Mərkəzi Seçki Komissiyasının qarşısındakı "etiraz aksiyası baş tutmuş sayılır"

Video açılmırsa YouTube-dan izləyin.

Mərkəzi Seçki Komissiyasının qarşısında 9 fevral parlament seçkisində baş vermiş qanun pozuntularına etiraz edən bir qrup şəxs "aksiyanın baş tutduğunu" bildirib.

Mərkəzi Secki Komissiyasının qarşısına toplaşanlar "Azad seçki", "Vətəndaşa əl qaldırma" şüarları səsləndiriblər.

Bakının Azadlıq metrostansiyasının yaxınlığında yerləşən MSK-ya gedən yollar polis tərəfindən bağlanıb. Ərazidə olanları polis ordan uzaqlaşdırır.

BBC News Azərbaycancanın hadisə yerində olan müxbirləri bildiriblər ki, polis daha çox kişiləri ərazidən uzaqlaşdırır, qadın etirazçılara toxunmur.

Bakı şəhər Baş Polis İdarəsinin rəsmisi Nurullah Məmmədxanlı BBC News Azərbaycancaya deyib ki, saxlanan yoxdur, polis onları "yola salır".

Aksiyaya gələnlər polisin saxladığı şəxsləri avtobusla şəhər kənarına aparacağı və orda sərbəst buraxacağını bildirib. Deputatlığa keçmiş namizəd Mehman Hüseynov polisin onu və ictimai fəal Ülvi Həsənlini Kürdəmir-Hacıqabul yolunda sərbəst buraxdığını Facebookda canlı yayımda bildirib.

Aksiyada saxlanmış şəxslərdən biri olduğunu iddia edən Nurlan Cəfərli onu və 24 nəfərin Səngəçalda sərbəst buraxıldığını bildirib. Nurlan Cəfərli bildirib ki, onlardan 11-i deputatlığa keçmiş namizəddir.

Deputatlığa keçmiş namizəd Rəbiyyə Məmmədova deyib ki, onlar seçkidə baş verən qanunsuzluqlarına etiraz edirlər: "Hökumət dəfələrlə deyir ki, müxalifətin etiraz qüvvəsi yoxdur. Əgər elədirsə, o zaman bu narahatçılıq nədəndir, niyə iki barrikada qurublar, yolları ikitərəfli bağlayıblar, başımızın üstündə dron uçurdurlar?

Demirdilər ki, qanunsuzluq olsa, namizədlər narazı olsa, səsini ucaldardı? Axı siz ona imkan yaratmırsız ki, xalq konstitutsion hüququndan istifadə edib öz etirazını bildirsin".

Aksiyaya qoşulan araşdırmaçı jurnalist Xədicə İsmayıl deyib ki, onlar ölkədə insanların seçib-seçilmək hüququnun bərpasını tələb edirlər: "Ölkədə demokratiyanın, dövlətçiliyin əsasları pozulur, məhz bu binada. Bura əmr göndərən Prezident Adminstrasiyasında pozulur. Biz də tələb edirik ki, bu qanunsuzluğa son qoyulsun".

Deputatlığa keçmiş namizəd Nurlana Cəlil deyir ki, 125 seçki dairəsinin hər birinin nəticələrinin ləğvini tələb edirlər.

Mərkəzi Seçki Komissiyasının qarşısında mitinqə toplaşan etirazçılar polis tərəfindən avtobusa yığılaraq ərazidən uzaqlaşdırılıblar.

9 fevral növbədənkənar parlament seçkilərindən sonra bir neçə müxalifət partiyası və müstəqil namizəd seçkilərdə qanun pozuntusu iddiaları ilə bağlı Mərkəzi Seçki Komissiyasının qarşısında mitinq keçirəcəklərini bəyan ediblər.

Sərnişin avtobusuna zorla mindirilən etirazçılar naməlum istiqamətə aparılıblar.

Mərkəzi Seçki Komissiyasının qarşısında olan ərazi nəqliyyatın və piyadaların hərəkəti üçün bağlanıb.

BBC News Azərbaycancanın ərazidə olan müxbiri bildirib ki, zirehli geyimli polis dəstəsi yolun hər iki tərəfindən canlı sədd yaradaraq MSK-ya gedən yolu bağlayıb.

Mərkəzi Seçki Komissiyasının qarşısındakı parkda olan yarımçıq tikililərin yanında polisləri daşıyan avtobuslar və maşınlar dayanıb.

