Koronavirus: Azərbaycan və İran sərhədi 20 aprelədək bağlı qalacaq

Üs maskalı kişi Fotonun müəllifi Aziz Karimov/Getty

Azərbaycan və İran arasında sərhəd 20 aprelədək bağlı qapacaq.

Nazirlər Kabinetinin yaydığı məlumata görə, dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə atılır.

Azərbaycan və İran arasında sərhədin müvəqqəti bağlanması ilə ilk qərar fevralın 29-da verilib və daha sonra qərarın müddəti iki həftə artırılıb.

Ölkədə hazırda 76 aktiv koronavirus xəstəsi var, onlardan 6-nın vəziyyəti ağırdır.

Bundan sonra koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə qonşu İranda olan Azərbaycan vətəndaşlarının təxliyyəsinə başlanılıb.

"Hazırda İranda olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtmasını təmin etmək üçün martın 4-də İrandan Azərbaycana uçuş reysi təşkil olunacaq və xüsusi dəhliz vasitəsilə vətəndaşların ölkəyə qayıtması təmin olunacaqdır", Nazirlər Kabineti yanında operativ qərargahın məlumatında deyilib.

"Azərbaycana gəlmək istəyən vətəndaşların ölkəmizin Tehrandakı Səfirliyi və Təbrizdəki Baş konsulluğu ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmələri xahiş olunur".

İrandan təxliyyə olunacaq vətəndaşlar müvafiq müayinə aparılması məqsədilə karantinə yerləşdiriləcəklər.

Nazirlər Kabineti xatırladıb ki, Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə əsasən, koronavirus infeksiyasının aşkarlanması üçün karantin 14-29 gün müddətinə müəyyən edilib.

Nazirlər Kabineti eləcə də qeyd edib ki, ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb.

"İran İslam Respublikası ilə sərhəddə profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə səyyar çadırlar qurulub".

Çin, Almaniya və digər ölkələrlə aparılan danışıqlar nəticəsində lazımi avadanlıqların, preparatlarının, mütəxəssislərin Azərbaycana gətirilməsi üçün müvafiq razılaşma əldə olunub, Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatında qeyd olunub.

İranla sərhəd bağlanıb

Fevralın 29-da Azərbaycan koronavirusa görə İranla sərhədini bağlayıb.

"Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 29 fevral 2020-ci il tarixindən saat 16.00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunmuşdur", - şənbə günü yayımlanan Nazirlər Kabinetinin qərarında deyilir.

Məlumata əsasən, Azərbaycanda olan İran vətəndaşlarının ölkədən çıxması və İranda olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaqdır. "Zəruri hallarda, İran İslam Respublikası vətəndaşlarına humanitar əsaslarla vizaların rəsmiləşdirilməsi həyata keçiriləcəkdir".

Fevralın 28-dək Azərbaycanda 224 nəfərin koronavirus şübhəsilə həkim nəzarəti altında olduğu bildirilib.

Həmçinin oxuyun:

Əlaqəli mövzular

Bu barədə daha geniş