Seçki nəticələrinə etiraz edənlərdən biri - Ərzulla Buludlu: "Kəskin ağrılarım var"

Video açılmırsa, YouTube-da izləyin.

Bakıda çərşənbə axşamı günü təcili yardımla xəstəxanaya aparılmış və sonradan evinə göndərilmiş 9 ferval parlament seçkisinin nəticələrinə etiaz edən Ərzulla Buludlu ağrıları olduğunu və bu gün təkrar həkim müayinəsinə gedəcəyini bildirib.

Fevralın 11-də axşam saatlarında bir qrup keçmiş namizəd və onların tərəfdarlarının Mərkəzi Seçki Komissiyasının qarşısında oturaq keçirmək istədiyi etiraz aksiyasını polis dağıtmışdı.

Ərzulla Buludlu BBC News Azərbaycancaya bildirib ki, "qarnında ağrılar var. Dünən polislər həkimlərə imkan vermədilər ki, məni xəstəxanada saxlasınlar. İndi ağrıkəsici vurmuşam. Bu gün həkimə gedəcəm".

O, MSK-nın qarşısında etiraz zamanı polis tərəfindən zorakılığa məruz qaldığını bildirib: "Təxminən bir ildir ki, əməliyyat olunduğum qarın nahiyyəsinə polis təpik vurdu, indi həmin nahiyyədə kəskin ağrılar var".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov BBC News Azərbaycancaya bildirib ki, Ərzulla Buludlu heç bir xəsarət almayıb, ona görə də həkimlər onun xəstəxanada qalmasına ehtiyac görməyiblər.

Ehsan Zahidov onu da deyib ki, "qanunsuz aksiya" keçirmək istəyənlərdən yalnız bir nəfər saxlanmışdı, amma onun şəxsiyyəti və hazırda sərbəst buraxılıb-buraxılmaması barədə məlumatı yoxdur.

Fotonun müəllifi Aynur Elgünəş
Image caption Avtobusdan görüntü Facebook-da paylaşılıb.

Dünən gecə polis aksiyanı dağıdarkən etiraz edən bir qrup şəxsi avtobusa mindirib və onları Bayıl qəsəbəsi yaxınlığında sərbəst buraxıb.

Saxlanarkən xəsarət aldığı və vəziyyətinin ağır olduğu deyilən etirazçı, Müsavat partiyasının üzvü Ərzulla Buludlu 1 saylı Kliniki Tibbi Mərkəzə təcili tibbi yardımla aparılıb.

Etirazçıların sözlərinə görə, buna qədər onun üçün təcili tibbi yardım çağrılması ilə bağlı dəfələrlə xahiş edilib. Onun qabırğasının sındığı deyilir.

O hazırda evə buraxılıb, 1 saylı Kliniki Tibbi Mərkəzin qarşısında olan müxbirimiz bildirib.

Polis bu gün təxminən axşam saat 8 radələrində MSK binası önünə toplanmış etirazçıları saxlayaraq avtobusa mindirib.

Bir neçə jurnalistin də saxlanarkən təzyiqə məruz qaldığı deyilir.

Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov BBC News Azərbaycancaya deyib ki, bir qrup şəxs razılaşdırılmamış aksiya keçirməyə cəhd edib və ictimayi asayişi pozub.

Video açılmırsa, YouTube-dan izləyin.

Avtobusda kimlər var?

Jurnalist Aynur Elgünəş avtobusdan açdığı canlı yayımında döyüldüyünü deyib.

"Hazırda polislər bizi avtobusa yığıb aparır, amma hara aparır bilmirik. Polisdirlər, mülki geyimlidirlər, idmançıdırlar, bilmirəm, amma avtobusa yığıb aparırlar", etiraz aksiyada iştirak edən Vəfa Nağı avtobusdan açdığı canlı yayımında deyib.

Vəfa Nağının sözlərinə görə, avtobusda etirazçılarla birgə polislər də var. Görüntülərdə Vəfa Nağıdan bir neçə dəfə canlı yayımın dayandırılması istənilir.

