2019: Azərbaycanda baş verən 10 önəmli hadisə

2019: Azərbaycanda baş verən 10 önəmli hadisə Fotonun müəllifi BBC/President.az/Azvision

2019-cı il Azərbaycan üçün bir çox hadisələrlə yadda qaldı. Hakimiyyət bir sıra islahatlara getdi, parlament buraxıldı, şəhərin mərkəzində etiraz nümayişləri keçirildi və s. BBC News Azərbaycanca bu ilin 10 önəmli hadisəsini təqdim edir.

Fotonun müəllifi Prezident.az
Image caption İlham Əliyev Ramiz Mehdiyevə "Heydər Əliyev" ordenini təqdim edir, 23 oktyabr 2019-cu il

İlham Əliyevin islahatları

Prezident İlham Əliyev 2019-cu ildə bir sıra islahatlar həyata keçirib. Bir sıra nazirliklərin rəhbərləri dəyişdirilib, bəzi dövlət qurumları ləğv olunub və ya birləşdirilib.

O, yeni təyin etdiyi icra başçılarından xalqla ünsiyyətdə olmağı istəyib və deyib ki, onların işi "kabinet işi olmamalıdır".

İlham Əliyev bu il ictimaiyyət arasında tez-tez görünməyə və daha səmimi şəkillər çəkdirməyə başlayıb.

Oktyabrın 23-də 24 il Prezident Adminstrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyev vəzifəsindən azad edilib. 81 yaşlı Ramiz Mehdiyev hazırda Milli Elmlər Akademiyasına rəhbərlik edir.

İlham Əliyev yaşı 70-i keçmiş məmurları istefaya çağırıb və bundan sonra bir sıra istefalar baş verib.

Noyabr ayında isə parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası (YAP) üzvləri parlamentin buraxılması üçün təşəbbüs irəli sürüb. Parlament növbədənkənar iclasa toplaşaraq YAP-ın təklifini müzakirə edib və onu dəstəkləyib. Daha sonra Prezident İlham Əliyev Milli Məclisin buraxılması haqqında sərəncam imzalayıb.

Növbədənkənar parlament seçkiləri isə fevralın 9-na təyin edilib.

Fotonun müəllifi DTX
Image caption Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin öz kabinetində saxlanma anları, 19 dekabr 2019-cu il

İcra başçısının həbsi

2019-cu il dekabrın 19-da Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, onun müavini Ramiz Tatarov və Yevlaxın keçmiş icra başçısı saxlanıldı.

Ölkədə ilk dəfə idi ki, icra başçısı öz kabinetində saxlanılırdı. Əməliyyatı Dövlət Təhlükəsizlik Xidməti həyata keçirib.

Əməliyyatı Dövlət Təhlükəsizlik Xidməti həyata keçirib və hadisənin kadrlarını ictimaiyyətlə bölüşüb.

Saxlanan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov vəzifə səlahiyyətlərindən sui-istifadədə, dövlət vəsaitini mənimsəməkdə, külli miqdarda rüşvət almaqda şübhəli bilinirlər.

Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb, DTX açıqlayıb.

Qurum iddia edir ki, Yevlax rayonunun keçmiş icra başçısı Qoca Səmədov üst-üstə 1 milyon manata qədər vəsaiti mənimsəməkdə şübhəli bilinir.

DTX iddia edir ki, Qoca Səmədov işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əməkhaqlarını "ələ keçirib".

Nizaməddin Quliyev, onun müavini Ramiz Tatarovun və Qoca Səmədovun bu ittihamlara münasibəti bəlli deyil.

Daha sonra prezident İlham Əliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevi vəzifəsindən azad edib.

Image caption Polis mitinq iştirakçısını saxlayıb, 19 oktyabr 2019-cu il

Şəhərin mərkəzində piket və aksiyaların keçirilməsi

Bu il uzun müddətdən sonra ilk dəfə oktyabrın 8-də şəhərin mərkəzində icazəli piket keçirilməsinə icazə verildi. Piketi Milli Şura keçirdi və sərbəst toplaşmaq azadlığının təmin olunmasını tələb etdi.

