Bakıya giriş qadağandır - nə etməliyəm? 6 suala cavabda

sıxlıq, tıxac, yol bağlanıb, Moskva prospekti, yol təmiri

Azərbaycan hökumətinin koronavirusla mübarizə tədbirləri nəticəsində bu gündən Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna bu gündən girişin məhdudlaşdırılması əhalidə "çaşqınlıq yaradıb".

Xüsusən bölgə qeydiyyatında olub, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti yaşayan şəxsləri maraqlandıran suallar arasında "görəsən rayonumuza getsəm qayıda biləcəyəmmi" sualı narahat edir.

Bakı, Sumqayıt və Abşeron sakinlərini isə "görəsən, yaşadığım şəhərdən çıxa bilərəmmi" sualı maraqlandırır.

BBC News Azərbaycanca bu və digər suallara cavab axtarıb.

1. Məhdudiyyət hansı ərazilərə və kimlərə tətbiq olunacaq?

Giriş məhdudiyyəti Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonunu əhatə edir.

Rayon qeydiyyatında olan şəxslərin məhdudiyyət qüvvədə olarkən bu ərazilərə girmələri mümkün olmayacaq.

2. Məhdudiyyət hansı müddətə qoyulub?

Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş məhdudiyyəti hələ ki, mart ayının 19-dan 29-dək davam edəcək. Bu məhdudiyyət müddətinin uzadılıb-uzadılmayacağı hələ ki, məlum deyil.

3. Qadağa kimlərə aid deyil?

Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan maşınların hərəkəti sərbəstdir.

Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına görə, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların bu ərazilərdə qeydiyyatda olan sərnişinlərinin Bakı şəhərinə giriş-çıxışı sərbəstdir.

Lakin qərargah Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan avtomobillərin və sərnişindaşıma nəqliyyat vasitələrini qeydiyyatda olduqları yaşayış məntəqələrindən kənara səfər etməkdən və sərnişin daşımaqdan çəkinməyə çağırır.

4. Paytaxtda yaşayıram, rayon qeydiyyatındayam. Bölgələrə getsəm, qayıda biləcəyəmmi?

Məhdudiyyət martın 19-dan tətbiq olunmağa başlasa da, operativ qərargah və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin razılaşmasına əsasən, sərnişin avtobusları və Bakı Beynəlxalq Avtovağzal Kompleksi 19-21 mart tarixlərində adi iş rejimində çalışacaq.

Beləliklə, həm Bakı, həm də digər bölgələrdə qeydiyyatda olan vətəndaşların Bakı, Sumqayıt şəhərlərindən və Abşerondan bölgəyə getmələri bu müddət ərzində təmin olunacaq.

Martın 27-si və 28-də isə yalnız Bakı, Sumqayıt və Abşeron qeydiyyatında olan və regiondan paytaxta qayıtmaq istəyən sərnişinlər şəxsiyyət vəsiqələrinin yoxlanılması şərti ilə geri dönüş bileti əldə edə biləcəklər.

Bu müddətdən öncə Bakı, Sumqayıt və Abşerona qayıtmaq istəyən şəxslər yalnız Bakı qeydiyyatında olan şəxsi nəqliyyatları ilə geri qayıtmalı olacaqlar.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, sərnişin daşıyan avtobuslar "ehtimal ki, yalnız postlarda və ya avtovağzallarda dayana biləcəklər".

5. Fors-major hal yaranarsa, bölgə qeydiyyatlı vətəndaş Bakıya necə giriş edə bilər?

Nazirlər Kaqbineti yanında operativ qərargahın "qaynar xətt"indən BBC News Azərbaycancaya "fors-major hallar üçün rayon qeydiyyatlı vətəndaşların Bakı, Sumqayıt şəhərlərindən və Abşerona "girişi üçün qərarda xüsusi bənd nəzərdə tutulmayıb".

Lakin yollarda qurulmuş postlarda fəaliyyət göstərən rəsmilər vəziyyəti "konkret hal nəzərə alınmaqla" qiymətləndirə bilər.

6. Bəs bu istiqamətdə gələn şəxsi maşınlardakı sərnişinlər yoxlanışı necə aparılacaq?

Dövlət Yol Polisinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov BBC News Azərbaycancaya "bölgələrdən bu istiqamətdə gələn avtomobillər və sərnişinlərin yoxlanışını asanlaşdırmaq üçün müvafiq postlara bir kilometr qalmış yolun hansı zolağı ilə getməklə bağlı məlumatlandırılacaqlarını" deyir.

"Postlara çatdıqda DYP-nin əməkdaşları hər cərgədə iki inspektor olmaqla tez bir şəkildə vətəndaşların sənədlərini bizim texniki avadanlığımız vasitəsilə yoxlayıb, onları müvafiq yerə yönləndirəcəklər".

Bölgələrdən gələn vətəndaşların qeydiyyatını yoxlamaq üçün yoxlama-buraxma məntəqələri Bakı-Şamaxı yolunun 31 kilometrliyində, Bakı-Quba yolunun 45-ci kilometrliyində və Bakı-Salyan yolunun 65-ci kilometrliyində qoyulub.

Martın 17-də Nazirlər Kabinetinin verdiyi qərarla bu gündən Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşınması martın 29-dək məhdudlaşdırılıb.

"Xüsusi buraxılış rejimi qaydalarını pozan şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri tətbiq olunacaq", operativ qərargahın məlumatında deyilir.

Nazirlər Kabineti yanında operativ qərargah həmçinin bildirib ki, Sumqayıt və Abşeron istisna olmaqla ölkənin bütün şəhər və rayonlarından qatar vasitəsi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna, sərnişin daşınması da dayandırılır.

"Ölkə ərazisindəki hava limanlarından Bakıya sərnişin daşınmasına fasilə verilir," - məlumatda qeyd olunur.

Qərargahın məlumatında "ticarət əlaqələrinin saxlanması, ərzaq və başqa gündəlik tələbat mallarına ehtiyacı təmin etmək məqsədilə bütün nəqliyyat vasitələri ilə yükdaşımaları sərbəstdir" deyilir.

Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb.

Rəsmi qurumlara əsasən, hazırda Azərbaycanda 33 nəfər aktiv korona virus xəstəsi var.

Ölkədə indiyədək bu virusdan bir nəfər ölüb, 11 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi"-nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, indiyə qədər xəstəlik aşkar olunmadığı üçün 711 nəfər karantindən evə buraxılıb. "Hazırda karantində 560 nəfər var, bu günə qədər 4200-ə qədər müayinə aparılıb", o deyib.

Bu barədə daha geniş