Azərbaycan: koronavirusa yoluxanların sayı 6860, ölənlərin sayı 82 olub

bu gün Azərbaycanda daha 338 nəfərdə koronavirusa yoluxma aşkarlanıb

Bu gün Azərbaycanda daha 338 nəfərin koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib ki, COVID-19 üçün analiz nümunələri müsbət çıxmış 1940-cı, 1957-ci (iki nəfər) və 1972-cü il təvəllüdlü dörd nəfər vəfat edib.

Azərbaycanda indiyədək 6860 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3871 nəfər müalicə olunaraq sağalıb, 82 nəfər vəfat edib, 2907 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 66 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 328.385 test aparılıb.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.

Martın 24-dən qüvvədə olan xüsusi karantin rejimi iyunun 15-dək uzadılıb.

Nazirlər Kabineti mayın 4-dən etibarən xüsusi karantin rejimini bir qədər yumşaldıb.

Fotonun müəllifi Jordan Pix/Getty Images

Operativ qərargah infeksiyanın yayılmasın yol verməmək üçün vətəndaşlardan bəzi tələblərin olduğunu açıqlayıb:

  • Özünütəcrid tədbirlərinə uyğun davranmaq,
  • Yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq,
  • Digər şəxslərlə minimum kontaktda olmaq,
  • İnsanların sıx toplaşdığı yerlərə getməmək,
  • Mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək

Hazırda Azərbaycanda koronavirusa yoluxma halları təkcə ölkəyə xaricdən gələn şəxslər arasında aşkar edilmir, həm də artıq ölkə daxilində insanların bir-birini yoluxdurması faktları aşkarlanır, qurum bəyan edib.

Nazirlər Kabineti konkret şəhər və rayonların adını çəkməsə də, Azərbaycanın müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma hallarının olduğunu bildirib.

Rəsmilər bildiriblər ki, azyaşlı uşaqları olan ailələrə, yaşlılara, tibbi yardıma ehtiyacı olan şəxslərə, qadınlara üstünlük verilməklə məhdud çərçivədə və zəruri hallarda vətəndaşların müəyyən olunmuş qrafik çərçivəsində 14-21 gün müddətinə karantinə yerləşdirilməklə digər ölkələrdən Azərbaycana gətirilməsi davam edir.

Xarici ölkələrdə qalan Azərbaycan vətəndaşlarından indiyədək təxminən 10 min nəfərin təxliyə edildiyi deyilir.

Fotonun müəllifi Aziz Karimov/Getty Images

"…Azsaylı bəzi şəxslərin, ehtiyacı olmadığı halda, təxliyədən sui-istifadə etmələri, təxliyə üçün təyyarə göndərilən zaman geri qayıtmaqdan imtina etmələri və sonradan təxliyə olunmaq üçün "xüsusi" təyyarə göndərilməsi iddiası ilə çıxış etmələri, xarici ölkələrdə COVİD-19 virusuna yoluxmuş şəxslərlə təmasları gizlətmələri, bu barədə yanlış məlumat vermələri və dövlət qurumlarının öz qanuni fəaliyyətini həyata keçirməsinə maneə olmaq və dövlətin gördüyü işlərə qarayaxma cəhdləri kimi təəssüf doğuran və məsuliyyətsiz hallar da vardır", - rəsmi məlumatlarda vurğulanıb.

Hökumət koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində vətəndaşların geri qaytarılması zamanı Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin insanları qəbuletmə imkanlarının əsas götürüldüyünü bildirib.

Bəzi ölkələrdə hələ də təxliyəsini gözləyən azərbaycanlılar var.

"Tibb işçiləri qapı-qapı gəzməyəcək"

Fotonun müəllifi EPA

Mart ayının ortalarında Azərbaycanda ərazi üzrə sahə həkimlərinin və ya tibb bacılarının ev-ev gəzərək qeydiyyat apardıqları və sakinlərin hərarətini ölçmələri barədə məlumatlar barədə BBC News Azərbaycancaya məlumat daxil olub.

TƏBİB-dən BBC News Azərbaycancaya bildirilib ki, Azərbaycanda tibb işçiləri sakinlərin vəziyyətini telefonla yoxlayacaq.

Bundan başqa, sosial mediada bəzi istifadəçilər bunun həmin işçilər üçün nə dərəcədə təhlükəsiz olmalarını sorğulayıb.

TƏBİB-dən BBC News Azərbaycancaya verilən məlumata görə, həmin işçilərin təhlükəsizliyi ilə bağlı narahatlıq olmayıb. "Onların maskaları olub", - qurum bildirib.

Qurum daha ətraflı məlumat veriləcəyini qeyd edib.

Fotonun müəllifi Reuters

Hər gün neçə yeni yoluxma halı var?

Hər gün koronavirusa yeni yoluxanlar olur.

Nazirlər Kabineti yanında operativ qərargah bildirib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Artıq ölkədə koronavirus təkcə təxliyə edilən şəxslərdə yox, həm də ölkə daxilində də insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.

İndiyədək ölkəyə Almaniya, Fransa, Türkiyə və İrandan Azərbaycana qayıdan şəxslərdə koronavirus aşkarlanıb.

Azərbaycanda koronavirusla bağlı "sosial təcrid" tədbirləri barədə qərar qəbul edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə kütləvi tədbirlər təxirə salınıb və ya ləğv olunub.

Martın 14-də Neftçi futbol klubu öz fəaliyyətini dayandırması barədə açıqlama verib.

Müvafiq tədbirlər barədə Müdafiə Nazirliyi də xəbər yayıb. Məlumata əsasən, Müdafiə Nazirliyində keçirilən müşavirədə kütləvi tədbirlərin məhdudlaşdırılması və valideynlərlə görüşlərin müvəqqəti dayandırılması barədə göstəriş verilib.

Martın 15-dən 19-dək "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzləri məhdud fəaliyyət göstərəcək, xidmətin saytında bildirilir.

Fotonun müəllifi Getty Images

Koronavirusa qarşı "sosial izolyasiya" tədbirləri barədə daha ətraflı bu keçiddən oxuyun:

Azərbaycanda koronavirus: Toy və yaslara qadağa, apteklər və mağazalar əvvəlki kimi işləyəcək.

Koronavirusla bağlı digər məlumatlarla BBC News Azərbaycancanın müntəzəm yenilənən xüsusi səhifəsində tanış ola bilərsiniz.

Bu barədə daha geniş