Piket BŞİH-in inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin arasında yerləşən ərazidə keçirilib. Qanunla piketə 50 nəfər qatılmalı olsa da, daha çox vətəndaş piketdə iştirak etmək istəyib, saxlananlar olub.

Oktyabrın 19-da Demokratik Qüvvələrin Milli Şurası 28 may metrosunun ətrafında razılaşdırılmamış aksiya keçirdi.

Bakı Şəhər İcra Hakimiyyəti bu mitinqi mərkəzdən təxminən 17 km uzaqlıqdakı Lökbatan qəsəbəsində keçirməyi təklif etsə də, Milli Şura bununla razılaşmamışdı. Milli Şura aksiyanın dinc olacağını bildirmişdi.

Polis qüvvələri razılaşdırılmamış aksiyaya görə Bakının mərkəzində bir neçə saat yolları bağladı, bəzi metro stansiyalarının fəaliyyəti dayandırıldı, internet kəsildi, onlarla adam saxlandı.

Paytaxt polisinin açıqlamasına görə, "qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanıb".

AXCP sədri Əli Kərimli aksiya zamanı saxlandıqdan sonra "polis zorakılığına məruz qaldığını" bildirib.

Polisin mitinqdə iştirakçılarla zorakı davranması ilə bağlı görüntülər yayılıb.

Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Səhlab Bağırov BBC News Azərbaycancaya saxlananlara qarşı polis zorakılığı baş verməsi iddialarını təkzib edib.

Noyabrın 12-də isə Müsavat Partiyasının üzvləri Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında icazəsiz piket keçirməyə cəhd göstərdi.

Piketçilərin tələbi "sərbəst toplaşmaq azadlığının təmin olunması"ydı. İcra Hakimiyyəti piketin keçirilməsinə icazə verməmişdi. Piketin qarşısı alındı, saxlananlar oldu.

Image caption Qiyasəddin İbrahimov, keçmiş səhiyyə naziri Əli İnsanov, AXCP sədrinin müavini Gözəl Bayramlı, ictimai fəal İlkin Rüstəmzadə

Siyasi motivlə həbs oldunduğu deyilən bir neçə şəxsin əfv edilməsi

Martın 16-da prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə "siyasi məhbus" kimi tanınan bir neçə şəxs azadlığa çıxıb.

Əfv sərəncamı ilə keçmiş səhiyyə naziri Əli İnsanov, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı, "heykəl məhbusları" kimi tanınan Qiyasəddin İbrahimov və Bayram Məmmədov, 2014-cü ildə keçirilmiş "Əsgər ölümlərinə son" aksiyasının təşkilatçılarından biri olmuş İlkin Rüstəmzadə azadlığa çıxıb.

Bundan başqa keçmiş prokurorluq işçisi Rüfət Səfərov, AXCP üzvü Murad Ədilov, ictimai fəal Elgiz Qəhrəman da əfv siyahısına düşüb.

Ömürlük həbs cəzası almış 3 məhbusun cəzası dəyişdirilərək onların həbs müddəti 20-25 ilə kimi endirilib. Əfv sərəncamı 400-dən çox məhbusa şamil edilib.

Bu il əfv fərmanından başqa da bir sıra siyasi motivlə həbs olunduğu iddia edilən digər şəxslər də ya azad edilib, ya da onların həbs müddəti bitdiyi üçün azadlığa çıxıblar.

Bloqçu Mehman Hüseynov, jurnalist Seymur Həzi, AXCP sədrinin müşaviri Məmməd İbrahim də onlardandır.

Azərbaycan hökuməti ölkədə "siyasi məhbusların" olmadığını və Azərbaycanda heç bir vətəndaşın siyasi fəaliyyətinə görə təqib olunmadığını bildirir.

