"Kirayə mənzillər", yoxsa özəl şirkətlərin təklifləri: vətəndaşa hansı daha sərfəlidir?

kirayə mənzillər

Şəklin mənbəyi, Getty Images

"Kirayə mənzillər", yoxsa özəl şirkətlərin təklifləri: vətəndaşa hansı daha sərfəlidir?

Elektron Hökumət portalında elektron kabineti yaradanlar çərşənbə günü günorta saat 12-dən etibarən kirayə mənzil üçün öz müraciətlərini göndərə biləcəklər.

Ötən il satmaq öhdəliyi ilə kirayə mənzil verilməsi mexanizmi yaradılıb. Bu mexanizmə görə, İpoteka və Kredit Zəmanət Fondu balansındakı mənzilləri uzunmüddətli kirayə verəcək və kirayənişin bu mənzilin pulunu aybaay ödəməklə sonda mənzilə mülkiyyət hüququ əldə edəcək.

"Kirayə mənzillər neçəyə başa gəlir?"

İpoteka və Kredit Zəmanət Fondu "kirayə mənzillər" üçün elektron müraciətlərin başlamasını elan etdikdən sonra 5400-dən çox vətəndaş öz elektron kabinetini formalaşdırıb. Martın 4-dən isə elektron müraciətin göndərilməsinə başlanacaq. Elektron sistem müraciətləri növbəlilik əsasında qeydə alacaq və sonra müraciətçi bu növbəyə uyğun olaraq növbəti prosedurları apara biləcək.

"Kirayə mənzillər"-ə müraciət yanvarın 22-də başlamalı idi, lakin sistemdə problemlər yarandığından proses baş tutmamışdı. Fondun baş direktoru İlham Kələşov yerli mediaya demişdi ki, həmin anda portala 270 minə yaxın sorğu daxil olduğundan problem yaranmışdı.

Fondun mətbuat xidmətindən BBC News Azərbaycancaya bildirilib ki, "artıq müraciətlər zamanı elektron sistemdə problem yaranmayacaq".

İpoteka və Kredit Zəmanəti Fondu "kirayə mənzil" bazarına hazırda 500-dən çox mənzil çıxarır.

Qurumdan bildiriblər ki, kirayə mənzilləri tam təmirli olaraq orta bazar qiymətindən ucuz alıblar.

Fondun məlumatına görə, mənzillərin orta qiyməti hər kvadrat üçün 1300 manata başa gəlib.

Şəklin mənbəyi, Getty Images

"Şərtlər ağır, sənədlər çox, ilkin ödəniş isə yüksək"

Kirayə mənzil sistemindən mənzil almaq istəyən Bakı sakini Ülvi Səmədzadə BBC News Azərbaycancaya deyib ki, mənzillərə qoyulan qiymətlərdən məmnun deyil və ilkin ödəniş, qiymətlər və ümumi şərtlər ağırdır.

"İki otaqlı 60-65 kvadrat metrlik mənzil üçün mən aylığı 600 manatdan hesablasaq, 25 ilə təxminən 150-160 min manatdan çox pul ödəməliyəm. Bu halda mən hər kvadrat metr üçün 2200-2500 manat ödəmiş oluram ki, bu məbləğə mən Bakının istənilən yerindən, özəl şirkətlərdən ev ala bilərəm," - Ülvi Səmədzadə BBC News Azərbaycancaya deyib.

Onun fikrincə, kirayə şərtlərinin yaxşı olması üçün yüksək rəsmi gəlir lazımdır: "Azərbaycanda nə qədər adam rəsmi min manat alır ki?"

O, "qoyulan şərtlərin ağır, sənədlərin çox, ilkin ödənişin isə yüksək" olduğu qənaətindədir.

"Biz gözləyirdik ki, qiymətlər münasib olacaq, gənclər, ailə həyatı qurmaq istəyənlər, kirayədə yaşayanlar o kirayə pulunun yarısını dövlətin aldığı mənzillərə ödəməklə ev sahibi olacaqlar, amma o şərait yaradılmadı. Aylıq 600 manat ödəniş edə bilsəm, elə gedib özəl şirkətlərdən ev alaram," - Ülvi Səmədzadə deyib.

"Aylıq və ilkin ödəniş çoxdur"

İpoteka və Kredit Zəmanət Fondunun təklif etdiyi kirayə qiymətləri təkcə kirayə mənzil almaq istəyən vətəndaşlar üçün yox, elə bəzi iqtisadçılar üçün də "yüksək görünür".

