Neftçalada 6-dan çox şəxs həbs olunub

Neftçala İH Fotonun müəllifi Neftçala İH

Dövlət Təhlükəsizlik Xidməti Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində azı 6 nəfəri əsasən rüşvətə görə şübhəli şəxs qismində saxlayıb.

Saxlanmış şəxslər rayon icra hakimiyyəti başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, eləcə də Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləridir.

Rayonda aparılmış əməliyyat və müvafiq cinayət işinin başlanılmasından sonra rayon əhalisi arasında müxtəlif fikirlər müzakirə olunur. Danışdığımız insanların bəziləri rüşvət iddialarını eşitdiyini, bəziləri isə icra başçısının fəaliyyətsizliyini xatırlayır.

Nefçalanın Xolqaraqaşlı kənd sakini və kənd bələdiyyəsinin üzvü Vəfa Nağı deyir ki, Neftçalada nə baş verməsi haqda insanlarda dəqiq məlumat olmasa da, öz aralarında hadisələri müzakirə edirlər.

Rayon sakinləri çərşənbə axşamı günü İcra Hakimiyyətinin binasının qarşısına üç maşının gəldiyini və binanı mühasirəyə aldığını müşahidə edib.

DTX Neftçalaya niyə gedib?

DTX-nın cümə günü verdiyi açıqlamada, icra hakimiyyəti başçısı İsmayıl Vəliyev "vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmədə" ittiham olunur.

Qurum onun fərdi sahibkarlardan pul tələb etməsi, təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərini mənimsəməsi, torpaqları qanunsuz olaraq tutması, istifadəsi və tikinti aparması, eləcə də ictimai işlərə cəlb edilən işsiz və aztəminatlılara aid maaş kartlarının ələ keçirməsinə dair şübhələr olduğunu bildirib.

Bundan başqa deyilir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açıb.

Digər saxlanan şəxslər "rüşvət alma və rüşvət vermədə" ittiham olunaraq saxlanılıb.

DTX İsmayıl Vəliyev, Vurğun Əkbərov, icra başçısının müavini Gültəkin Sadıqova və Anar Cəfərovun xidməti otaqlarında dəlillər tapdığını qeyd edib.

Qurumun paylaşdığı videoda icra başçısının otağına kamera qoyulduğu da müşahidə olunur.

Fotonun müəllifi Neftçala icra hakimiyyəti

Məlumata görə, vəzifəli şəxslərin hərəkətləri vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə "mühüm zərər vurub".

Qurum kompleks əməliyyat-istintaq tədbirlərini həyata keçirdiyini açıqlayıb.

Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev DTX-nın əməliyyatından sonra vəzifəsindən azad edilib, Prezident İlham Əliyev bu barədə sərəncam verib.

BBC News Azərbaycanca hadisə ilə bağlı Neftçala rayon İcra Hakimiyyətinin şərh ala bilməyib.

Sakinlər icra başçısının fəaliyyəti barədə nə düşünür?

Vəfa Nağı nə özünün, nə də rayonda danışdığı insanlardan heç kimin rayonun keçmiş icra başçısı İsmayıl Vəliyevdən razı olmadığını deyib.

Onun sözlərinə görə, insanlar İsmayıl Vəliyev barədə yuxarı instansiyalara dəfələrlə şikayət ediblər.

İcra Hakimiyyətinin keçmiş başçısı İsmayıl Vəliyevlə bu iddialar barəsində əlaqə saxlamaq mümkün olmayıb.

Neftçala sakini Əli Məmmədov iddia edir ki, insanlar rayonda baş verən hadisələrdən tam xəbərdar olmasalar da, keçmiş icra başçısının "fəaliyyətsizliyindən bezmişdilər".

O söyləyir ki, hansısa məsələnin həlli üçün gərək icra başçısına neçə dəfələrlə müraciət edərdin ki, "bəlkə nəticə əldə edə biləsən".

"Düzəltdikləri bir yol olurdu, onu da gərək hər dəfə gedib saatlarla şikayət edərdin, başqa heç nə. İcra başçısı haqqında şikayət etməkdən bezmişdik. İndi adamlar bilmir təzə gələn necə olacaq, hamımız gözləyirik, görək".

"Deyilənə görə, rüşvət üstündə həbs ediblər, amma nədir, nə deyil, bilmirik. Gözləyək, görək nə deyirlər. Əsas odur rayon üçün, əhali üçün yaxşı olsun", sakin deyir.

