Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması: tərəflər bir-birini ittiham edir

əsgər Fotonun müəllifi Azertag

Azərbaycan və Ermənistan sərhəddə atəşkəsin pozulmasına görə bir-birini qarşılıqlı ittihamlar ediblər.

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) hadisə nəticəsində biri azərbaycanlı sərhədçi əsgər olmaqla, iki nəfərin ölməsi və bir nəfərin ağır yaralanması barədə məlumat yayıb.

Ermənistan bir əsgərinin "yüngül" yaralandığını deyib.

Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir. 1994-cü ildə atəşkəs bağlansa da, tərəflər tez-tez onun pozulması xəbərləri verir.

Münaqişənin tənzimlənməsinə dair danışıqlar 1992-ci ildən bəri ATƏT-in Minsk Qrupu çərçivəsində aparılır.

Azərbaycan DSX bildirib ki, bazar ertəsi səhər 07:00 radələrində "Ermənistan silahlı qüvvələrinin bölmələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınıb".

Qurum "düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən" bir sərhədçi əsgərin həlak olduğunu açıqlayıb.

DSX qeyd edib ki, hadisə nəticəsində Ermənistan tərəfdən bir zabit ağır yaralanıb və bir hərbi qulluqçu ölüb.

Qurum Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində "növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törətdiyini" bildirib.

Erməni tərəfi Ermənistan hərbi bölmələrinin Azərbaycanla dövlət sərhədində təxribat törətməsi haqqında məlumatı təkzib edib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan öz Facebook səhifəsində Azərbaycan tərəfindən "təxribat" haqqında yayılan məlumatı "dezinformasiya" və "Azərbaycan ictimaiyyəti üçün yaxşı nağıl" adlandırıb.

Artsrun Hovhannisyan atəşkəsin Azərbaycan tərəfindən pozulduğunu bildirib.

"Ermənistan Silahlı Qüvvələri sadəcə Azərbaycanın təxribatına cavab verib", - Artsarun Hovhannisyan yazıb və əlavə edib ki, Ermənistan tərəfi "təmkinli mövqedə qalmaqda davam edir".

Artsrun Hovhannisyan Ermənistan Silah Qüvvələrinin bir əsgərinin "yüngül" yaralandığını deyib.

Ermənistan informasiya vasitələrinin məlumatına görə, bazar günü axşam saatlarında Ermənistanın Tavuş vilayətinin bir neçə kəndi Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən top atəşinə tutulub, bazar ertəsi günü səhər isə Ermənistanın Azərbaycanla sərhədində yerləşən Koti kəndi atəşə məruz qalıb.

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan SQ-nin cəbhənin müxtəlif istiqamətlərində "snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozduğunu bildirib.

Bu barədə daha geniş