16 yaşlı Fatimənin ölümündə günahkar həm də qanundakı boşluqlardırmı?

Xoşçobanlı kəndi

Masallının Xoşçobanlı kəndində 16 yaşlı Fatimə Qəmbərovanın toyundan iki həftə sonra öldürülməsi xəbərindən sonra kəndin sakinləri sarsıntı içərisindədir.

Fatimənin doğma Həsənli kəndində də hamı bu hadisədən danışır.

Kənd cəmi 3 həftə əvvəl kənddə Fatimənin toyuna yığışmışdı, ötən həftə isə o artıq dəfn olundu.

Kimdən soruşsan, Fatiməni sakit, tərbiyəli bir qız kimi təsvir edir.

Söhbətləşdiyimiz bir kənd sakini Fatimənin adını eşidəndə kövrəlir. Əlini sinəsinə vuraraq "ürəyim ağrıyır" deyir.

"Niyə yeniyetmə bir qız, həyata təzə addım atan bir qız bu günə qalmalıdır, məhv olmalıdır", başqa biri də heyfslənir.

Kənddə bir səssizlik var, söhbətləşdiyimiz adamlar hüznlüdür. Fatimənin qohumu deyir ki, bütün Həsənlidə matəmdir.

Fatimə nənəsi və babasının himayəsində böyüyüb. Babası xəbəri eşidəndəndən bəri özünə gələ bilmir. Danışanda da yavaş-yavaş danışır, fikirlərini toplamaq ona çətindir.

Baş Prokurorluq bildirib ki, Fatimənin ölümünə səbəb boyun üzvlərinin sıxılması nəticəsində yaranmış tənəffüs çatışmazlığı olub.

Fatimənin ölümündə evləndiyi 2001-ci il təvəllüdlü İman Məmmədov şübhəli bilinir. Baş Prokurorluğa görə, o cinayət əməlini etiraf edib. İman Məmmədovun ailəsi isə bu ittihamları rədd edir.

İndi həm Fatimənin doğulduğu Həsənli kəndində, həm də gəlin köçdüyü Xoşçobanlı kəndində çoxları bu hadisəni faciə hesab edir.

Amma bu hadisə ilə yanaşı başqa bir faciə də var ki, bu, Fatimənin 16 yaşında evləndirilməsidir.

Masallı Azərbaycanın cənubunda yerləşi və cənub bölgələrinin adı hər zaman erkən evliliklərlə bağlı siyahılarda önlərdə çəkilir. Hərçənd, çoxları bununla razılaşmır.

"Eşidəndə ürəyim əsdi", "ağladım", "xalqın gəlinlik balası öldü" - bu ifadələr Fatimənin ölümü ilə bağlı müxtəlif kənd sakinləri ilə söhbət zamanı eşitdiklərimizdir.

Onların əksəriyyəti qızların təhsil almasının tərəfdarıdır, amma eyni zamanda da kəndlərdə 13-14 yanında nişanlanma hallarının olduğunu danmırlar.

Nadir olur desələr də, bu hallar olub, bəlkə də indi də var.

Məcburetmə yoxdursa...

Qanunvericiliyə görə nikah yaşı 18-dir və Uşaq Hüquqları barədə qanunda yetkinlik yaşı da 18 göstərilir.

Hüquqşünas Zibeydə Zəkəriyyayevaya görə, 18 yaşını tamamlamamış şəxslər uşaq sayılır və onlar valideynlərin himayəsində hesab olunur.

Erkən evliliklər və erkən nikahlar məsələsini araşdırdığımız zaman qarşımıza Cinayət Məcəlləsinin iki maddəsi çıxır.

Birinci maddədə qadını nikaha daxil olmağa məcbur etməkdən danışılır. Bunun cəzası 2000 manatdan 3000 manatadək cərimə və ya 2 ilədək həbsdir.

Əgər nikah yaşına çatmayan şəxs evliliyə məcbur edilirsə, bu zaman cəza kimi 3000 manatdan 4000 manatadək cərimə və ya 4 ilədək həbs nəzərdə tutulur.

Yəni məcburetmə olarsa, o zaman cinayət məsuliyyəti yaranır, məcburetmə yoxdursa, uşaq valideyn himayəsində olsa da bu maddə ilə ittiham edilə bilməz, hüquqşünas Zibeydə Zəkəriyyayeva deyir.

Hüquqşünas deyir ki, bu zaman bu hadisə eyni məcəllənin digər maddəsi, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə ilə ittiham edilə bilər.

Bu maddəyə görə, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmənin cəzası 3 ilədək müddətə azadlıqdan məhrum edilmədir.

Lakin cinayət məsuliyyəti əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi ancaq iki ildən çox olduqda yaranır.

Qeyd etmək lazımdır ki, burada söhbət zorlamadan yox, qarşılıqlı razılıqdan gedir.

Bu qanuna əsasən demək olar ki, Azərbaycanda seksual azadlıq 16 yaşdan başlayır.

Şəxsin 16 yaşadək seksual toxunulmazlığı, 16 yaşdan sonra isə seksual azadlığı var, hüquqşünas Vəfa Rüstəm deyir.

