"Bizim evlərimizin sökülməsi höküməti park salınması qədər narahat etmir"- "Sovetski" sakinləri

  • İlkin Həsənov
  • BBC News Azərbaycanca, Bakı

Video açılmırsa YouTube-dan izləyin.

Samir Məmmədov indiyə kimi Yasamal rayonu Vidadi küçəsi 11 ünvanında yaşayıb.

Onun sözlərinə görə, 3-cü ildir ki, icra hakimiyyəti orqanları onun və qonşuluqda yaşayan onlarla ailənin yaşamaq hüququnu kobud şəkildə pozub.

Onun evinin ətrafı dağıdılıb və kommunal xidmətlər 3 ilə yaxındır ilbəil kəsilərək bina yararsız hala salınıb.

Bu ərazidə yaşayan Yaşar Əliyevin evi də sökülüb. "Yataq otağının və qonaq otağının döşəmələrini söküb odun peçində istifadə edirəm" - Yaşar Əliyev deyir.

Onun evi sökülərkən Yaşar Əliyev və oğlu polis tərəfindən müvəqqəti saxlanılıb sonra buraxılıblar.

Onun oğlu Orxan Əliyev deyir ki, məhkəmə atasının evdən çıxarılması barədə qərar verdiyi zaman özünün və bacısının hüquqlarını pozub.

Orxan Əliyev deyir ki, onun hüququnu məhkəmə ilə yanaşı Bakı Şəhər İcra Hakimiyyəti və Yasamal İcra Hakimiyyəti və Maliyyə Nazirliyi də pozub.

Vəkil Cavad Cavadovun sözlərinə görə, evin digər iki mülkiyyətçisinə münasibətdə qüvvədə olan məhkəmə qərarı yoxdur.

Ərazidə evlərini tərk etməyən onlarla ailədən biri də Səbinə Nadirzədənin ailəsidir.

Səbinə xanım deyir ki, burada yaşayan əhalinin vəziyyəti, mülkiyyət hüquqları dövləti və icra məmurlarını park salınması qədər maraqlandırmır.

Fuad Nəcəfovun evi artıq sökülüb, amma hər dəfə sakinlərdən kiminsə evinin sökülməsi xəbəri çıxanda toplaşan qonşulardan biridir.

Onun 1898-cu ildən tikilmiş və neçə nəsildir onlara məxsus olan evi ötən ayın əvvəli sökülüb.

Ərazidəki evi sökülmək təhlükəsi ilə üz-üzə qalanlardan biri də Rəşad Məmmədovdur.

Vəkilin sözlərinə görə, bu ərazidəki digər evlərlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarları yoxdur.

Rəsmi qurumlarla bir neçə gündür əlaqə saxlamaq mümkün olmayıb.

Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, "Sovetski" kimi tanınan ərazilərdə söküntü işləri ilə Yasamal rayon İcra hakimiyyəti məşğul olur.

"Bakı Şəhər İcra hakimiyyətinin əməkdaşları ora Bakı ərazisi olduğundan prosesdə iştirak edirlər"- Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov deyib.