YAP-ın deputat siyahısı: “75 namizəd yenidir”

Yeni Azərbaycan Partiyası deputatların siyahısı

Hakim Yeni Azərbaycan Partiyasının açıqladığı deputatlığa namizəd siyahısında geniş ictimaiyyətin tanımadığı şəxslərlə yanaşı illərdir YAP-ı parlamentdə təmsil edən şəxslərin də adı var.

"Hakimiyyətin parlamentdə hansı YAP-çını görmək istədiyi fevralın 10-da bəlli olacaq", Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyir.

Siyasi şərhçi Alya Yaqublu siyahını "Azərbaycanın maraqları baxımından kədərli" hesab edir, əlavə edir ki, islahat aparmaq niyyəti ciddi olan hakimiyyət "yararsızlıq" arqumenti ilə buraxdığı parlamentin onlarla üzvünü yenidən namizəd göstərməzdi.

YAP-çı deputat Aydın Mirzəzadə əvvəlki parlamentdən narazı olmadıqlarını, sadəcə, Milli Məclisin yenilənməsi üçün cəmiyyətə təklif verildiyini, "cəmiyyətin də bunu dəstəklədiyini" deyir. YAP-ın siyahısının birmənalı qarşılanmamasına gəlincə, o, bunun seçki olduğunu, müvafiq dairədə "YAP-ın namizədini bəyənməyənlərin" başqa namizədi seçə biləcəyini vurğulayır.

Siyahıda kim var?

Hakim Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərinə qatılacaq namizədlərinin siyahısını açıqlayıb. Partiya 125 dairədən 123-ü üzrə namizəd irəli sürüb. Onların arasında dekabrda buraxılmış parlamentin üzvləri də var. Məsələn, Hadı Rəcəbli, Məlahət İbrahimqızı, Aqiyə Naxçıvanlı, Eldar İbrahimov, Vasif Talıbov, İsa Həbibbəyli, Cavanşir Paşazadə...

SOCAR prezidenti Rövnəq Abdullayev, parlamentin buraxılması ilə bağlı izahat tələb edən Arif Rəhimzadə, AMEA-nın Tarix İnstitutunun direktoru, yaşı 80-ni haqlamış Yaqub Mahmudov, Milli Məclisin vitse-spikeri olmuş Bahar Muradova, İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyev kimi deputatların adları isə siyahıda yoxdur. Ümumilikdə 2015-ci il parlament seçkiləri zamanı seçilmiş deputatlardan 20-dək YAP-çının adı bu dəfəki siyahıya daxil edilməyib.

"Siyahıda parlaq simalar yoxdur"

"Ölkədə yeniliyin qarşısını alan qüvvələrin aparıcı şəxsləri yenidən namizədliyə təqdim olunub", Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat partiyasının lideri İsa Qəmbər YAP siyahısından danışarkən BBC News Azərbaycancaya deyir.

O, siyahını geniş araşdıracaqlarını söyləsə də, ilk baxışdan yeni namizədlər arasında "parlaq simaların" olmadığını bildirir: "Yenilər var, ancaq cəmiyyətin yaxşı tanımadığı adamlardır. Tanınmış simalar isə Əliyev rejiminin on illərdir davam edən mənfi siyasətinin aparıcı şəxsləridir, dəstəkçiləridir".

İsa Qəmbərin sözlərinə görə, YAP-ın siyahısı göstərdi ki, söhbət islahatlardan yox, "hakimiyyətin imic dəyişikliyindən, ailədaxili hakimiyyət dəyişdirilməsinin yeni mərhələsində uyğun parlament heyəti formalaşdırmaqdan" gedir.

"Yəni son vaxtlar vəzifədən uzaqlaşdırılan bəzi aparıcı şəxslərin himayəsində, oliqarx nazirlərin nəzarətində olan deputatları yeniləri ilə dəyişməyə çalışırlar", İsa Qəmbər əlavə edir.

Mehman Əliyev: "Köhnə"lərlə gənclər arasında ciddi mübarizə gedir"

"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev siyahının günlərdir yubanmasının səbəbini partiyadaxili mübahisələrlə əlaqələndirir: "Məndə olan məlumata görə, gənc YAP-çılar da namizədliklərini veriblər, hətta bəzi dairələrdən bir neçə YAP namizədi var. "Köhnə"lərlə gənclər arasında ciddi mübarizə gedir. Onlardan bəzisi namizədliyini geri götürüb, bəziləri isə yox. Onlar seçkilərə getməkdə iddialıdırlar".

Mehman Əliyevin sözlərinə görə, baş verənlər hakim partiya daxilində yekdil fikir olmadığını, daxili savaş getdiyini göstərir. Buna görə də son anda sürprizlərin olacağını, parlamentin tərkibinin "bu formada olmayacağını" güman edir.