Image caption Gənclər Elina Hacıyevanın intihar etdiyi məktəbin önünə çiçək və oyuncaqlar qoyur, 13 aprel 2019-cu il

Elina Hacıyevanın intiharı

Aprelin 4-də 14 yaşlı Elina Hacıyeva özünü təhsil aldığı məktəbin pəncərəsindən ataraq intihar etdi. Yaxınları onun məktəbdə mənəvi və fiziki təzyiqlərə məruz qaldığını bildirib.

Elina Hacıyeva xəstəxanaya aparılsa da, aldığı çoxsaylı zədələrə görə iki gün sonra xəstəxanada vəfat edib.

Bu hadisə Azərbaycanda şok effekti yaratdı və bullinq yəni qısnama mövzusu ətrafında müzakirələri qızışdırdı.

Baş Prokurorluq hadisə ilə bağlı Cinayət Məcəlləsinin "özünü intihar həddinə çatdırma" maddəsi üzrə cinayət işi açıb. Onun ölümü ilə bağlı açılmış cinayət işinin istintaqında yalnız məktəbin keçmiş direktoru Sevinc Abbasova təqsirli bilinib.

Oktyabrın 24-də Səbail rayon məhkəməsi məktəb direktoruna 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası verib. Hökmə görə, məktəb direktoru Sevinc Abbasova həm də Elina Hacıyevanın anasına 8 min 500 manat maddi və 10 min manat mənəvi ziyana görə təzminat ödəməlidir.

Valideynlər və ictimai fəallar bu qərarla qətiyyən razı deyil. Qərardan Apellyasiya şikayəti verilsə də, o da birinci instansiyanın qərarını qüvvədə saxlayıb.

Image caption Qadın hüquqlarının müdafiəçiləri şəhərin mərkəzində keçirilən "Dözmə yürüş et" adlı yürüşdə, 20 oktyabr 2019-cu il

Qadınların etirazları

Bu il həm də Azərbaycanda qadın haqları müdafiəçilərinin və feministlərin daha da fəallaşması ilə yadda qalır.

Martın 8-də Bakıda "8 MARŞ Zorakılığa qarşı get" adlı aksiya keçirilib.

Polis aksiyanın keçirilməsinə mane olub, aksiya iştirakçılarının şüarları əllərindən alınıb və onların yürüş keçirməsinə icazə verilməyib.

İl boyu qadınlara qarşı cinzi qısnama və zorakılıq halları geniş müzakirələr doğurub.

İctimai fəal Selcan Yağmur atası AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının ailə üzvlərinə şiddət göstərməsi ilə bağlı sosial şəbəkədə post paylaşıb.

Selcan Yağmur "atasının onlara pis davranmasını əsas gətirərək ondan imtina etdiyini" bildirib. Bu açıqlamalar Azərbaycan cəmiyyətini silkələyib.

Atası Fuad Qəhrəmanlı isə bildirib ki, ailəsində anlaşılmazlıqlar üzündən gərginlik olub, amma sonradan ailə bu mərhələni adlayıb.

Bundan sonra Fuad Qəhrəmanlı vəzifəsindən istefa verib.

Oktyabrın 20-də Bakının mərkəzində bir qrup ictimai fəal "Dözmə, yürüş et" adlı yürüş keçirdi.

Yürüşdə "Qadına şiddətə yox!", "Qadın qətlləri siyasidir", "Elinaya susma!", "Erkən nikahlara yox!", "Ailə məsələsi deyil" şüarları səsləndirilib.

Polis ilk öncə yürüşü dağıtmağa çalışıb və aksiya iştirakçılarının əllərindən şüarları dartıb alıb. Bir müddət sonra isə ara küçələrin birində yürüş iştirakçılarının bəyanat oxunmasına imkan verilib.

