Vətəndaşlar Prezident Administrasiyasına nələrdən şikayət edirlər?

bakı Fotonun müəllifi Thomas Eisenhuth

Hüquq-mühafizə və məhkəmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyəti, bank əməliyyatları, kreditlərin verilməsi, əmək mübahisələri, işdən çıxarılma, vətəndaşların mərkəzi və yerli qurumlarda qəbulu və müraciətlərinə baxılması, səhiyyə, torpaq sahələrinin zəbti - Prezident Administrasiyasına ən çox şikayət bu məsələlər barədə olub.

2019-cu ildə vətəndaşların müraciətlərini araşdıran PA-nın Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov Xalq qəzetində dərc edilmiş məqaləsində yazır ki, bəzi şəhər, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayətlər daha çoxdur.

"Müraciətlərdə narahatlıq doğuran məsələ odur ki, vətəndaşlar yerli qurumlarda həll olunmalı, yaxud izahat verilməli məsələlər barəsində Prezident Administrasiyasına yazırlar", o qeyd edib.

Onun sözlərinə görə, şikayətlər bilavasitə pozulan hüquqlarının müdafiəsi və bərpası, qanuni tələblərinin yerinə yetirilməsinə törədilən əngəllərin aradan qaldırılması, vəzifəli şəxslərin qanunazidd hərəkətlərinə qarşı müvafiq tədbirlər görülməsi barədə olur.

Konkret rayon və şəhərlərə gəldikdə isə, 2018-ci illə müqayisədə Xətai, Yasamal, Yevlax, Ağdam, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Gədəbəy, İmişli, Laçın, Neftçala, Salyan, Şamaxı, Şəmkir, Zərdabdan gələn şikayətlər artıb, Sabunçu, Daşkəsən, Göygöl, Hacıqabul və başqa rayonlardan gələnlər isə azalıb.

2018-ci ildə də ən çox narazılıq yaratmış məsələ - hüquq mühafizə orqanları və məhkəmələr, icra hakimiyyətləri və bələdiyyələrin fəaliyyəti olub.

Hüquq-mühafizə orqanları və məhkəmələr barədə şikayətlər

Müraciətlərin bir qismi hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyəti - istintaqın aparılması, dələduzluq, böhtan və şantaj, məişət zorakılığı, yol polisinin fəaliyyəti ilə bağlı olub.

Cənab İsmayılov bildirib ki, PA-ya hüquq-mühafizə orqanları və məhkəmələr barədə edilən şikayətlərin bir səbəbi də vətəndaşların öz hüquqlarını kifayət qədər dərindən bilməməsi, "xüsusilə məhkəmələrin müstəqil fəaliyyət göstərdiklərinə diqqət yetirməmələridir".

Administrasiya rəsmisi bildirib ki, polis orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan şikayətlər "az deyil".

Belə şikayətlər ən çox Bakının Xəzər, Nərimanov, Nizami, Sabunçu, Suraxanı, Yasamal rayonları, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri, həmçinin Ağstafa, Goranboy, Göyçay, Göygöl, Lerik, Masallı, Neftçala, Sabirabad, Siyəzən, Tərtər rayonundan daxil olub.

Məhkəmələrə gəldikdə isə, müraciətlər ən çox Bakının Xətai, Nəsimi, Sabunçu, Səbail, Yasamal rayon məhkəmələrinin, həmçinin Şirvan, Abşeron, Cəlilabad, Gədəbəy, Göygöl, Hacıqabul, Xaçmaz, Qazax, Quba, Masallı, Sabirabad, Salyan, Şamaxı, Tərtər, Zaqatala, Zərdab rayonlarından göndərilib.

Süleyman İsmayılov məqaləsində ötən il Məhkəmə-­Hüquq Şurasının 50-yə yaxın məhkəmədə monitorinq aparıldığını və yol verilən pozuntuların 100-dən çox hakim və məhkəmə sədrinin diqqətinə çatdırıldığını, bəzi hakimlər barədə ciddi tədbirlər görüldüyünü bildirib.

Vətəndaşlar başqa nə istəyirlər?

Hüquq-mühafizə orqanları və məhkəmələr barədə şikayətlərdən başqa, vətəndaşlar tikinti şirkətlərindən də narazı qaldıqlarını bildiriblər. Ötən il PA-ya 100-dən çox şirkət haqda şikayətlər daxil olub.

2018-ci ildə də PA-ya 100-dən çox tikinti şirkətindən şikayətlər edilib.

Müraciətlər arasında səhiyyə müəssisələrinin və tibbi personalın fəaliyyəti, fərdi torpaq və əkin sahələrinin zəbt olunması, əlillik dərəcələrinin düzgün təyin edilməməsi, tibbi-sosial ekspert komissiyalarının, özəl müəssisələrin fəaliyyəti, mərkəzi və yerli qurumlarda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, bəzi şəhər, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti ilə bağlı məsələlər də yer alıb.

Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin sayı əvvəlki illə müqayisədə 31 faiz, şikayətlərin sayı isə 46,4 faiz artıb.

Süleyman İsmayılovun sözlərinə görə, təbii fəlakətlərlə bağlı ərizə və şikayətlər çoxalsa da, ekologiya məsələlərinə aid müraciətlər azalıb.

Təkliflərdə yazırlar...

Vətəndaşlar PA-ya güzəştli qiymətə sosial evlərin tikilməsi, dövlət qulluğuna qəbul imtahanlarının optimallaşdırılması, bəzi kənd və qəsəbələrdə bankomatların qoyulması, dəm qazından zəhərlənmə hallarını aradan qaldırmaq üçün qaz detektorlarının quraşdırılması ilə bağlı təkliflər veriblər.

Kənd təsərrüfatına aid müraciətlərdə isə məhsuldarlığın artması və emal müəssisələrinin qurulması, yarmarkaların sayının artırılması, orqanik məhsulların yetişdirilməsi, aqrar sektorda müasir texnologiyaların tətbiqi təklif olunub.

Bundan başqa, qida sənayesinin və farmakologiyanın inkişafına töhfə verə biləcək bəzi qeyri-ənənəvi bitkilərin Azərbaycanda becərilməsi, eləcə də üzümçülük və şərabçılığın bazasında aqroturizmin inkişaf etdirilməsi də vətəndaşların verdikləri təkliflər arasında olub.

PA-ya daxil olmuş müraciətlərin təxminən üçdə biri şikayət, cüzi hissəsi təklif, böyük qismi isə ərizə olub.

Bu barədə daha geniş