Tovuzdan müxbirimizin videoreportajı: 10 yaşlı Nərminin ölümündən sonra kənd nələr yaşayır?

Video açılmırsa YouTube-dan izləyin.

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın cəsədinin tapılmasından təxminən bir həftə keçir.

BBC News Azərbaycancaya danışan kənd sakinlərindən bəziləri azyaşlının itkin düşməsindən sonra "evlərin hamısının yaxşı axtarılmadıqlarını" iddia ediblər.

İstintaq orqanları yaydıqları birgə bəyanatda kənd və ətraf ərazilərin axtarıldığını, hətta axtarışa itlərin də cəlb edildiyini bəyan edib.

Söhbət qızın ölümündə ittiham olunan İlkin Süleymanov adlı 47 yaşlı kənd sakininin yaşadığı evdən gedir.

Noyabrın 21-də itkin düşmüş qızın yanan cəsədi yanvarın 6-da kəndin küçələrindən birində yanarkən tapılıb.

Yanan cəsəd barədə polisə xəbər vermiş İlkin Süleymanov qızın ölümündə günahkar bilinərək 2 aylıq həbs edilib.

Baş prokurorluq bəyan edib ki, İlkin Süleymanov "törətdiyi əməli tam etiraf edib".

İlkin Süleymanovun bacısı İlhamə Süleymanova deyib ki, qardaşı cinayəti "işgəncə altında" etiraf edib.

Baş Prokurorluq işgəncə iddiaları barədə deyib ki, "heç bir işgəncədən söhbət gedə bilməz".

45 gün ərzində istintaqın heç kimi saxlamadığını deyən İlkin Süleymanovun bacısı qeyd edir ki, prezidentin bu işi nəzarətə götürdüyü bəlli olandan sonra onun qardaşı tutulub.

O iddia edir ki, qardaşı saxlanmazdan əvvəl gecə evlərinə naməlum şəxslər girib və otaqda nələrsə ediblər.

O, qardaşının "psixoloji probleminin olmadığını" deyir.

Baş prokurorluq və Daxili İşlər Nazirliyi səsləndirilən ittihamlara hələlik cavab verməyib.

Nərmin Quliyevanın atası Şərif Quliyev BBC News Azərbaycancaya polisin fəaliyyətindən razılığını ifadə edib.

Kəndin sakini Yunis Abdiyev deyib ki, polis öz işini görüb, günahkar şəxs tapılıb.

Kənd orta məktəbinin direktoru Mətanət Vəliyeva deyir ki, uşaqlarla profilaktik söhbət tək indi yox, həmişə aparılıb.

Kənd sakinlərinin əksəriyyəti bu hadisənin təsirindən çıxa bilmədiklərini deyiblər.

Rəsmi qurumlar bildirib ki, azyaşlının qətli ilə bağlı istintaq davam edir.

Image caption İlkin Süleymanovun bacısı İlhamə Süleymanova iddia edib ki, qardaşı cinayəti "işgəncə altında" etiraf edib.

Bu barədə daha geniş