Koronavirus: İrandan təxliyə edilən 276 Azərbaycan vətəndaşı karantinə götürülüb

İrana Gömrük-sərhəd keçid məntəqəsi

Şəklin mənbəyi, Azertag

Çərşənbə günü İranda olan 276 nəfər Azərbaycan vətəndaşı Azərbaycana keçib, Nazirlər Kabinetinin yanında operativ qərargah bildirib.

Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva BBC News Azərbaycancaya deyib ki, "İrandan Azərbaycan vətəndaşlarının təxliyəsi könüllü müraciət əsasında həyata keçirilir".

Qərargahın məlumatına görə, İrandakı Azərbaycan vətəndaşlarının Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş Konsulluğunun qaynar xəttlərinə daxil olan müraciətləri qeydiyyata götürülür.

"Vətəndaşlarımızın qayıdışı sərhəd keçid məntəqəsində əvvəlcədən müəyyən edilmiş vaxtlarda fəaliyyət göstərən xüsusi dəhliz vasitəsilə həyata keçirilir. Bu məqsədlə İrandan Astara sərhəd-keçid məntəqəsinə gələn vətəndaşlar müvəqqəti qalma yerləri və zəruri şəraitlə təmin edilib".

Qərargah sözügedən vətəndaşların xüsusi ayrılmış avtobuslarla karantin zonalarına aparıldığını bildirib.

İrandan qayıdan vətəndaşlar mütləq şəkildə 14-29 gün müddətinə karantin rejiminə yerləşdirilir.

Səhiyyə Nazirliyi müşavirə keçirib

Martın 4-də Səhiyyə Nazirliyində koronavirusla bağlı müşavirə keçirilib.

Nazirlər Kabineti yanında operativ qərargah məlumat verir ki, müşavirədə "epidemiya təhlükəsinə qarşı tədbirlərin Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla, birgə səylərlə davam etdirilməli" olduğu bildirilib.

Müşavirədə Azərbaycanda koronavirus infeksiyasının yoxlanılması ilə bağlı "kifayət qədər test ehtiyatının olduğu" bildirilərək ehtiyac yarandığı təqdirdə ölkəyə əlavə testlərin gətirilməsi məsələləri müzakirə olunub.

Nazirlər Kabineti yanında operativ qərargah bundan əvvəl bildirmişdi ki, ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb.

"İran İslam Respublikası ilə sərhəddə profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə səyyar çadırlar qurulub", - Nazirlər Kabineti bildirmişdi.

Çin, Almaniya və digər ölkələrlə aparılan danışıqlar nəticəsində lazımi avadanlıqların, preparatlarının, mütəxəssislərin Azərbaycana gətirilməsi üçün müvafiq razılaşma əldə olunub, Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatında qeyd olunub.

İranla sərhəd bağlanıb

Fevralın 29-da Azərbaycan koronavirusa görə İranla sərhədini bağladı. Şənbə günü İrandan Azərbaycana qayıdan iki Azərbaycan vətəndaşında koronavirus aşkar edilib. Bununla da xəstələrin ümumi sayı 3-ə çatıb.

"Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 29 fevral 2020-ci il tarixindən saat 16.00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunmuşdur", - şənbə günü yayımlanan Nazirlər Kabinetinin qərarında deyilir.

Prezident İlham Əliyev martın 3-də Azərbaycanda koronavirusla mübarizədə "lazımi tədbirlərin daha sürətli görülməsi üçün" 10 milyon manat vəsait ayırıb.

Azərbaycanda indiyədək 3 nəfərdə koronavirusun aşkarlandığı, 224 nəfərin isə koronavirus şübhəsi ilə həkim nəzarətində olduğu bildirilirdi.

Ölkənin bütün təhsil müəssisələrində təlim-tədris prosesi martın 3-dən 9-dək dayandırılıb.