O, siyahıda "köhnə YAP-çıların" adı olsa da, onların Milli Məclisə düşüb-düşməyəcəyinin fevralın 10-da bəlli olacağını qeyd edir: "Məncə, "köhnələr" etiraz etməyəcəklər. Onların bəzi problemləri var. Parlamentin buraxılması ərəfəsində bəzi qalmaqallı faktlar üzə çıxdı. Ona görə də bəziləri yola salınacaq. Bu, idarəolunan prosesdir".

Mehman Əliyev bir məqama da diqqət çəkir. O, çox sayda müstəqil namizədin seçkilərə qatıldığını, ancaq indilik "onlara əngəl yaradılmadığını, bəhanələr gətirilmədiyini" deyir. "Bələdiyyə seçkisi planlaşdırılmış qaydada keçdiyi kimi parlament seçkisi də o cür keçəcək".

Parlamentin buraxılması hakim partiyanın təşəbbüsü idi. Prezidentin islahat siyasətinə dəstək məqsədi daşıdığı bəyan edilmişdi. "Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi prosesindən kənarda qalmamalı, onun qanunvericilik orqanını da əhatə etməsi məqsədilə dövlətçilik nümunəsi göstərməlidir", parlamentin buraxılması ilə bağlı İlham Əliyevə müraciətdə deyilirdi.

"Kədərli siyahı"

Siyasi şərhçi Alya Yaqublunun fikrincə, bu, "Azərbaycanın maraqları baxımından kədərli siyahıdır". "123 namizəddən 47 nəfər köhnə tərkibdəndir, buraxılmış parlamentdəki YAP nümayəndələridir. Bu da həmin siyahının təxminən 40 faizidir".

Alya Yaqublu hesab edir ki, islahat aparmaq niyyəti ciddi olan hakimiyyət "yararsızlıq" arqumenti ilə buraxdığı parlamentin onlarla üzvünü yenidən namizəd göstərməzdi. Siyasi şərhçi üstəlik adları siyahıda olan bəzi deputatların ictimai qınağa tuş gəldiyini də vurğulayır: "26 ildir eyni odioz fiqurlara mandat vermək siyasətindən əl çəkmirlər. Bu adamların Azərbaycanın, hüquqlarını təmsil etdikləri vətəndaşların maraqlarını təmin etmək üçün indiyədək bir müsbət çıxışı, qanunvericilik təşəbbüsü olmayıb".

Alya Yaqublu YAP siyahısında qadınların cəmi 19 faiz təşkil etməsini də "kədərli hal" sayır. O, 26 il hakimiyyətdə olan partiyanın cəmi 24 qadın namizəd irəli sürə bildiyini, onlardan da yalnız 3-4 nəfərin parlamentdə tutduqları vəzifələrə və ya "odioz çıxışlara" görə tanındıqlarını qeyd edir.

Aydın Mirzəzadə: "Biz parlamentdən narazı deyildik"

YAP-çı deputat Aydın Mirzəzadə deyilənlərin çoxu ilə razılaşmır.

"Yeni Azərbaycan Partiyasının irəli sürdüyü 123 nəfərdən 75 nəfəri yeni namizəddir" söyləyən hakim partiya təmsilçisi sual edir: "Nə vaxtdan 75 nəfər azlıq təşkil edir? 75 nəfər bizim ən istedadlı, partiyada tanıdığımız, parlamentdə görmək istədiyimiz gənclərdir".

Deputat həmin 75 nəfərin əsasən gənclər olduğunu söyləyir: "Bir hissəsi tanınır, bir hissəsi seçiləndən sonra tanınacaq. Orda 20-30 gənc var ki, onların siyahıya düşməsinə sevindim. Onlar seçiləndən sonra parlamentin aparıcı üzvləri olacaq. Mənə bir ölkə göstərin ki, orda parlamentin üzvləri 100 faiz kökündən dəyişir? Gəncləşmə olacaq, ancaq köhnə tərkibdən də kimsə qalacaq".

Aydın Mirzəzadə "islahatlara mane olan" parlamentin buraxılmasından sonra köhnə deputatlardan onlarla şəxsin namizəd kimi irəli sürülməsinə də münasibətini açıqlayır. O, "biz parlamentdən narazı deyildik" deyir və əlavə edir ki, Milli Məclisin yenilənməsi üçün cəmiyyətə təklif verilib, "cəmiyyət də bunu dəstəkləyib".

Deputat cəmiyyətin bir hissəsində yanlış təsəvvürlərin formalaşdığını düşünür: "Hesab edirlər ki, parlamentin necə olacağını onlar müəyyən edəcək. İddialar səsləndirirlər: "Filankəs niyə irəli sürüldü?" Bu, təyinat deyil, seçkidir. Əziz bizimlə razılaşmayanlar, dairənizdə YAP-dan verilən namizədi bəyənmirsinizsə, seçə biləcəyiniz digər namizədlər var. ncaq YAP-a kimin seçilməsi ilə bağlı diktə etməsi... Sovet dövründə belə, bu cür totalitar baxışlar olmamışdı".

Aydın Mirzəzadə siyahıda gender balansının pozulması iradını isə qəbul edir və deyir ki, qadınların sayı daha çox olmalıydı.

2020-ci il fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.