Azərbaycanda koronavirus: 312 nəfər karantindən buraxılıb

Üs maskalı kişi

Şəklin mənbəyi, Aziz Karimov/Getty

Azərbaycanda 312 nəfər karantindən buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahı bildirib ki, onların müayinə və laborator analizlər vasitəsilə infeksiyaya yoluxma faktı təsdiq olunmayıb və səhhətləri şübhə doğurmayıb.

Bazar ertəsi günü İrandan qayıdan daha iki Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb,

Bununla Azərbaycanda koronavirus infeksiyasına yoluxanların rəsmi sayı 11 nəfərə çatıb.

Operativ qərəgahın məlumatına görə, onlar 1966 və 1978-ci il təvəllüdlü iki şəxsdir.

Rəsmi məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlərin səhhətləri normaldır.

Qərəgahın məlumatında o da bildirilib ki, ötən şənbə günü "koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil-orta ağırdır".

Onun müalicəsi üçün "lazımi tədbirlərin görüldüyü" bildirilib.

Nazirlər Kabinetinin saytında verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin vəziyyəti stabildir.

Ötən həftənin şənbə günü İrandan Azərbaycana gələn üç Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, Nazirlər Kabineti yanında operativ qərargah açıqlayıb.

Rəsmi məlumata əsasən, onlardan biri 1938-ci il təvəllüdlü şəxs olub. O, İrandan qayıtdıqdan bir müddət sonra xəstəxanaya müraciət edib.

1993-cü və 1994-cü il təvəllüdlü daha iki nəfər İranın Qum şəhərində təhsil alan tələbələrdi. Onlarda infeksiya İran-Azərbaycan sərhədini keçərkən aşkarlanıb.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilən hər üç pasiyentin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir, qərargahın açıqlamasında qeyd olunub.

Sonuncu dəfə 3 nəfərdə virusun aşkar olunması barədə rəsmi məlumat ötən həftənin çərşənbə axşamı günü yayılmışdı. Qərargah virusa yoluxanların ikisinin İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşı, birinin isə Almaniya vətəndaşı olduğunu bildirib.

Şəklin mənbəyi, Getty Images/Aziz Karimov

Ötən həftənin çərşənbə günü İranda olan 276 nəfər Azərbaycan vətəndaşı Azərbaycana keçib, Nazirlər Kabinetinin yanında operativ qərargah bildirib.

Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilir.

Fevralın 29-da Azərbaycan koronavirusa görə İranla sərhədini bağladı. Bundan əvvəl İrandan Azərbaycana qayıdan iki Azərbaycan vətəndaşında koronavirus aşkar edilib.

Azərbaycanda koronavirusun ilk halı 28 fevralda qeydə alınıb. Martın 9-da qeydə alınan yoluxma hadisələri ilə birlikdə ölkə üzrə yoluxanların rəsmi sayı 11-ə çatıb.

Şəklin mənbəyi, Getty Images

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva BBC News Azərbaycancaya deyib ki, "İrandan Azərbaycan vətəndaşlarının təxliyəsi könüllü müraciət əsasında həyata keçirilir".

Qərargahın məlumatına görə, İrandakı Azərbaycan vətəndaşlarının Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş Konsulluğunun qaynar xəttlərinə daxil olan müraciətləri qeydiyyata götürülür.

İrandan qayıdan vətəndaşlar mütləq şəkildə 14-29 gün müddətinə karantin rejiminə yerləşdirilir.