Parlament seçkiləri: MSK müraciətləri "dairə komissiyalarına göndərib"

Seçici Fotonun müəllifi TOFIK BABAYEV/Getty

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkiləri ilə əlaqədar daxil olan müraciətləri nəzərdən keçirərək bir sıra işi araşdırmaq üçün müvafiq dairə komissiyalarına göndərib.

Şənbə günü keçirilən iclasda 77 saylı Astara Seçki dairəsindən namizəd olan Həsənov Rəşad və digər namizədlərin şikayətinə baxaraq bildirilib ki, iddia edilən qanun pozuntuları "nəticəyə təsir etməyib". Həmin dairə üzrə lider YAP-dan Rəşad Mahmudovdur.

MSK iclasında 30-dan artıq müraciətin dairə komissiyalarına göndəriləcəyi müzakirə edib.

Seçkilərdən sonra səsvermə məntəqələrində baş verən pozuntularla bağlı xəbərlər daxil olmaqdadır.

29 saylı Səbail Seçki Dairəsindən namizəd olanlardan bir qrupu MSK qarşısına toplaşıb, seçkilərdə pozuntuların olduğunu bildiriblər. Namizədlərdən Bəxtiyar Hacıyev bildirib ki, o hələ fevralın 12-də MSK-ya şikayət təqdim edib. Onun dediyinə əsasən, fevralın 15-də MSK-dan bildirilib ki, şikayətinə baxılaraq Dairə Seçki Kimissiyasına (DSK) göndəriləcək, Azadlıq.org saytı xəbər verir.

Bu hadisədən sonra MSK sədri bildirib ki, MSK qarşısında aksiya keçirmək normal olsa da, qurumun işinə maneçilik törətmək olmaz, iclası izləyən APA agentliyinin müxbiri xəbər verir.

"...Amma MSK-nın şöbə müdirini içəri buraxmamaq artıq normal deyil. Polisə müraciət edirik ki, bu barədə tədbir görsün. MSK-nın işinə mane olmaq olmaz. Kim olursa-olsun, bunu edirsə, qanun pozuntusudur", - Məzahir Pənahov deyib.

Şənbə günü 9 saylı Binəqədi ikinci seçki dairəsindən bir qrup namizəd pozuntularala bağlı MSK-nın binası qarşısında etiraz aksiyası keçirib, media xəbər verir.

Cümə günü Kəpəz (Gəncə) seçki dairəsindən deputatlığa namizədlərin bir qrupu Gəncədəki səsvermənin nəticələrinin ləğvinə çağırıb. Seçkilərin nəticələrinin ləğvini Qax rayounda da tələb ediblər, Turan agentliyi xəbər verir.

Sosial şəbəkələrdə yayılan görüntülər

Sosial şəbəkələrdə pozuntularla bağlı iddialar yayılmaqdadır. Şənbə günü onlara MSK münasibət bildirib. Qurumun rəhbəri pozuntuları sosial şəbəkədə yayanlara minnətdarlığını bildirib və müvafiq materialları təqdim etməyə səsləyib.

Məzahir Pənahov pozuntuları həyata keçirənlərin cəzalandırılacağını deyib.

Fotonun müəllifi AZERTAG, APA
Image caption Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Çingiz Qənizadə və Rauf Arifoğlunun dairəsinin nəticələri ləğv edilib

"Seçki məntəqələrində baş verən pozuntuları sosial şəbəkədə yayanlara təşəkkür edirəm. Eyni zamanda, qeyd etməliyəm ki, MSK məntəqələrdə baş verən pozuntularla bağlı cavab verməyə məcburdur", - Azertac agentliyi Məzahir Pənahovun sözlərini iqtibas edir.

"Səsverməni bir saniyə belə dayandırmağa hətta bizim də hüququmuz yoxdur. Amma, eyni zamanda, müəyyən mənada bəzi şəxslər bundan sui-istifadə etməyə çalışırlar".

Fevralın 15-də keçirilən iclasda 220-dən artıq videogörüntünün araşdırıldığı qeyd olunub. Bu barədə APA-ya MSK-nın üzvü Qabil Orucov məlumat verib. O, görüntülərin dairə və məntəqələr üzrə araşdırıldığını deyib.

"Bu görüntülər ümumilikdə 30 dairədə 116-nı məntəqəni əhatə edir. MSK-ya daxil olan şikayətlər üzrə bəzi videogörüntülər sosial şəbəkələrdə paylaşılanlar olsa da, bəzisi müstəqil şəkildə yayılanlardır".

Fevralın 13-də MSK Hadı Rəcəbli, Çingiz Qənizadə, Hüseynbala Mirələmov və Rauf Arifoğlunun lider olduğu dairələrin nəticələrini ləğv edib. Bunlar müvafiq olaraq, 35 saylı Xətai III, 74 saylı Lənkəran Kənd, 33 saylı Xətai I Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairələridir.

Hüseynbala Mirələmov və Hadi Rəcəbli hakim Yeni Azərbaycan Partiyasından, Çingiz Qənizadə və Rauf Arifoğlu bitərəfdirlər.

Bir sıra şikayətlərin Dairə Seçki Komissiyalarına göndərildiyi bildirilir.

Fevralın 9-da Azərbaycandan erkən parlament seçkisi keçirilib. Bu seçkilərində 125 mandat uğrunda 1300-dən çox namizəd mübarizə aparıb.

Azərbaycan hakimiyyəti seçkilərin uğurlu keçdiyini bildirib. Beynəlxalq müşahidəçilər səsvermədə əsl rəqabətin olmadığını bəyan edirlər.

Bu barədə daha geniş