Yürüş iştirakçılarının əsas tələblərindən biri bu olub ki, Azərbaycan qadın hüquqlarının müdafiəsini dəstəkləyən İstanbul konvensiyasını imzalasın.

Bu hadisədən sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bəyanat yayıb ki, İstanbul Konvensiyasının imzalanması ilə bağlı təkliflər paketi hökumətə təqdim olunub.

Fotonun müəllifi BBC/Rüfət Əliyev
Image caption Azərbaycanda 23 dekabrda keçirilən bələdiyyə seçkilərində iştirak edən gənc namizədlər - Mehman Hüseynov, Rəbiyyə Məmmədova, Ayxan Mehdizadə, Vəfa Nağı, Rüfət Əliyev

Bələdiyyə seçkilərində gənclərin iştirakı

Dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkisi keçirilib. Bu seçkilərin digərlərindən fərqi var idi.

Azərbaycanda bələdiyyə seçkilərinə maraq parlament və prezident seçkilərdən daha az olsa da, bu dəfəki seçkilərdə sonuncu - 2014-cü ilin bələdiyyə seçkilərindən 4600-dən çox namizəd qeydə alınıb. Namizədlərin ümumi sayı 42 minə yaxın idi.

Azərbaycanda bələdiyyənin qanunla səlahiyyəti geniş olmadığı üçün insanlarınsa bu qurumdan gözləntiləri böyük deyil.

Bəlkə də uzun illərdən sonra ilk dəfə ölkədə bələdiyyə seçkiləri geniş müzakirə olundu, sosial mediada bu mövzuda onlarla paylaşımlar edildi.

Seçkidə video bloqçu Mehman Hüseynov, ictimai fəal Rəbiyyə Məmmədova, xaricdə təhsil alıb ölkəyə qayıtmış Vəfa Nağı, REAL üzvü Ayxan Mehdizadə, müstəqil namizəd Rüfət Əliyev və başqaları iştirak edib.

İlkin nəticələrə görə, Vəfa Nağı Neftçalada, Rüfət Əliyev isə Astarada bələdiyyəyə üzv seçilib.

Bakının Qaraçuxur bələdiyyəsinə namizədliyini vermiş məşhur videobloqçu Mehman Hüseynovun adı qəsəbə üzrə lider namizədlərin sırasında yoxdur, amma o və müşahidəçiləri Mehman Hüseynovun kifayət qədər səs topladığını iddia ediblər.

Bəzi ictimai fəalların iddiasına görə, ayrı-ayrı seçki məntəqələrində seçki saxtalaşdırılıb. Sosial mediada qanun pozuntularının əks olunduğu video görüntülər yayılıb.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, "bütün bələdiyyələrdə seçki baş tutub" deyib. O, qanun pozuntuları ilə bağlı bildirib ki, belə hallar araşdırılacaq və "qanuni ölçü" götürüləcək.

Fotonun müəllifi RİCHARDMİLLE.COM
Image caption Azərbaycanlı turistdən oğurlanan saat - Richard Mille 50-03 McLaren F1

Məmur övladlarının xərclədiyi milyonlar

Yay aylarında xarici media 22 yaşlı bir azərbaycanlı turistin 1 milyon dollardan artıq dəyəri olan saatının oğurlanması barədə məlumat paylaşıb.

Hadisə iyunun 19-da İspaniyanın İbiza adasında baş verib. Daily Mail nəşri yazıb ki, oğurlanan Richard Mille 50-03 McLaren F1 saatının dünyada cəmi 75 ədədi mövcuddur.

Əvvəlcə saatın sahibinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun oğlu, 22 yaşlı Sübhan Məmmədli olduğu iddia edilib.

Ancaq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidməti bu iddiaları təkzib edib.

Daha sonra saatı oğurlanan şəxsin Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev olduğu barədə məlumatlar yayıldı.

