Etiraz aksiyasından üzü Şamaxıya, Hacıqabula... sarı - etirazçıların "rayonlara aparılması" qanunauyğundurmu?

Video açılmırsa, burada izləyin.

Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında 9 fevral parlament seçkisinin nəticələrinə etiraz aksiyasında saxlanaraq "Bakının mərkəzindən azı 40 km uzaqda, çölün düzündə buraxıldıqlarını" deyən etirazçıların bəziləri məhkəməyə müraciət etməyə hazırlaşırlar.

Bəzi etirazçılar polisin təxminən 100-ə yaxın adamın mindirdiyi avtobusları Yevlaxa, Ağsuya, Şamaxıya sürdürdüyünü və onları boş, kimsəsiz ərazidə sərbəst buraxdığını iddia edib.

Daxili İşlər Nazirliyi bu iddiaları əsassız sayıb və "heç kimin saxlanmadığını və heç kimin şəhərdən çıxarılmadığını", görüntülərin isə "yay vaxtına aid ola biləcəyini" və etirazçıların "şəhərin müxətlif yerlərinə aparıb buraxıldıqlarını" bildirib.

Fotonun müəllifi Tariyel Abdullayev

Fevralın 16-da parlament seçkisinin nəticələrinə etiraz etmək üçün MSK-nın qarşısına toplaşanların bir çoxu saxlanıb və avtobusa mindirilərək ərazidən uzaqlaşdırılıb. Etirazçılar 9 fevralda keçirilmiş seçkidə çoxsaylı qanun pozuntularının baş verdiyini iddia etmiş və bütün seçki dairələri üzrə nəticələrin ləğvini tələb etmişdi. Buna qədər MSK artıq 4 seçki dairəsinin nəticələrini ləğv edib.

"Bizi bir dərədə buraxdılar"

Həmin gün aksiyada iştirak etmək üçün MSK-nın qarşısına gələn, seçkidə müşahidəçi olmuş Taryel Abdullayev deyir ki, "polis onu avtobusa mindirib ərazidən uzaqlaşdırıb".

Video açılmırsa, burada izləyin.

O, BBC News Azərbaycancaya deyir ki, polis onunla birgə "27 nəfəri Bakı-Şamaxı yolunun bilmədikləri hissəsində bir dərədə" avtobusdan düşürüb.

"Biz polislərə dedik ki, şəhərdən çıxartdınız, indi imkan verin, düşək gedək. Polislər isə bizə dedilər ki, bizi, yəni etirazçıların olduqları avtomobil və avtobusları radarla izləyirlər, istədikləri kimi davrana bilməzlər. Dedilər ki, sizi hara desələr, orda düşürdəcəyik".

Onun sözlərinə görə, o, Bakıya qayıtmaq üçün piyada bir xeyli yeriyərək magistral yola çıxıb:

"Yarımız yol maşını ilə, digərlərimiz isə köməyə gəlmiş adamların vasitəsilə gəlib şəhərə çıxmışıq".

Bakı şəhər Baş Polis İdarəsinin rəsmisi Nurullah Məmmədxanlı bazar günü keçirilən aksiyada BBC News Azərbaycancanın müxbirlərinə deyib ki, saxlanan yoxdur, polis aksiya iştirakçılarını "yola salır".

O, saxlanan şəxslərin şəhərdən uzağa aparıldığını təkzib edib.

Şamaxı, Yevlax, Səngəçal...

Bazar günü etiraz aksiyasında saxlanan şəxslər əsasən Şamaxı, Yevlax, Səngəçal tərəflərdə avtobuslardan düşürüldüklərini deyirlər.

Sosial mediada yayılan video göüntülərdə aksiya zamanı saxlanılaraq şəhərdən kənara aparıldığını bildirən şəxslərin bəziləri harada olduqlarını bilmədiklərini söyləyirlər.

Müxtəlif video görüntülərdə ayrı-ayrı şəxslərin qruplar halında müxtəlif yerlərdə magistral yolların kənarına çıxaraq maşın saxlatmağa çalışdığı da müşahidə olunub.

