İlham Əliyev: "Bu adam nəyin hesabına varlanıb?"

İlham Əliyev

Şəklin mənbəyi, President.az

Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq, Prezident İlham Əliyev Neftçala və İsmayıllı rayonlarına yeni təyin etdiyi icra başçılarını qəbul edərkən deyib.

Prezident söyləyib ki, "hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıb".

"Bundan sonra əgər kimsə dövlət işində, xüsusilə icra başçısı vəzifəsində işləmək istəyirsə, bax, bu prinsiplər əsas olmalıdır", - o qeyd edib.

İlham Əliyev deyib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı dözümlülük "sıfır səviyyəsində olmalıdır".

Prezident fevralın 20-də Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində rüşvətə görə şübhəli şəxs qismində saxlanılan Neftçala rayonunun keçmiş icra başçısı İsmayıl Vəliyevi tənqid edib.

"Neftçalanın keçmiş icra başçısının biabırçı hərəkətləri xalqda nifrət hissi oyadır. Kabinetdə müxtəlif adamlardan rüşvətin alınması biabırçı mənzərədir. Bir də ki, o adamın iş otağındakı hərəkətləri, onun əynindəki geyim, cinsdə, ev paltarında adam iş otağında ola bilər? Rəhbər iş otağında bu geyimdə hansı nümunə göstərir bütün məmurlara? Ona görə bu biabırçı kadrlar, əlbəttə, onu göstərir ki, bu insanın və buna oxşar insanların mənəvi deqradasiyası nə dərəcədədir".

İsmayıl Vəliyevin bu ittihamlara cavabı məlum deyil - onun vəkililə əlaqə saxlamaq mümkün olmayıb.

"Rüşvətxorluq və korrupsiya sistem xarakter daşıyırdı"

İlham Əliyev deyib ki, Neftçalada rüşvətxorluq və korrupsiya "bütün qurumları sarsıtmışdı".

"Məktəblərdə rüşvətxorluq kütləvi xarakter alır. Məktəb direktorlarından haqq tələb olunur, bələdiyyələrdən rüşvət tələb olunur, ictimai əsaslarla ödənişli iş yerlərinə insanlar cəlb edilmir, onların ödəniş kartları götürülür və icra başçısı tərəfindən o pullar çəkilir. Eyni zamanda, dövlətdən maaş alan və ödənişli ictimai yerlərdə işləməli olan həmin vətəndaşlar icra başçısına aid bir çox kommersiya obyektlərində və təsərrüfatlarda qul kimi işlədilir".

"Bu adam nəyin hesabına varlanıb?"

İlham Əliyev NeftçaMərkəzi Rayon Xəstəxanasının keçmiş baş həkimi, rüşvətə görə şübhəli şəxs qismində saxlanılan Telman Zahidovun düzgün işləmədiyini, xəstəxanada bütün şöbələrin baş həkimə "aylıq haqq ödədiyini" deyib."

"Təsəvvür edin, rayonun ən zəngin insanlarından biri Mərkəzi Rayon Xəstəxanasının baş həkimidir. Onun varidatı haqqında indi hüquq mühafizə orqanları məlumat əldə ediblər. Bu adam nəyin hesabına varlanıb? Bu, biznesmendir? Yox. Bu, ixtiraçıdır? Yox. Buna böyük miras qalıb? Yox. Nəyin hesabına? Xəstələrin boğazından kəsilən pullar hesabına. Yazıq xəstələr məcbur olub bu tamahkar insanlara pul veriblər ki, öz sağlamlıqlarını təmin etsinlər. Ona görə bu yolla gedən hər bir adam bilməlidir ki, bunun axırı olacaq".

"Mənim tapşırıqlarımı yerinə yetirmək lazımdır"

İlham Əliyev yeni icra başçılarına tapşırıqlar verərkən deyib: "Mənim tapşırıqlarımı yerinə yetirmək lazımdır".

Tapşırıqları sadalayan Prezident bildirib ki, onlar "vətəndaşlarla bir yerdə olmaq, daim xalq arasında olmaq, xalqın qayğıları ilə yaşamaq, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparmaq, rayonların sosial-iqtisadi inkişafına töhfə vermək"dən ibarətdir.

İlham Əliyev söyləyib ki, yeni icra başçıları rayonda iqtisadi artımı təmin etməli, iş yerlərinin yaradılması ilə bağlı əməli addımlar atmalı, sərmayənin gətirilməsinə nail olmalıdır.

"Həm xarici investorları, həm də yerli investorları cəlb etmək üçün hər bir rayonun başçısı fəal işləməlidir. Bu tapşırıqları mən əvvəllər də vermişəm. Bəzi rayonlarda bu sahədə yaxşı nəticələr var, bəzi rayonlarda investisiya qoyuluşu zəifdir. Bunun obyektiv səbəbləri də ola bilər. Rayonların potensialı eyni deyil, amma buna baxmayaraq, hesab edirəm ki, Azərbaycanın müasir infrastruktur potensialını nəzərə alaraq hər bir rayon investorlar üçün cəlbedici ola bilər. Sadəcə olaraq, yerli icra orqanlarının rəhbərləri oturub bu investisiyaları gözləməməlidirlər. Özləri fəal olmalıdırlar, özləri investorları tapmalıdırlar, onları inandırmalıdırlar və cəlb etməlidirlər".

Onun sözlərinə görə, bəzi hallarda investor qarşısında "süni əngəllər törədilir və ya yerli yerli icra orqanları ona qarşı əsassız və qanunsuz tələblər irəli sürürlər".

Dövlət Təhlükəsizlik Xidməti fevralın 20-də Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində azı 6 vəzifəli şəxsi əsasən rüşvətə görə şübhəli şəxs qismində saxlayıb.

Saxlanmış şəxslər rayon icra hakimiyyəti başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, eləcə də Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri olub.

2019-cu il dekabrında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov, Yevlax rayonunu keçmiş icra başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmışdılar.

DTX-nın yaydığı məlumata görə, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, dövlət vəsaitini mənimsəməkdə, külli miqdarda rüşvət almaqda şübhəli bilinirdilər.