Yəni, nikah yaşı 18 olsa da Azərbaycan qanunvericiliyində 16 yaşı olan birinin nikahsız toy etməsinə, evlənməsinə və ya cinsi əlaqədə olmasına qadağa qoyan bir müddəa yoxdur. Təbii ki, bu əməllərdə məcburetmə və ya zor tətbiq etmə yoxdursa.

Bunu Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsindən də, Masallı rayon İcra Hakimiyyətindən də təsdiqləyirlər.

Əgər 16 yaşlı biri evliliyə məcbur edilirsə, o zaman hüquq mühafizə orqanlarına müraciət etməli və məcburən evləndirildiyini deməlidir. Əks halda buna mane olmaq üçün hüquqi səlahiyyət yoxdur, hüquqşünas Sevinc Əliyeva deyir.

16 yaşda toy edilə bilərmi?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Seymur Məmmədov deyir ki, qanunvericilikdə nikah yaşı 18 olsa da, 16 yaşda toy edilməsi ilə bağlı məsuliyyət nəzərdə tutulmur.

O, Azərbaycan qanunvericiliyində boşluq görmədiklərini bildirsə də, son hadisələrlə bağlı beynəlxalq təcrübəni araşdırdıqlarını və təkliflər hazırlayacaqlarını deyir.

Onun sözlərinə görə, erkən evlilik barədə daxil olan məlumatı hüquq-mühafizə orqanları və yerli icra hakimiyyəti araşdırmalıdır.

"Komitə koordinasiya mexanizmini həyata keçirir. Müraciət daxil olduqda aidiyyatı qurumlara araşdırılması üçün soğru göndərir".

Lakin Fatimənin 16 yaşında toyunun olacağı ilə bağlı komitəyə məlumat daxil olmayıb, onlar bu hadisədən yalnız ölüm faktı ortaya çıxıdıqdan sonra xəbər tutublar.

"İcra hakimiyyəti bizə bu barədə məlumat verməsə də, özü tədbir görməlidir", Seymur Məmmədov deyir.

Ailə Məcəlləsinə görə, uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanları nəzarət edirlər.

Əgər bir uşaq barədə hüquq pozuntusu və ya təhlükə varsa bu barədə məlumatı olanlar yerli icra hakimiyyəti orqanına məlumat verməyə borcludurlar.

İcra hakimiyyəti orqanı isə belə məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün addım atmalıdır.

İcra Hakimiyyəti niyə mane olmayıb?

Masallı rayon İcra hakimiyyəti başçısının Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəzir Hüseynov deyir ki, toy barədə eşidəndə qızın ailəsilə danışıb.

Yanvar ayının 4-də isə bu barədə rəsmi məktubla İcra Hakimiyyətinə müraciət edib.

Onun sözlərinə görə, yanvar ayının 5-də Fatimənin qız toyu, 10-da isə oğlan toyu olub.

Bəs bu 6 gün ərzində dövlət orqanları hansı addımı atıb?

Masallı rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynov deyir ki, polislərin iştirakı ilə ailə ilə profilaktik söhbət aparılıb və ailənin qərarına təsir etməyə çalışıblar.

"Qeyri iş günü olsa da polislə birgə söhbət aparılıb. Qızın nənəsi dedi ki, qıza toy edəcəm, amma köçürməyəcəm. Bizim oğlan toyu barədə məlumatımız olmayıb," cənab Hüseynov deyir.

Məmmədhüseyn Hüseynov deyir ki, Fatimə məcburi ərə verilmə barədə şikayət etsəydi toyun qarşısı alınardı, lakin o, şikayət etməyib.

"Məlumat qız toyu barədə idi, qanunvericilikdə boşluq var. Qız toyunun qarşısının alınması ilə bağlı əsasımız yoxdur. O halda qanun tətbiq oluna bilərdi ki, polisə şikayət edilərdi".

Cənab Hüseynov deyir ki, oğlan toyunun baş verməsi ilə bağlı müraciət edilsəydi, başqa cür addım atılardı.

"İndi Daxili İşlər Nazirliyi və rayon polis şöbəsi araşdırma aparır", o deyir.

Maarifləndirmə yetərlidirmi?

Hüquqşünas Sevinc Əliyeva deyir ki, Azərbaycanda 2011-ci ilə qədər nikah yaşı oğlanlar üçün 18, qızlar üçün isə 17 olub.

Lakin sonradan qanun dəyişdirilib və yaş hər iki tərəf üçün 18 göstərilib.

Şərh aldığımız hüquqşünasların da, İcra hakimiyyətinin də gəldiyi nəticə budur ki, qanunda boşluqlar var - 16 yaşlı qızın, özü şikayətçi olmayınca nikahsız evlənməsinə qadağa yoxdur.

Onların fikrincə, bu boşluğun nəticəsidir ki, bir çoxları daha erkən yaşda evlənir və 18 yaşında nikah qıydırır və ya azyaşlılar evliliyə məcbur edilsə də, hüquq-mühafizə orqanlarına danışmağa qorxur.

Mütəxəssislər və Masallı kəndlərindəki sakinlər hesab edirlər ki, erkən nikahlarla bağlı maarifləndirmə işləri genişləndirilməlidir, amma Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən deyirlər ki, maarifləndirmə kifayət qədərdir.

Bu barədə daha geniş