezident yerli jurnalistlərə müsahibəsində bildirib ki, bunun birinci səbəbi ticarətlə bağlıdır.

"Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil... mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb. Əgər biz indi Dünya Ticarət Təşkilatına üzv olsaq, bizim istehsalçılar, o cümlədən sənaye sektorunda, kənd təsərrüfatı sektorunda böyük problemlərlə üzləşə bilərlər. Hazırda Dünya Ticarət Təşkilatı çərçivəsində də böhran yaşanır… Belə olan halda, əlbəttə ki, bu məsələyə bizim ehtiyatlı yanaşmağımız çox məntiqlidir və əsaslıdır. Ona görə imzalanacaq sazişdə ticarətlə bağlı məsələlər bizi qane etmir və biz qarşı tərəfə öz fikirlərimizi bildirmişik".

Prezident bildirib ki, ikinci səbəb energetika sektorudur. Onun sözlərinə görə, sazişdə təklif olunan məsələlərin biri də enerji daşıyıcılarının qiymətləri ilə bağlıdır.

İlham Əliyev deyir ki, Azərbaycanda təbii qazın daxili qiyməti ilə ixrac qiymətinin bərabərliyi təklif edilir. Amma o bildirir ki, Azərbaycan daxildə qazı ucuz satır və xarici bazara da bu qiymətə satsa, iqtisadiyyat zərər görər.

Avropaya inteqrasiya barədə

İlham Əliyev Azərbaycanın üzv olduğu Avropa təşkilatlarını sadalayaraq bunu elə avrointeqrasiya kimi qiymətləndirib.

Prezident Bakı Dövlət Universitetinin 100 illik yubileyində çıxış edərkən "arvadla kişiyə fərq qoymayan Avropaya inteqrasiya etməyəcəyik" demişdi.

İlham Əliyev vurğulayıb ki, ATƏT, Avropa Şurasının üzvü olmaqla Azərbaycan avrointeqrasiyada bütün mümkün addımları atıb.

Əgər söhbət Avropa İttifaqının üzvü olmaqdan gedirsə, İlham Əliyev hesab edir ki, postsovet respublikaları üçün bu, əlçatmazdır və buna heç ehtiyac da yoxdur.

O bir daha vurğulayıb ki, hətta Avropa İttifaqı Azərbaycana üzvlük təklif etsə belə, bunu qəbul etməz, çünki onun fikrincə, Azərbaycanın öz tarixi, öz mədəniyyəti, öz dəyərləri var.

Bu barədə daha geniş