Daxili İşlər Nazirliyi: "Narahatlığa heç bir əsas yoxdur"

"Ərazidəki polis əməkdaşları onlara dəfələrlə xəbərdarlıq etsə də, polisin qanuni tələblərinə məhəl qoymayıblar. Qanunsuz aksiyanın qarşısı alınıb", - DİN-in sözçüsü Ehsan Zahidov deyib.

O, neçə nəfərin saxlanması barədə onda məlumatın olmadığını desə də, "narahatlığa heç bir əsas yoxdur" deyə qeyd edib.

O, polislərin etirazçılara və jurnalistlərə zor tətbiq edilməsi iddialarını təkzib edib.

Etirazçıların tələbi nədir?

9 fevral parlament seçkisinin bəzi keçmiş namizədləri və fəalları "seçki nəticələrinin ləğv olunmasını" tələb ediblər.

"Tələbimiz də budur ki, ölkə üzrə 125 dairənin 125-də də nəticələr ləğv olunmalıdır", 10 saylı Binəqədi 3-cü seçki dairəsindən müstəqil namizəd Rəbiyyə Məmmədova BBC News Azərbaycancaya bildirib.

"Ölkə üzrə total saxlaşdırılma, parlament seçisində saxtakarlığa görə etiraz aksiyası keçiririk. Oturaq aksiyaya keçmişik. 125 dairənin 125-də də biabırçılıqlar olub və bunlar sosial mediada neçə gündür dolaşır. MSK-nın sədri Məzahir Pənahov açıqlama verib ki, çox şəffaf seçki keçirilib, buna etiraz olaraq gəlmişik", o əlavə edib.

Eyni dairədən namizəd, Müsavat partiyasının rəsmisi Gülağa Aslanlı deyib: "Müsavat partiyası gənclərin bu cəsarətli addımını dəstəkləyir. Xalq artıq etiraz səsini qaldırıb. Bu proses ölkə boyu bölgələrdə də yeni parlament seçkiləri keçirilənədək davam edəcək".

22 saylı ikinci Nəsimi seçki dairəsindən namizəd olan Turqut Qəmbər MSK binası qarşısında jurnalistlərə deyib: "Seçkilərin nəticələri ləğv olunmalı, təzə seçki keçirilməli, yeni seçki qanunu qəbul olunmalıdır. Seçkilər total saxtakarlıq şəraitində keçib. Bu spontan başlamış aksiyaya, o cümlədən namizədlərin də qoşulması çox təqdirəlayiqdir."

"Etiraz etmək bizim haqqımızdır, çünki iki gün əvvəl keçirilmiş seçkilər zamanı Azərbaycan xalqının hüquqları pozulub - həm namizədlərin, həm də seçicilərin. Bura, bu aksiyaya dəstək verməyə namizədlər, müşahidəçilər könülllülər gəlib", 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyini irəli sürən Azər Qasımlı deyib.

Aksiya necə başlayıb?

Hadisə yerində olan müxbirimiz deyir ki, aksiya günorta saatlarından başlayıb və getdikcə keçmiş namizədlər və fəalların gəlməsilə etirazçıların sayı artıb.

Image caption MSK nümayəndəsi bütün təqdim olunan materialların 20 gün ərzində araşdırılacağını deyib.

MSK-nın nümayəndəsi oturaq aksiyaçıları söhbətə çağırıb, etirazçılar təklifi rədd ediblər.

MSK nümayəndəsi bütün təqdim olunan materialların 20 gün ərzində araşdırılacağını deyib.

Sonradan hadisə yerinə gələn və özünü 5 saylı polis məntəqəsinin rəisi kimi təqdim edən şəxs etirazçıları dağılmağa çağırıb və onlara bu aksiyanın icra orqanları ilə razılaşdırılmadığını deyib.

Fevralın 9-da Azərbaycanda erkən parlament seçkisi keçirilib.

MSK sədri Məzahir Pənahov seçkinin "uğurlu" keçdiyini bildirib və ölkə üzrə ümumi seçki fəallığının 47,81 faiz olduğunu deyib.

Bu barədə daha geniş