Koronavirus: Azərbaycanda kütləvi tədbirlər ləğv olunurmu?

Azərbaycan

Azərbaycanda koronavirusa yoluxma hallarının artması ilə bağlı bütün tədris müəssisələrində təhsil dayandırılıb, eləcə də İranla sərhəd bağlanıb.

Bəs ölkədə nəzərdə tutulan bir çox kütləvi tədbirlərin qrafikində dəyişiklik varmı?

BBC News Azərbaycanca bu suala cavab tapmaq üçün Bakıdakı bir çox dövlət və qeyri-dövlət qurumları ilə əlaqə saxlayıb.

Bəzi şadlıq sarayları və əyləncə mərkəzləri toy və nişan tədbirlərinin təxirə salınmadığını və hər hansı məhdudiyyətin nəzərdə tutulmadığını deyir.

BBC News Azərbaycancanın əlaqə saxladığı şadlıq sarayları bronlaşdırılan qrafikdə hər hansı dəyişikliyin olmadığını bildirib.

Eləcə də Bakıda ticarət mərkəzləri də bildirib ki, istər mağazalar, istərsə də kinoteatrlar, kafe və restoranlar, uşaq və əyləncə mərkəzləri adi rejimdə işləyir.

Onlardan bir neçəsi dezinfeksiya işlərinin mütəmadi aparıldığını və hər hansı məhdudiyyətin olmayacağını söyləyib.

Şəklin mənbəyi, Əziz Kərimov

Şəklin alt yazısı,

Foto.Arxiv. Içərişəhərdə Novruz bayramı. 2015-ci il

"İçərişəhərdə bayram olacaq"

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin aparat rəhbəri Riyad Qasımov çərşənbə axşamı keçirilən mətbuat konfransında bildirib ki, qoruq əraizində kütləvi tədbirlərə məhdudiyyət qoyulmayacaq.

Onun sözlərinə görə, hər il İçərişəhər ərazisində keçirilən Novruz bayramı bu il də keçiriləcək və martın 19-dan 29-dək davam etdiriləcək.

"Koronavirusun ölkədə yayılmasının qarşısının alınması məqsədi ilə dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçirilir. Kütləvi tədbirlərin keçirilməsinə heç bir məhdudiyyət qoyulmayacaq. Bildiyiniz kimi Novruz bayramında İrandan da ölkəmizə turist axını olur. Biz çalışacağıq ki, İçərişəhərdə turistlərlə bağlı hər hansı bir şübhəli məqam olduqda əməkdaşlarımız tərəfindən dərhal müvafiq dövlət qurumlarına məlumat verilsin," - Riyad Qasımov deyib.

Muzeylər işləyir

Azərbaycanda muzeylər də işini qrafik üzrə davam etdirir.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı BBC News Azərbaycancaya bildirib ki, muzey bağlanmasa da hər on gündən bir dezinfeksiya işləri aparılır.

"Bizim elə bir səlahiyyətimiz yoxdur ki, muzeyi bağlaya bilək. Gərək Nazirlər Kabineti bu barədə qərar versin," - muzeydən deyiblər.

Nazirlər Kabineti BBC News Azərbaycancanın Azərbaycanda kütləvi yerlərin - muzey, əyləncə və ticarət mərkəzləri, konsertlərin və başqa insanların sıx toplaşdığı yerlərin bağlanmasını və nəzərdə tutulan tədbirlərin təxirə salınmasını müzakirə edib-etmədiyi ilə bağlı sualını cavablandırmayıb.

Nələr təxirə salınıb?

Amma bəzi qurumlar və tanınmış insanlar nəzərdə tutulan tədbirləri təxirə salıb.

Azərbaycanda martın 9-da keçirilməsi nəzərdə tutulan 9-cu siniflər üçün buraxılış imtahanı və Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin V sinfinə qəbul imtahanı təxirə salınıb.

Dövlət İmtahan Mərkəzi bildirib ki, bu, koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması yönündəki tədbirlər çərçivəsində edilir.

Xalq artisti Röya Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan solo konsertinin vaxtını dəyişib.

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Çində yayılmış koronavirusla əlaqədar fevral-mart aylarında bu ölkədə keçirmək istədiyi tədbirləri təxirə salıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) onların təşkilatçılığı ilə keçiriləçək oyunları iştirakçıların orta məktəb şagirdləri və tələbələr olduğunu əsas gətirərək martın 10-dək ertələyib.

O cümlədən Azərbaycan Velosiped İdmanı Federasiyası bütün velosiped bölmələrində məşq və tədris prosesini mart ayının 10-dək dayandırdığını açıqlayıb. Qurum, həmçinin Bakı Kubokunun 1-ci mərhələsini də təxirə salıb.

Mədəniyyət Nazirliyi də bəzi konsertlərin aprel ayına keçirildiyini bildirib.