Tofiq Yaqublu haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib

Tofiq Yaqublu

Müsavat partiyasının üzvü Tofiq Yaqublu barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib, onun vəkili Elçin Sadıqov BBC News Azərbaycancaya bildirib.

O, 3 saylı cəzaçəkmə müəssisəsinə aparılır.

Bazar günü saxlanan Tofiq Yaqubluya "xuliqanlıq" maddəsi ilə cinayət işi açılıb.

Tofiq Yaqublu ona qarşı açılan cinayət işini qəbul etmir və ona "şər, böhtan" atıldığını deyir. Bunu BBC News Azərbaycancaya onun qızı Nigar Həzi deyib.

Nə baş verib?

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidovun sözlərinə görə, martın 22-də Tofiq Yaqublunun idarə etdiyi avtomobil başqa bir avtomobillə toqquşub.

"Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər", cənab Zahidov deyib.

Tofiq Yaqublunun qızı Nigar Həzi bütün ittihamları rədd edir.

"İttihamlar saxtadır, qondarmadır, haqsızdır. Tofiq Yaqublu maşında oturub gözləyirmiş, gəlib vurublar. O özü polisi çağırıb ki, maşınımı vurublar. Özü zərərçəkən olsa da, indi ittihamçı durumuna düşüb", Nigar Həzi deyir.

Faktla bağlı "xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda maddəsi" ilə cinayət işi başlanılıb və Tofiq Yaqublu şübhəli şəxs qismində saxlanılıb, Ehsan Zahidov qeyd edib.

Ehsan Zahidov deyir ki, "Tofiq Yaqublu oxşar əməllərinə görə daha əvvəl üç dəfə həbs edilib".

Nigar Həzinin sözlərinə görə, Tofiq Yaqublunun saxlanması onun siyasi fəaliyyəti və sosial mediada yazdığı tənqidi yazıları ilə bağlıdır.

"Tofiq Yaqublu bir müddət əvvəl bir aylıq inzibati qaydada həbs edildi, işgəncə verildi. Ona xəbərdarlıq etmişdilər ki, bir daha yazmağa davam etsən, səni həbs edəcəyik".

Nigar Həzi deyir ki, Tofiq Yaqublunun həbsi prezident İlham Əliyevin son çıxışından sonra oldu.

Prezident İlham Əliyev Novruz bayramı ilə bağlı təbrikində "5-ci kolon" barədə danışıb və koronavurisla bağlı görülən tədbirlərə baxmayaraq "məsuliyyətsiz yanaşanların olduğunu" deyib.

"Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir", cənab Əliyev qeyd edib.

Cənab Əliyev həmçinin bildirib ki, "ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq".

Nigar Həzi deyir ki, hazırda vəkili Tofiq Yaqublu ilə görüşə bilmir.

Müsavat partiyasının üzvü 2019-cu ildə Milli Şuranın 19 oktyabrda Bakıda keçirilən etiraz nümayişində saxlanılıb və onun barəsində 30 gün inzibati həbs qərarı verilmişdi.

Bundan əvvəl 2014-cü ildə isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi Müsavat başqanının müavini Tofiq Yaqublunun azadlıq hüququnun pozulmasını tanıyıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş