Böyük Britaniya Azərbaycanda keçirilən seçkilərdə "məhdud seçki mühiti" və "pozuntulardan məyusdur"

Secki

Böyük Britaniya ATƏT və AŞPA-nın Azərbaycanda fevralın 9-da keçirilən seçki ilə bağlı açıqlamasına istinad edərək bu seçkinin "beynəlxalq demokratik standartlara cavab verməməsindən məyus olduğunu" bildirib.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası səsvermənin "uğurlu" keçdiyini bəyan edib.

Növbədənkənar parlament seçkilərinə münasibət bildirən beynəlxalq müşahidəçilər namizədlərin sayının yüksək olmasına baxmayaraq, Azərbaycan seçkilərində "əsl rəqabətin" və "seçimin olmadığını" bildirib.

Fevralın 9-da keçirilən parlament seçkilərində 125 mandat uğrunda 1300-dən çox namizəd mübarizə aparıb.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin mətbuat katibinin bəyanatında deyilir ki, "Biz ATƏT-in seçki mühitinin məhdud olması və hər hansı bir əsaslı rəqabətin mövcud olmaması, səsvermə günü səslərin sayılması zamanı müşahidə olunan prosedur pozuntuların son nəticələri şübhə altına salması barədə bəyanatlarından narahatıq".

"Ancaq müstəqil Mərkəzi Seçki Komissiyasının seçki boyu şəffaf fəaliyyət göstərməsi səylərini qeyd edirik, sənəddə bildirilir.

Bundan başqa, Böyük Britaniya Azərbaycanı seçkidən sonrakı dövrdə sərbəst toplaşmaq və dinc etiraz hüququna hörmət etməyə çağırıb.

Beynəlxalq müşahidəçilərin bəyanatında nə deyilir?

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) birgə Müşahidə missiyasının bəyanatı bazar ertəsi yayılıb.

"Məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanda erkən parlament seçkilərində əsl rəqabətə mane olub", üç müşahidə qrupunun birgə açıqlamasında deyilir.

Sənədə əsasən, namizədlərin sayının yüksək olmasına rəğmən, "əsl siyasi müzakirələrin olmaması" elektoratı şüurlu seçim imkanından məhrum edib.

Avropalı müşahidəçilər seçki qabağı təbliğatda sosial mediadan geniş istifadə olunduğunu bildirirlər. Lakin buradaca deyilir ki, seçicilərlə bu cür təmas vasitəsi ənənəvi mediada təbliğat kampaniyasını əvəzləyə bilməz.

"Ənənəvi media seçicilərə rəqiblər və onların platformaları haqqında məlumat verə bilməyib və kampaniya tədbirləri yayımçılar tərəfindən işıqlandırılmayıb. Seçki ilə əlaqəli xəbərlərin yayılması MSK-nın fəaliyyətinə dair xəbərlərlə məhdudlaşıb".

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına və Avropa Şurasının dəfələrlə müraciətlərinə zidd olaraq, bir sıra potensial namizədlərin namizədliyinin irəli sürülməsinin qarşısı alınıb, - AŞPA heyətinin rəhbəri Frank Schwabe bildirib.

"Seçkilərə hazırlıq sahəsində irəliləyiş təəssüratına rəğmən, hesablama prosedurlarının geniş pozulma halları bütöv səsvermənin nəticələri ilə bağlı ciddi narahatlıq doğurdu".

Azərbaycan hakimiyyəti seçkilərin uğurlu keçdiyini bildirir.

"MSK bütün gərəkli addımları atdı ki, seçkidə iştirak etmək istəyən Azərbaycan vətəndaşları iştirak edə bilsinlər. Bu seçkidə biz analoqu olmayan fəaliyyət göstərdik. Geniş ictimaiyyət də seçkini yüksək qiymətləndirdi", - MSK-nın sədri Məzahir Pənahov bəyan edib.

Avropalı müşahidəçilər MSK fəaliyyətində şəffaflığın artmasını, seçkilərin inzibatı baxımdan yaxşı təchiz olunduğunu qeyd edirlər. Həmçinin, qaçqın və məcburi köçkünlərin iştirakını təmin etmək üçün göstərilən səylərə də "yüksək qiymət" verilir.

Lakin müşahidəçilərə əsasən, bır sıra təkmilləşmələr "əsl demokratik seçkilərə imkan verən rəqabət mühitinə" zəmin yaratmayıb.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin payızında keçirilməli idi. Lakin 5-ci çağırış Milli Məcslinin buraxılmasından sonra erkən seçkilər fevralın 9-a təyin olundu.

İlkin nəticələrə görə, 125 yerlik parlamentdə mandatların çoxuna hakim Yeni Azərbaycan partiyası nəzarət edəcək. Müxalif partiya və qurumlar seçkilərin nəticələrinə etiraz bildiriblər.

Azərbaycan XİN-in bəyanatı

Xarici İşlər Nazirliyi Beynəlxalq Seçki Müşahidə Missiyasına (BSMM) Azərbaycanın dəvətini qəbul edərək müşahidə prosesində iştiraka görə təşəkkür edib.

"BSMM-in bəyanatında çatışmazlıqlar kimi təqdim edilən məqamların bəziləri ilə razı olmasaq da, onların əsasən prosedur və təşkilati səciyyəli olduğundan qeyd götürürük".

"...iddia olunan və özünü biruzə verən pozuntular müfəssəl şəkildə araşdırılacaq və qanun çərçivəsində bütün zəruri tədbirlər həyata keçiriləcəkdir", bəyanatda deyilir.

XİN Azərbaycan hakimiyyətinin bu və iki ay sonra ATƏT/DTİHB tərəfindən dərc ediləcəyi yekun hesabatı ətraflı şəkildə təhlil edəcəyini bildirib.

Həmçinin oxuyun:

Bu barədə daha geniş