Daxili İşlər Nazirliyinin mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov BBC News Azərbaycancaya bildirib ki, o, aksiya iştirakçılarının avtobuslara doldurularaq ölkənin müxtəlif yerlərində buraxıldıqlarına "inanmır".

O, deyib ki, polis aksiya zamanı və aksiyadan sonra "heç kimi saxlamayıb və heç kimi şəhərdən çıxarmayıb".

"Siz inandınız ona? Mən şəxsən inanmıram. O videolardan görünür ki, bu şəxslər hamısı yay geyimindədirlər. Mənə elə gəlir ki, bunlar yay vaxtı çəkilmiş görüntülərdir. Deyib-gülürlər, danışırlar. Dünənki aksiyadan sonra isə camatı, sadəcə şəhərin müxətlif yerlərinə aparıb buraxıblar. 100 avtobusun burdan durub Yevlaxa, Kürdəmirə getməsi inandırıcı da görünmür".

Dünənki aksiyada saxlanan və həbs olunan olmayıb,"- cənab Zahidov deyib.

"Avropa məhkəməsinəqədər gedəcəyik"

ReAl Hərəkatının üzvü Natiq Cəfərli BBC News Azərbaycancaya "ReAL üzvü olan və ya olmayan şəhərdən kənara aparılan aksiya iştirakçılarına məhkəmələrə müraciət edə bilmələri üçün mümkün hüquqi yardımların göstəriləcəyini" bildirib.

"Biz hüquqi yardım təşkil etməyə çalışacağıq ki, bütün qeyri-qanuni hərəkətlərlə bağlı Azərbaycan məhkəmələrinə müraciət edək. Yerli məhkəmələrin verəcəyi qərarlar bizi qane etsə, həmin qərarların yerinə yetirilməsinə çalışacağıq. Azərbaycan reallığını da nəzərə alsaq, düşünürəm ki, həmin qərarlar qeyri-adekvat olacaq və o qərarlardan Avropa Məhkəməsinə kütləvi şəkildə müraciət etməyi düşünürük".

"Tamamilə qanunsuzdur"

Vəkil Cavad Cavadlı deyir ki, vətəndaşları aparıb şəhərdən kənarda buraxmaq "tamamilə qanunsuzdur"

"Bu, Avropa Konvensiyasının "ləyaqəti alçaldan hərəkət" və "qeyri-insani rəftar" maddələrinin pozuntusudur. Polis şəxsi saxladıqdan sonra aparıb polis bölməsində izahatını almalıdır. Tədbirlər görməlidir," - vəkil deyib.

Cavad Cavadlının sözlərinə görə, şəhər kənarında, düzənlikdə buraxılan insanların təhlükəsizliyi dövlət orqanının məsuliyyətidir: "Şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı andan onun təhlükəsizliyinin təminatı ilə bağlı bütün məsuliyyət dövlət qurumunun üzərinə düşür".

"Vətəndaşın bölgələrdə düşürülməsi təsdiqlənməlidir"

Milli Məclisin V çağırış deputatı Aydın Mirzəzadə hesab edir ki, aksiyada saxlanmış şəxslərin Bakının mərkəzindən on kilometrlərlə uzağa aparılması sübut olunmalıdır.

"Polis öz səlahiyyəti çərçivəsində hərəkət edib. O ki qaldı vətəndaşın Bakıdan çıxarılaraq ayrı bölgələrdə düşürülməsi, bu, təsdiqlənməlidir. Doğrudanmı, bu belə olub? Biz hüquqi dövlətik və mən məsələnin hüquq müstəvisində həllinin tərəfdarıyam".

Aydın Mirzəzadənin sözlərinə görə, əgər vətəndaş hesab edirsə ki, hüququ pozulub, məhkəməyə müraciət etsin və qarşı tərəfi "faktlarla ittiham etsin".

Bakı şəhər polis idarəsinin bazar günü yaydığı məlumatda razılaşdırılmamış aksiyada heç kimin saxlanmadığı və xəsarət almadığı bildirilib.

Bu barədə daha geniş