İlham Əliyev: "Seçkilərin legitimliyini şübhə altına alan hər hansı bir pozuntu olmayıb"

İlham Əliyev Fotonun müəllifi Getty Images

9 fevral parlament seçkisində pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə belə hallara yol verilməsin. Buna qətiyyən ehtiyac yoxdur, - Prezident İlham Əliyev deyib.

Seçkiyə qatılan bəzi müxalifətyönümlü və müstəqil namizədlər bildirirlər ki, 9 fevral parlament seçkisində çoxsaylı qanun pozuntuları olub. Seçkidən sonra sosial mediada və mətbuatda yayılan video görüntülərdə seçki qutusuna topa bülletenlərin atılması, səslər sayılarkən ora əlavə bülletenlərin qatılması, bəzi müşahidəçilərə zorakılıq edilməsi kimi hallar müşahidə edilir.

Seçki başa çatandan sonra prezident seçkini izləməyə gələn xarici ölkə nümayəndərləri ilə görüşündə bildirmişdi ki, seçki qanun çərçivəsində keçirilib və heç bir "narahatedici məqam" yoxdur, namizədlər seçkidən narazı olsalar "öz səslərini ucaldardılar".

Çərşənbə axşamı polis bir qrup deputatlığa keçmiş namizədin Mərkəzi Seçki Komissiyasının qarşısında keçirmək istədiyi oturaq etiraz aksiyasını dağıtmışdı.

Çərşənbə günü Kürdəmirdə olan İlham Əliyev çıxışında yenidən parlament çıxışına toxunub, prosesin "bütün demokratik meyarlara" cavab verdiyini vurğulayıb.

Onun sözlərinə görə, heç kim deyə bilməz ki, seçki prosesində hər hansı pozuntular olub: "Hesab edirəm ki, səsvermə günü də seçkilər çox müsbət şəkildə keçirildi və əgər pozuntular olubsa, bir daha demək istəyirəm ki, bu pozuntular araşdırılacaq. Bilirəm ki, Mərkəzi Seçki Komissiyası artıq fəal işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz istəmirik ki, pozuntular olsun. Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə belə hallara yol verilməsin. Buna qətiyyən ehtiyac yoxdur".

"Heç bir ölkədə tam kamil seçkilər keçirilmir"

İlham Əliyev deyib ki, "heç bir ölkədə tam kamil seçkilər keçirilmir".

O, eyni zamanda parlament seçkisində "saxtakarlığın, ciddi pozuntuların, seçkilərin legitimliyini, yaxud da nəticələrini şübhə altına alan hər hansı bir pozuntunun" olmadığını söyləyib.

Prezident beynəlxalq təşkilatların seçkilərlə bağlı hesabatlarına da toxunub:

"Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir. Çünki, hətta bizə həmişə ən tənqidi mövqedən yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzəsində müsbət meyilləri qəbul etməyə məcbur olublar. Pozuntulara gəldikdə, qeyd ediblər ki, bu prosedur xarakterli pozuntular idi. Yəni, bu, hər bir ölkədə var".

İlham Əliyev müşahidəçilərin mütləq əksəriyyətinin seçkiləri çox müsbət qiymətləndirdiyini, bəzilərin isə bu seçkilərin "bir çox ölkələr üçün nümunə ola biləcəyini" dediyini bildirib.

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, - hansı ki, bizə həmişə qərəzli yanaşır, - hesabatı da hesab edirəm ki, tarazlı idi, əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi, hesab edirəm ki, obyektivliyə daha yaxın idi. Biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq, pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik".

Image caption 15 saylı Yasamal I Seçki Dairəsinin 16 saylı Seçki Məntəqəsində bir cütlük səs vermək üçün eyni kabinəyə giriblər. Yalnız müşahidəçilərin buna etirazından sonra, məntəqə sədri onları kabinədən çıxarmağa çalışıb.

"Bəs onda açıq rəqabət nədir"

İlham Əliyev deyib ki, seçkilərdə 1300-dən çox namizədin iştirak etməsi "seçkilərin rəqabət şəraitində keçdiyini" göstərir.

"Əgər bir dairədən orta hesabla on nəfər iştirak edirsə, bu, rəqabət deyilmi?" - o əlavə edib.