Millət vəkili Vahid Əhmədov hesab edir ki, kirayə mənzillər məsələsində aylıq və ilkin ödəniş qiymətləri yüksəkdir.

"Mənzilə ehtiyacı olan əhalinin vəziyyətini nəzərə alsaq, burada müəyyən problemlər var. Yəqin ki, bu qanun yeni başlayır işləməyə, sonradan bu məsələyə baxıla bilər. Hazırda səslənən məbləğlər böyük məbləğlərdir. Bu kirayə mənzilləri alacaq adamlar elə insanlardır ki, mənzilə ehtiyacları var. Onların kifayət qədər vəsaiti olsa, elə gedib ev alardı, daha kirayə mənzilləri gözləməzdi," - Vahid Əhmədov deyib.

Millət vəkili bildirib ki, o, "bir müddət keçdikdən sonra bu məsələlərin öz həllini tapacağına" ümidvardır.

"Şərtlər dəyişməyib"

İpoteka və Kredit Zəmanət Fondunun təmsilçisi Yeganə Ramazanova BBC News Azərbaycancaya deyib ki, "kirayə mənzillər üçün aylıq minimum ödəniş qiymətləri dəyişməyib:"

  • Bakı şəhərində 411 manatdan başlayaraq
  • Sumqayıt şəhərində 297 manatdan başlayaraq
  • Xırdalan şəhərində 333 manatdan başlayaraq

Onun sözlərinə görə, aylıq ödəniş hər kəs üçün fərdi olacaq və hələki şərtlər belədir və bu şərtlər daxilində işlər aparılır.

Fondun rəhbəri İlham Kələşov yerli mediaya müsahibəsində deyib ki, təmsil etdiyi qurum "mənzilləri orta bazar qiymətindən daha aşağı qiymətə alıb".

Bunun üçün fond tərəfindən bu mənzillərin hər kvadrat metrinə orta qiymət olaraq 1300 manat ödənilib.

O bildirib ki, kirayə veriləcək mənzillər alınarkən tam təmirli, çıxarışlı və kommunal vasitələrlə təmin edilmiş mənzillər seçilib.

İlham Kələşov yerli mediaya deyib ki, kirayə mənzil alan vətəndaşlar kirayə mənzilin pulunu artıq ödəməklə daha tez müddətə qaytararlarsa onların ödəyəcəkləri ümumi məbləğ də 10-15 min manat az ola bilər.

İki təklifin müqayisəsi: qiymətlər, demək olar ki, eynidir

BBC News Azərbaycanca İpoteka və Kredit Zəmanəti Fondunun aldığı mənzillərlə həmin ərazidə yerləşən özəl şirkətlərin satdığı mənzillərin şərtləri arasında kiçik bir müqayisə aparıb:

İpoteka və Kredit Zəmanəti Fondunun elan etdiyi ərazilərdə bəzi özəl şirkətlər satış üçün təklif etdiyi qiymətlər dövlətin layihəsindən ucuz görünür.

Məsələn, Qara Qarayev prospektində kirayə mənzillər proqramı ilə təklif edilən kirayə mənzil üçün şərtlər aşağıdakı kimidir:

  • Kirayə müddəti: 240 ay
  • Kirayə mənzilin qiyməti: 192 000 manat
  • Əvvəlcədən ödənilməli məbləğ: 9 600 manat
  • Aylıq ödəniş: 800 manat

Kirayə mənzil üçün təklif olunan 65 kv.m-lik mənzil üçün bu şərtlərdə hər kvadrat metrin satış qiyməti 2953 manata başa gəlir.

Özəl bir tikinti şirkətində isə eyni ərazidə satış üçün təklif edilən təmirli və "kupçalı" mənzil üçün qiymətlər belədir:

  • Kredit müddəti : 240 ay
  • Satılan mənzilin qiyməti: 190 394 manat
  • Əvvəlcədən ödənilən məbləğ: 18 554 manat
  • Aylıq ödəniş: 716 manat

Ümumi qiymət iki otaqlı 64 kv.m-lik mənzil üçün bir kvadrat metrin kreditlə satış qiyməti 2974 manata başa gəlir.

