Azərbaycanda koronavirusun yayılma təhlükəsi varmı?
- Səadət Akifqızı
- Bakı, BBC Azərbaycanca

Azərbaycanda ən son rəsmi məlumata görə, 50-dən çox adam koronavirus ehtimalı ilə həkim nəzarətinə alınıb, azı 4 nəfər isə xüsusi ayrılmış tibb müəssəsinə yerləşdirilib. Onların əksəriyyəti İrandan Azərbaycanaya yenicə gələnlərdir.
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev BBC News Azərbaycancaya deyib ki, hazırda respublika ərazisində koronavirusa yoluxan "bir nəfər də olsun yoxdur".
Ümumdünya Səhiyyə Təşkilatı da bildirib ki, hazırda Azərbaycanda COVİD-19 adı verilən koronavirusa yoluxma halı qeydə alınmayıb.
Amma bu açıqlamalar Azərbaycan vətəndaşlarında "panika ovqatı"nı səngitmir. Paytaxt Bakının apteklərində tibbi maska qəhətə çıxıb. Elə bölgələrdə də apteklərdə tibbi maskaya tələbatın artması, bəzi yerlərdə tapılmaması və ya qiymətinin bir neçə dəfə artması söz-söhbətləri yayılır.
Tibb elmləri doktoru Adil Qeybullaya görə, maska çatışmazlığına səbəb də elə bu "ajiotajdır". "Ajiotaj da məlumatsızlığa bağlıdır. Məsələn, maarifləndirici tədbirlər olsaydı, bu cür ajiotaj da olmazdı və defisit də yaranmazdı. İnsanlar panikaya düşür, ajiotaj yaranır. Bundan müəyyən işbazlar da istifadə edir".

Şəklin mənbəyi, Getty Images
İranda koronavirusdan azı 16 nəfər ölüb
Bəs koronavirusun Azərbaycanda yayılma təhlükəsi varmı? Tibb mütəxəssisləri, iqtisadçılar bunu nəzəri cəhətdən mümkün sayırlar. Çünki çoxlarını qorxu içində saxlayan bu virus uzaq Çindən Azərbaycanın bir addımlığına, qonşu İrana "yerləşib".
Çində virus tapılandan az sonra bu ölkəyə uçuşlarını təxirə salan Azərbaycan qonşu İranla hava nəqliyyat əlaqəsini məhdudlaşdırmayıb. Üstəlik, İrana quru yolla da getmək mümkündür və bunun üçün Azərbaycan və İran vətəndaşlarının xidmətində üç sərhəd-keçid məntəqəsi var, heç birində də hərəkət məhdudiyyəti və ya sərhədlərin bağlanması ilə bağlı rəsmi göstəriş verilməyib.
Azərbaycan Nazirlər Kabineti bildirib ki, Azərbaycan-İran sərhəd-keçid məntəqələri xüsusi rejimdə fəaliyyətə keçib. Fevralın 22-dən başlayaraq sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparılır. Bu səbəbdən, keçid prosedurlarının sürəti azalıb.
Türkiyə İranda koronavirusdan iki nəfərin öldüyü xəbərini alınca, dərhal İranla sərhədlərini bağlayıb. Üstəlik, Azərbaycanla yeganə quru sərhədi olan Naxçıvanla Dilucu sərhəd-keçid məntəqəsini də birtərəfli qapadıb.
Dilucu Gömrük Qapısından BBC News Azərbaycancaya "İrandan gələn yolçular var. TIR sürücüləri var. Bu şəxslərin koronavirusa yoluxmadığını kim deyə bilər? Azərbaycanda koronavirusun olmadığına heç kim zəmanət verə bilməz," - deyiblər.
İranla sərhəd və sərhədə yaxın Azərbaycan rayon və şəhərlərində yaşayanlardan ötrü viza tələbinin olmadığı qonşu ölkə, xüsusilə rialın manata nisbətdə zəifləməsindən sonra ucuz ərzaq, dərman və məişət məhsulları baxımından cəlbedici olub.

Foto.Arxiv. Astara sərhəd-keçid məntəqəsi
İrana ərzaq almağa, həkimə və ya dini ziyarətgahlara gedirlər
Astara sakin Zabir Ağayev BBC News Azərbaycancaya bildirib ki, yerli sakinlər ərzaq üçün İran Astarasına və ya İranın sərhədə yaxın digər şəhərlərinə gedirlər.
İqtisadçı Qadir İbrahimli deyir ki, Astara, eləcə də Biləsuvar və Cəlilabad sakinləri üçün İran həm də xırda ticarət mənbəyidir. Elə Naxçıvan sakinləri də bir çox qida və digər ehtiyaclarını İrandan qarşılayırlar. Türkiyə ilə quru yolla gediş-gəliş müvəqqəti qapadıldığından bu mənada İrandan alış-verişin artacağını ehtimal edilir.
İran həm də azərbaycanlılar üçün nisbətən ucuz həkim müayinə və müalicə ala bildikləri ölkə sayılır. Bu da İrana gediş-gəlişi artıran amillərdən biridir. Digər amil isə İranda dini ziyarətgah sayılan yerlərin mövcudluğudur ki, bir çox azərbaycanlı bu ziyarətgahlara gedir. Elə yenicə Cəlilalabad xəstəxanasına yerləşdirilənlərin əksəriyyəti də İrana ziyarətə gedənlərdir, Səhiyyə Nazirliyi bildirib.
Üstəlik, İranın Azərbaycanla sərhəddində etnik azərbaycanlılar yaşadığından qarşılıqlı səfərlərin sıx olduğu qiymətləndirilir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla hesab edir ki, virusun İranda tapılması bu təhlükənin Azərbaycana yayılması ehtimalını artırıb.
Əgər Çində virus tapılandan sonra karantinə alınanların maksimum sayı 10-12 civarında idisə, İranda COVİD-19-dan ölənlər barədə məlumat açıqlanandan bir-iki gün sonra Azərbaycanda qonşu ölkədən gələnlər arasında karantinə alınanların sayı artıq 50-ni keçib.

