Erkən parlament seçkiləri: müstəqil gənclər seçki bloku yaratdılar

Video açılmasa, YouTube-da izləyin.

Çərşənbə günü erkən parlament seçkisinə qatılmaq istəyən bir qrup gənc ilk dəfədir ki, öz seçki bloklarını yaradıblar. "Hərəkət" adlanan seçki bloku müxtəlif siyasi görüşlü gəncləri birləşdirir.

Onların arasında feministlər də var.

Özünü son bələdiyyə seçkisində sınamış ictimai fəal Rəbiyyə Məmmədova parlament seçkisində gənclərdən fəallıq gözləyir.

"Həyata real baxırıq, reallıqları qəbul edirik. İndiki vəziyyətdə seçkinin necə keçiiriləcəyini mən iki gün öncə də gördüm. Lakin reallıqları görməyim o demək deyil ki, mən onları qəbul edirəm. Reallıqları görürük və bu reallıqlarla mübarizə aparırıq", - Rəbiyyə Məmmədova deyib.

Bələdiyyə seçkisində apardığı seçki kampaniyası ilə diqqəti çəkmiş video bloqçu Mehman Hüseynov da parlament seçkisində namizəd olmaq istəyir.

"Mən istəyirdim ki, insanlarda maraq oyadam, insanları fəallaşdıram, insanları bu prosesə cəlb edəm. Biz artıq bunu qazandıq, insanlar Facebookda, sosial şəbəkələrdə yazırlar, öz etirazlarını bildirirlər. Biz artıq o kütləni qazanmışıq. İndi rahat şəkildə parlament seçkilərinə gedə bilərik", - Mehman Hüseynov deyib.

İqtisadçı Toğrul Vəliyev hesab edir ki, gənclər seçkilərdə fəal olmasa, bu, onların gələcəyinə mənfi təsir edəcək.

"Biz sol gənclər olaraq fikirləşirik ki, seçkiyə getməliyik və biz öz nümunəmizlə göstərməliyik ki, hələ bu inam var və hələ də bizim qərar vermə prosesinə və dövlətə təsir etmə imkanlarımız var və biz bundan istifadə etməliyik", - Toğrul Vəliyev bildirib.

"Hərəkət" blokunda siyasətçilər, iqtisadçılar, vəkillər, keçmiş siyasi məhbuslar var. Onları birləşdirən dəyərlər Azərbaycanda şəffaf, ədalətli, demokratik seçkilərin keçirilməsi istəyidir.

Image caption Erkən parlament seçkisinə qatılmaq istəyən bir qrup gənc ilk dəfədir ki, öz seçki bloklarını yaradıblar. "Hərəkət" adlanan seçki bloku müxtəlif siyasi görüşlü gəncləri birləşdirir.

Bu barədə daha geniş