Özəl şirkətin satdığı ev üçün yeganə şərti yalnız şəxsiyyət vəsiqəsinin olmasıdır.

"Təmiri yüksəkdir, amma qiyməti də əlçatan deyil"

Əmlak məsələləri üzrə şərhçi Ramin Osmanlıya görə, fondun təklif etdiyi "kirayə mənzillər"də təmir səviyyəsi yüksəkdir.

O bildirib ki, özəl şirkətlərdəki kütləvi təmir zamanı, adətən, təmir normal olmur.

"Qiymətlərin əlçatanlığı üçün Fond əllərində olan imkanlardan istifadə etməklə, bütün xərclər hesablanmaqla həyata keçirilib. Müraciətlərin çoxluğu onu deməyə əsas verir ki, tələb həddindən artıq yüksəkdir. Bu layihəyə maraq göstərənlər çoxdur," - Ramin Osmanlı deyib.

Təhlilçi hesab edir ki, şərtlərdə əlaçatanlığı təmin etmək üçün Fond müəyyən liberallaşdırma aparıb.

"Burada söhbət mənzillərin satış dəyərindən getmir, burada əsas kirayə qiymətidir. Yəni, mənzillər satmaq öhdəliyi ilə uzun müddətli kirayəyə verilir. Məsələnin əsas tərəfi mənzillərin kirayə tərəfidir. Kirayə qiymətinin toplamında yaranan yekun qiymət onu müvafiq sahəyə böldükdə kifayət qədər yüksək qiymətlər alınır. Amma bununla bağlı İpoteka və Kredit Zəmanəti fondunun yekun rəqəmləri açıqlanmayıb," - Ramin Osmanlı deyib.

O ehtimal edir ki, fondun ilkin ödəniş və aylıq minimum ödəniş qiymətləri "ola bilsin ki, dəyişsin, çünki hazırda əlçatan deyil".

Ramin Osmanlı deyib ki, "mövcud bazardakı kirayə qiymətləri ilə kirayə mənzillərin kirayəsi arasındakı xərclərdə fərq olacaq və bu fərq Fondun xərclərindən asılı olacaq".

Şərhçi əlavə edib ki, Fond mənzillərin alış qiyməti və təmir xərclərini elan edərsə, bəzi suallar aradan qalxar.

"Sosial mənzil o deməkdir ki..."

İqtisadi məsələlər üzrə şərhçi Samir Əliyev hesab edir ki, "dövlətin tikinti sahəsinə daxil olması ideyası özünü doğrultmadı".

"Dövlətin tikinti, mənzil bazarına girməsinin əsas qayəsini o təşkil edirdi ki, satılan və kirayə verilən mənzillərin qiyməti bazar qiyməti ilə müqayisədə əhəmiyyətli dərəcədə ucuz olacaq. Xalq üçün uyğun qiymətlər olacaq, amma bizim təcrübədə nə "sosial evlər", nə də kirayə mənzillər əhali üçün əlçatan deyil. Bunun əlçatan olmamağı həm qiymət baxımından, həm də şərtlər baxımından aztəminatlı ailələri qane etmir," - Samir Əliyev deyib.

Onun fikrincə, Fond tərəfindən elan olunan qiymətləri və bazarın təklifini müqayisə etdikdə məlum olur ki, "kirayə mənzillərin" qiymətləri daha bahadır.

"Dünya təcrübəsində sosial ev o deməkdir ki, bazarda kirayə qiyməti 500 manat olduqda, dövlətin vətəndaşlar üçün tikdiyi mənzillərdə bu rəqəm 100-150 manat civarında olur və vətəndaş da burada daimi yaşayır. O mənzilə sahib olmaq istəsə, əlavə pul ödəyib ona yiyələnir. İndiki şərtlərdə isə bizdə bu konsepsiya təhrif olunub," - Samir Əliyev bildirib.

Samir Əliyev deyir ki, özəl bankların verdiyi ipoteka şərtləri bundan daha yüngüldür nəinki, "kirayə mənzillər" üçün qoyulan şərtlər.

"Bu qiymətlərə görə, Sumqayıt şəhərində olan mənzilin bir kvadrat metri üçün nəzərdə tutulan qiymət Bakı şəhərindəki mənzildən baha başa gəlir".

O ümid edir ki, bu şərtlər hələ ilkin mərhələdədir və gələcəkdə ortada olan problemlər həllini tapacaq.