"...o virus burada var, ya yox"
Adil Qeybullaya görə, Azərbaycanda informasiya çatışmazlığı var: "Əvvəla, biz tam məlumatlı deyilik ki, o virus burada var, ya yox. Çünki soyuqdəymə ilə ölənlər də var, Ağ Ciyər Xəstəlikləri İnstitutunda ölüm halları da oldu. Çinlə Azərbaycan arasında çox geniş iqtisadi əlaqələr mövcuddur və infeksiyanın bura daşınması da realdır".
Amma professorun fikrincə, virusa yoluxma və ondan ölmə rəqəmləri arasında ciddi fərq optimistliyi artırır: "Ümumiyyətlə, bu günkü durumu pandemiya kimi xarakterizə etmək olar. Çünki virus bir çox ölkələrdə yayılıb, ölüm halları qeydə alınıb. Amma ümumilikdə götürsək, koronavirusun bu ştammından - bu gün təxminən 80 min xəstələnmə halı mövcuddur, ondan 2500 ölüm halı var. Əslində, bu, böyük rəqəm deyil".
Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, indi bu yayılmanı pandemiya adlandırmaq tezdir, lakin ölkələr buna "hazırlıqlı olmalıdırlar".
Adil Qeybullanın həkim nikbinliyini artıran bir səbəb isə tezliklə havaların istiləşəcəyidir və onun sözlərinə görə, o zaman ölkədə bu virus tapılsa belə, "infeksiya tədricən sönəcək". Professor buna qədər isə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etməyi məsləhət görür.
Adil Qeybulla onu da deyir ki, profilaktik tədbirlər düzğün aparılsa, hətta infeksiya Azərbaycanda peyda olsa belə, ən az itki ilə bu vəziyyətdən "çıxmaq olar".
"Hər şeyimiz var"
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev virusun Azərbaycana yayılma təhlükəsinin olmadığını, ölkə ərazisinə keçməməsi üçün bütün qabaqlayıcı tədbirlərin aparıldığını deyir.

"Vaxtilə ABŞ-ın Müdafiə Departamentindən gəlib bizə kurslar keçiblər, xüsusi idarəmiz var, Səhiyyə Nazirliyinin, xüsusi təhlükəli infeksiyalarla iş şöbəsi var, hər bir şeyimiz var. Cihazdan tutmuş reaktivlərə qədər hər şeyimiz var," - İbadulla Ağayev BBC News Azərbaycancaya deyib.
Baş epidemoloq deyir ki, koronavirusa görə, ölkəyə gələn istər Azərbaycan, istərsə də xarici vətəndaşlarda əgər bədən hərarəti yüksəkdirsə, həkim müayinəsindən keçirilir, amma bədən hərarəti normal olan şəxslərin səhhətindən sonradan dəyişiklik olub-olmaması izlənilmir: "Əgər sonradan kimsə özündə kəskin respirator xəstəliklərin əlamətlərini hiss edərsə, onda ərazi tibb müəssiəsinə müraciət etməlidir".
Bəs ölkəyə gələndən sonra xəstələnən adam bu simptomları mövsümü qripə bənzədib əhəmiyyət verməsə, necə olacaq? Həmin adam özü bilmədən koronavirus yayıcısına çevrilə bilərmi?
İbadulla Ağayev deyir ki, ölkəyə hər gün minlərlə adam gəlir və hər kəsi də tibbi təqibə almq mümkün deyil. Baş epidemoloq hazırkı situasiyanı nəzərə alaraq tövsiyə edir ki, xəstələnən hər kəs mütləq həkimə getsin: "Virusun inkubasiya dövrü 2-3 gün də çəkə bilər, 27 gün də. Nə vaxt orqanizm zəifləyəcək, xəstəlik başlayacaq".
Onun sözlərinə görə, hazırda Azərbaycanda hazırda heç bir epidemiya yoxdur, sadəcə, kəskin respirator virus infeksiyası var ki, bundan da qorunmaq üçün insanlar xəstələnərsə, işə getməməli və ya qrip olan adamlarla təmasda olmamalıdırlar.
Azərbaycanını Baş Nazirinin sədrliyi ilə hökumət komissiyası yaradılıb və yanvarın 30-da epidemiyaya qarşı Fəaliyyət Planı təsdiqlənib.

Dünyanın bütün istiqamətlərdən Azərbaycana gələn sərnişinlər ciddi yoxlanılır və bu günədək ölkəmizdə koronavirusa yoluxma halı qeydə alınmayıb, Nazirlər Kabineti bildirib.
Hökumət onu da əlavə edib ki, Azərbaycan ərazisindən tranzit yüklərin daşınması üzərində də nəzarət gücləndirilib. Yüklərin ölkəyə girişi və çıxışında əlavə sanitar-dezinfeksiya tədbirlərinin görülməsi davam etdirilir.
Eyni zamanda Nazirlər Kabineti əhaliyə tövsiyə də ünvanlayıb: xüsusi zərurət olmadığı hallarda İrana səfərlərini müvəqqəti olaraq təxirə salın.
Bu yazının hazırlanmasında BBC News Azərbaycancanın müxbiri Cəmilə İbrahimova da iştirak edib.