Rəşad Abdullayev və ARDNŞ BBC News Azərbaycancanın bu barədə müraciətlərinə cavab verməyib.

Eyni mövsümdə azərbaycanlı turistlərin xərclədiyi milyonlar bir daha xarici medianın gündəminə düşüb.

İyul ayında Yunanıstanın Mikonos adasında 12 gənc 19 günə 2 milyondan çox avro xərcləyib. Yunanıstanın Skai TV-nin reportajında deyilib ki, qrupun üzvləri 65 min avronu - ən yüksək məbləğli hesabı dörd saat ərzində çimərlik barında xərcləyiblər.

Televiziyanın məlumatına görə, qrup üzvləri Azərbaycandan olan neft-qaz sahəsində çalışan ailələrin uşaqları olub. Ancaq bu məlumatın dəqiqliyini araşdırmaq mümkün olmayıb.

Bazarlarda yanğın

Bu il Azərbaycanda 3 bazarda yanğın baş verdi. Bununla da son 6 ildə Azərbaycanda yanan bazarların sayı 11 oldu.

Martın 26-da Bakının Nizami rayonunda yerləşən Diqlas ticarət mərkəzində yanğın baş verib. Təxminən 1000 kv metr ərazidə yerləşən 4 mərtəbəli Diqlas ticarət mərkəzində yüzlərlə mağaza olub.

Bu yanğında zərərçəkən sahibkarlar mallarının sığortalanmadığını bildirib.

Martın 29-da Prezident İlham Əliyev yanğından zərər çəkmiş sahibkarlara prezidentin Ehtiyat Fondundan ilkin olaraq üç milyon manat ayrılması haqda sərəncam imzalayıb.

Dekabrın 10-da Bakının Binəqədi rayonundakı "EuroHome"da baş vermiş yanğın nəticəsində 100-dən çox mağaza yanıb, 15 nəfər xəsarət alıb.

Yanğının səbəbləri barədə məlumat verilmir. Bəzi sahibkarlar iddia ediblər ki, "yanğın qəsdən törədilib". Bazar rəhbərliyi bu iddiaları təkzib edib.

Dekabrın 14-də Bakının Nəsimi rayonunda yerləşən "3-cü mikrorayon bazarı" kimi tanınan ərazidə yanğın baş verib, ölən və ya xəsarət alan olmayıb.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, bazarda 280 kv.m sahədə kafe və satış piştaxtaları, 2 ədəd "QAZEL" markalı yük avtomobili və bazara bitişik 50 kv.m sahəsi olan avtomobil təmiri sexi yanıb.

Fotonun müəllifi Getty Images
Image caption UEFA Avropa liqasının finalının qalibi Chelsea futbol komandası qələbəni qeyd edir, 29 may 2019-cu il

Avropa liqasının finalı Bakıda

Bu ilin ən yadda qalan hadisələrindən biri də UEFA Avropa liqasının finalının Bakıda keçirilməsi oldu.

Mayın 29-da İngiltərənin Chelsea və Arsenal klubları UEFA Avropa Liqasının finalında qarşılaşıb.

Bakının mərkəzi yerlərində futbol və çempionatda qarşılaşacaq Arsenal və Chelsea-nin simvolları quraşdırıldı. Qış parkı Arsenal-ın azarkeşləri, Sahil bağı isə Chelsea azarkeşləri üçün ayrıldı.

Oyun ərəfəsində ən çox müzakirə edilən məsələlərdən biri Arsenal futbol klubunun yarım-müdafiəçisi Henrix Mxitaryanın təhlükəsizlik məsələləri səbəbindən Bakıya gəlməmək qərarı oldu. Azərbaycan tərəfi təhlükəsizliklə bağlı problemin olmayacağına təminat verdiyini açıqlasa da, futib. futbolçu gəlməkdən imtina etdi.

Oyunda isə Chelsea komandası 4:1 hesabı ilə qalib gəldi.

Bu barədə daha geniş