Koronavirus: bu gün Azərbaycanda "daha 36 nəfər həkim müşahidəsinə götürülüb"

Kliniki Tibbi Mərkəz

Çərşənbə günü Azərbaycanda İrandan gələn 36 nəfər həkim müşahidəsinə götürülüb, Səhiyyə Nazirliyi bildirib.

Qurum bildirib ki, 29 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına, 7 nəfər isə Kliniki Tibbi Mərkəzə həkim müayinəsi üçün daxil olub.

Cəlilabadda müayinə edilənlərin səhhətində hər hansı problemin aşkarlanmadığı, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilən şəxslərin 6-nın vəziyyətinin normal olduğu, bir nəfərin isə bədən hərarətinin normadan yüksək olduğu bildirilib.

Kliniki Tibbi Mərkəzə yerləşdirilən 7 nəfərdən 2-si Azərbaycan, digərləri isə İran vətəndaşıdır.

Səhiyyə Nazirliyi bildirib ki, bu şəxslərin müayinələri davam etdirilir və onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır. Bundan sonra onların karantinə götürülüb-götürülməyəcəyi bilinəcək.

Çərşənbə axşamı günü İranda koronavirusun qeydə alındığı ərazilərdə olmuş 23 nəfər müayinə üçün Azərbaycanın Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.

Səhiyyə Nazirliyi bildirir ki, müayinə vaxtı 2 nəfərin hərarəti normadan "bir qədər yüksək" olub.

"Səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək", - birgə açıqlamada deyilirdi.

Nazirlik bildirib ki, hazırda 52 nəfər həkim müşahidəsi altındadır, onlardan 2-nin hərarəti normadan yüksəkdir.

Qurumlməlumatında bu şəxslərin Azərbaycana quru, yoxsa hava yolu ilə daxil olduğunu açıqlamayıb.

Səhiyyə Nazirliyi dəqiq rəqəmlərin gün ərzində açıqlanacağını bildirib.

İranda 139 nəfərin koronavirusa yoluxduğu, 19 nəfərin virusdan öldüyü bildirilir.

Bu barədə daha geniş