Müsavat partiyasının başqanı Arif Hacılı da mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb, Müsavat partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli deyib.

O, BBC News Azərbaycancaya bildirib ki, "Arif Hacılı evinin qarşısında özünü təqdim etməyən şəxslər tərəfindən saxlanılıb".

Mitinq keçirəcəyini elan edən REAL partiyasının sədri İlqar Məmmədovun, D-18 hərəkatının sədri Ruslan İzzətli və Müsavat partiyasından keçmiş deputatlığa namizədlər Əlikram Xurşidov, Bakıxan Qəribli və partiyanın səlahiyyətli nümayəndəsi Bayraməli Abdullayevin "mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə" aparıldığı iddia olunur.

Bakı Şəhər baş Polis İdarəsindən BBC News Azərbaycancaya bildirilib ki, hələlik saxlanılan şəxslər barəsində rəsmi məlumat yoxdur, Daxili İşlər Nazirliyi isə "kimlərinsə profilaktik tədbirlər üçün ərazidən uzaqlaşdırıla biləcəyini" ehtimal edir və bildirir ki, "amma onların heç biri polis idarələrinə gətirilməyib,"- Ehsan Zahidov deyib.

Bakı Şəhər İcra hakimiyyəti mitinq üçün təşkilatçların istədiyi yeri yox, mərkəzdən 20 kilometr aralıda yerləşən Lökbatanda aksiya keçirməyi təklif edib.

REAL-ın icra katibi Natiq Cəfərli BBC News Azərbaycancaya deyib ki, İlqar Məmmədov evindən çıxıb ofisinə gedərkən "mülki geyimli şəxslər tərəfindən naməlum istiqamətə aparılıb".

"İlqar Məmmədovu saxlayan şəxslər özlərini təqdim etməyib və heç bir məlumat verməyiblər,"- Natiq Cəfərli deyib.

D-18 hərəkatının İdarə Heyətinin üzvü Samirə Ağayeva bildirib ki, Ruslan İzzətli də oxşar vəziyyətdə saxlanıb.

"Saat 12-13 radələrində Bakının Nərimanov rayonu ərazisində ofisinə gedən Ruslan İzzətli maşınından düşərkən mülki geyimlilər tərəfindən saxlanılaraq bilmədiyimiz tərəfə aparılıb,"- Samirə Ağayeva deyib.

Müsavat partiyasının başqanı Arif Hacılı BBC News Azərbaycancaya bildirib ki, onun evinin qarşısında polis postu qurulub.

"Bizim evin girişində, avtomobilimin yanında polis dayanıb. Binanın ətrafında da polis maşınları görünür. Müsavat partiyasının iki keçmiş deputatlığa namizədi Əlikram Xurşidov, Bakıxan Qəribli və partiyanın səlahiyyətli nümayəndəsi Bayraməli Abdullayev saxlanılıblar,"- Arif Hacılı deyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ehsan Zahidov BBC News Azərbaycancaya deyib ki, saxlanılanlar barəsində yayılan məlumatlar "həqiqəti əks etdirmir".

"Ola bilsin ki, kimlərsə profilaktik tədbirlər üçün ərazidən uzaqlaşdırılıb, amma onların heç biri polis idarələrinə gətirilməyib,"- Ehsan Zahidov deyib.

BBC News Azərbaycancanın əməkdaşı Bakının mərkəzində, 28 May metro stansiyasının ətrafında çevik polis alayının əməkdaşları, o cümlədən, polis toplaşdığını müşahidə edib. Ərazidə avtobuslar və polis maşınları da var, əməkdaşımız bildirib.

Təşkilatçılar etiraz aksiyası üçün Bakı Şəhər İcra hakimiyyətindən şəhər mərkəzində yer ayrılmasını istəsə də, paytaxt rəhbərliyi mitinqi mərkəzdən 20 kilometr aralıda yerləşən Lökbatanda keçirməyi təklif edib.

Mitinqin təşkilatçıları isə "şəhərdə yerləşən Mərkəzi Seçki Komissiyasının işinə Lökbatanda, Bakıdan kənarda etiraz etməyin məntiqli olmadığını bəyan edib".

Daxili İşlər Nazirliyi gözlənilən mitinqi qanunsuz hesab edib və şəhər mərkəzində keçiriləcəyi təqdirdə tədbir görəcəklərini açıqlayıb.

Bu barədə daha geniş