Konstitusiya Məhkəməsi 9 fevral parlament seçkilərinin nəticələrini təsdiq edib

constcourt.gov.az

Şəklin mənbəyi, constcourt.gov.az

Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiq edib.

Azərtacın məlumatına görə, Məhkəmə Plenumuna Fərhad Abdullayev rəhbərlik edib və iclasda Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair yekun qərar qəbul olunub.

Məhkəmə sədri Fərhad Abdullayev qərarı elan edərkən bildirib ki, "işlərində yol verdikləri nöqsanlara görə 87 məntəqə seçki komissiyası buraxılıb".

Konstitusiya Məhkəməsinin iclasında çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, seçkilər zamanı 4 seçki dairəsinin və ümumilikdə 54 seçki dairəsini əhatə edən 328 seçki məntəqəsinin nəticələri ləğv edilib, amma bu ümumi nəticələrə təsir etməyib.

"Sosial şəbəkələrdə qanun pozuntularının olduğunu göstərən kadrlar yayılıb, amma bu ümumi seçki məntəqələrinin 4-5 faizini əhatə edib. 94-95 faiz məntəqələrdə hər şey qaydasında olub", - Məzahir Pənahov deyib.

Bir neçə keçmiş namizəd Konstitusiya Məhkəməsi qarşısında etiraz aksiyası keçirib.

Etiraz edən keçmiş namizədlərdən Fərhad Mehdiyev BBC News Azərbaycancaya deyib ki, onlar seçkilərin nəticələrinə etiraz edirlər.

"Bununla seçki saxtakarlığını unutmadığımızı onunla qanuni yollarla mübarizə aparacağımızı və haqlarımız uğrunda Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyimizi göstərmək üçün buradayıq" - Fərhad Mehdiyev deyib.

Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərə dair Mərkəzi Seçki Komissiyasının (MSK) və dairə seçki komissiyalarının protokolları fevralın 26-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilib.

Hakim Yeni Azərbaycan Partiyası 2019-cu ilin dekabrın 2-də gözlənilməz addım ataraq Milli Məclisin özünü buraxması üçün təşəbbüs göstərib.

Rəsmi səbəb belə olub ki, Milli Məclisin fəaliyyəti Prezidentin bəyan etdiyi islahatlar xəttinə uyğun deyil. Bundan iki gün sonra Azərbaycan Konstitusiya Məhkəməsi bu qərarın ölkə Konstitusiyasına uyğunluğunu təsdiq edib.

Prezident növbədənkənar seçkini fevralın 9-na təyin edib.

Fevralın 9-da Azərbaycandan erkən parlament seçkisi keçirilib. Bu seçkilərdə 125 mandat uğrunda 1300-dən çox namizəd mübarizə aparıb. Ölkə üzrə ümumi seçki fəallığı 47,81 faiz olub.

İlkin nəticələri MSK elə həmin gecə açıqlayıb.

Seçkilər başa çatdıqdan sonra bir sıra müxalifət partiyalarının nümayəndələri və ictimai fəallar seçki nəticələrinə etiraz edib və MSK-nın binası qarşısında aksiyalar keçiriblər.

Şəklin mənbəyi, AZERTAG, APA

Şəklin alt yazısı,

Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Çingiz Qənizadə və Rauf Arifoğlunun dairəsinin nəticələri ləğv edilib

Fevralın 13-də Mərkəzi Seçki Komissiyasının iclasında Hadı Rəcəbli, Çingiz Qənizadə, Hüseynbala Mirələmov və Rauf Arifoğlunun lider olduğu dairələrin nəticələri ləğv edilib.

Bunlar müvafiq olaraq, 35 saylı Xətai III, 74 saylı Lənkəran Kənd, 33 saylı Xətai I Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairələrinin nəticələri olub.

Hüseynbala Mirələmov və Hadi Rəcəbli hakim Yeni Azərbaycan Partiyasından, Çingiz Qənizadə və Rauf Arifoğlu bitərəf namizədlər olaraq seçkiyə qatılıblar.

MSK həmçinin ölkə üzrə onlarla seçki məntəqəsinin nəticələrini ləğv edib.

ATƏT-in Seçki Müşahidə Missiyası açıqladığı ilkin hesabatda Azərbaycanda keçirilən 9 fevral seçkilərində "əsl rəqabətin" və "seçimin olmadığını" bildirib.

"Məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanda erkən parlament seçkilərində əsl rəqabətə mane olub", - ilkin hesabatda göstərilib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkinin "uğurlu" keçdiyini bildirib.

"MSK bütün gərəkli addımları atdı ki, seçkidə iştirak etmək istəyən Azərbaycan vətəndaşları iştirak edə bilsinlər. Bu seçkidə biz analoqu olmayan fəaliyyət göstərdik. Geniş ictimaiyyət də seçkini yüksək qiymətləndirdi", cənab Pənahov deyib.