"Ona görə o yekun məruzədə yazılmışdı ki, rəqabət olmayıb. Bəs onda rəqabət nədir? Hər bir namizəd öz dairəsində açıq görüşlər keçirirdi, istədiyi sözləri deyirdi, bəziləri hakimiyyəti tənqid edirdilər. Heç kim buna görə heç kimə maneçilik törətmirdi. Bəs onda açıq rəqabət nədir?" - İlham Əliyev vurğulayıb.

Sərbəst toplaşma və media azadlığı

Prezident beynəlxalq təşkilatların Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin olunmaması ilə bağlı qeydlərini qəbul etməyib və onları "yalan" adlandırıb.

"Nəyə görə həmişə bizə qarşı "sərbəst toplaşmaq azadlığı təmin olunmayıb" ifadəsini işlədirlər, yalandır, olunub. Çünki indi hər kəs sərbəst toplaşmaq haqqını müvafiq yerlərdə icra edə bilər, amma qanun çərçivəsində. Necə ki, başqa ölkələrdə".

İlham Əliyev deyib ki, "Azərbaycanda da media azadlığı var, internet azaddır, heç bir senzura yoxdur".

"Digər tərəfdən, informasiya təxribatları, yalan məlumat, şər-böhtanla dolu məlumat da sərhədləri aşır. Biz buna hazır olmalıyıq, xüsusilə gənclər. Ona görə bilməliyik ki, bizim uğurlu inkişafımızı bizdən çox istəyən yoxdur və taleyimiz öz əlimizdədir. Artıq 30 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq və müstəqillik hər şeydən dəyərlidir. Ona görə milli dəyərlər, müstəqillik və müasirlik gələcək inkişafımız üçün çox önəmli amillərdir. Çünki biz doqmatizmdən uzaq olmalıyıq. Doqmatizm hər bir cəmiyyətin inkişafına əsas əngəldir".

"Ölkə daxilində risklər yoxdur"

İlham Əliyev deyib ki, ölkə daxilində risklər yoxdur, - nə siyasi risklər, nə sosial, nə iqtisadi, nə fiziki risklər.

Onun sözlərinə görə, "bütün mümkün olan problemlər kənardan gələ bilər".

"Həm ideoloji təxribat, - bu barədə mən artıq öz sözümü dedim, - həm də ki, başqa təxribatlar. Ona görə biz ölkəmizi, sərhədlərimizi qorumalıyıq, informasiya sərhədlərimizi, mənəvi sərhədlərimizi elə möhkəm inşa etməliyik ki, heç bir kənar qüvvə bizim nə milli-mənəvi dəyərlərimizə, nə müstəqilliyimizə, nə də gələcək uğurlu inkişafımıza mane ola bilməsin. Nə qədər ki, mən bu vəzifədəyəm, Azərbaycan müstəqillik, azadlıq və inkişaf yolu ilə gedəcək".

Prezident söyləyib ki, "elə etməliyik ki, bizdən sonra gələn nəsillər, gənclər öz fəaliyyətlərini bu istiqamətdə qursunlar və təxribatlara uymasınlar, bəzi beynəlxalq təşkilatların yalan məruzələrinə inanmasınlar".

"Onların arxasında çox ciddi siyasi maraqlar dayanır. Nə üçün Azərbaycan bəzi hallarda beynəlxalq müstəvidə təzyiqlərlə üzləşir? Çünki heç kimin qarşısında baş əymir və əyməyəcək. Heç kimin sözü ilə oturub-durmur və düz də edirik. Ona görə ölkəmizdə sabitlik, inkişaf, əmin-amanlıq var".

Seçkiyə beynəlxalq rəy

ATƏT-in Seçki Müşahidə Missiyası Azərbaycan seçkilərində "əsl rəqabətin" və "seçimin olmadığını" bildirib. Missiya seçkinin nəticələri ilə bağlı açıqladığı ilkin hesbatda bildirib ki, "məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanda erkən parlament seçkilərində əsl rəqabətə mane olub".

Missiyasının rəhbəri rəhbəri Frank Schwabe Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına və Avropa Şurasının dəfələrlə müraciətlərinə zidd olaraq, Azərbaycanda bir sıra potensial namizədlərin namizədliyinin irəli sürülməsinin qarşısının alındığını bildirib.

"Seçkilərə hazırlıq sahəsində irəliləyiş təəssüratına rəğmən, hesablama prosedurlarının geniş pozulma halları bütöv səsvermənin nəticələri ilə bağlı ciddi narahatlıq doğurdu," - hesabatda göstərilib.

Bu barədə daha geniş