Image caption Neftçala rayonu

Neftçalada yayılmış şaiyələrə görə, həbslər erkən parlament seçkilərində rüşvət verilməsi ilə bağlıdır.

"Əhali öz aralarında danışır ki, icra başçısını, onun sürücüsünü və köməkçisini həbs ediblər", - Vəfa Nağı deyir.

O deyir ki, rayonda Təhsil şöbəsinin, Su İdarəsinin, səhiyyə şöbəsinin vəzifəli şəxslərinin "seçkiləri saxtalaşdırma, yüzbaşı-minbaşılar vasitəsilə seçkiyə namizədin xeyrinə səs toplama və bülletenlərin atılmasında iştirak etmə" ittihamları ilə dindirildiyi iddia olunur.

Mərkəzi Seçki Komissiyası tərəfindən adı 61 saylı Neftçala Seçki Dairəsində lider namizədlər siyahısında olan Sabir Rüstəmxanlı icra başçısının həbsinin seçki ilə əlaqələndirilməsini doğru hesab etmir və əlavə edir ki, Neftçala rayonunda seçkiyə müdaxilə olmayıb.

"Dövlət Təhlükəsizlik Xidmətinin məlumatından bilinir ki, bu, nə bu günün, nə dünənin, nə də seçki dövrünün məlumatı deyil", o əlavə edib.

O ehtimal edir ki, DTX-ya məlumatlar xeyli əvvəldən daxil olurdu və qurum Neftçalaya "o məlumatların izi ilə gedib".

"Bu, ümumiyyətlə təkcə Neftçala məsələsi deyil. Bu, ölkədə icra başçılarının, məmurların rüşvətxorluğu, özbaşınalığı, korrupsiyaya bulaşmaları barədə xalqın arasında artan narazılığa hakimiyyət dairələrinin reaksiyasıdır. Əvvəl Ağstafadan başladı, sonra Yevlaxda, indi Neftçalada. Əslində, rayonların çoxunda buna bənzər hallar var, hətta camaat üçün sosial yardım kartlarını cibinə qoyan məmurlar da var".

2019-cu il dekabrında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov, Yevlax rayonunu keçmiş icra başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmışdılar.

DTX-nın yaydığı məlumata görə, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, dövlət vəsaitini mənimsəməkdə, külli miqdarda rüşvət almaqda şübhəli bilinirdilər.

Sabir Rüstəmxanlı hesab edir ki, bu, prosesin müəyən mərhələsidir və proses sözügedən hadisə ilə yekunlaşmayacaq.

Cənab Rüstəmxanlı deyir ki, seçiciləri ilə görüşdə İcra Hakimiyyəti strukturlarının fəaliyyəti ilə bağlı müzakirələr aparılmayıb.

Lakin o sual edir ki, millət vəkilliyinə namizəd olduğu dövrdə rayonda müşahidə etdiyi problemləri nə üçün İcra Hakimiyyəti görmürdü?

"Mən gördüm ki, Azərbaycanın ortasında yerləşən, bir tərəfi Xəzər dənizi ilə qonşu, içərisindən isə Kür çayı keçən, coğrafi cəhətdən əlverişli rayon olan Neftçala bu dəqiqə respublikada ən geri qalmış rayonlardan biridir. Oranı bir dalana çeviriblər, gediş-gəliş, əsas yollar kənardan keçir. Bir vaxt orada camaat balıqçılıqla dolanıb, indi isə balıq azalıb. Xəzərboyu kəndlərdə qaz-su yoxdur, torpaqlar şoranlaşıb. Bütün bunları mən görürəm və ürəyim ağrıyırsa, buna proqramlar düşünürəmsə, yəqin ki, yerdə olan icra başçıları da görür. Niyə indiyədək bir təşəbbüskarlıq istəyi olmayıb?"

İsmayıl Vəliyev kimdir?

61 yaşlı İsmayıl Vəliyev 2011-ci ildə Neftçala rayonu İcra Hakimiyyəti başçısı təyin olunub.

O bundan əvvəl 6 il müddətinə Qobustan rayonu İcra Hakimiyyətinin başçısı olub.

2005-ci ilin yayında üç ay "Petrogeoaz" MMC-nin baş direktoru vəzifəsində işləyib.

Onun karyeranın 10 ili gömrük orqanlarında keçib.

Bu barədə daha geniş