Koronavirus: rayon və şəhərlərə giriş-çıxış məhdudlaşdırıldı

Baki

Azərbaycanda digər rayon və şəhərlərə də giriş-çıxış məhdudlaşdırılır, Daxili İşlər Nazirliyi (DİN) açıqlayıb.

Bu tədbir koronavirus infeksiyasından vətəndaşların qorunması məqsədilə təsdiq olunub, DİN-in sözçüsü Ehsan Zahidov BBC News Azərbaycancaya bildirib.

Nazirlər Kabinetinin sözçüsü İbrahim Məmmədov yerli mediaya bildirib ki, artıq infeksiya "regionlara da yayılmağa başlayır ki, buna da nəzarət etmək çətinləşir".

Cənab Zahidovun sözlərinə görə, zəruri nəqliyyat vasitələrinin - ərzaq, yük təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkətinə icazə verilir. Bu qərar aprelin 20-dək qüvvədə olacaq.

Ölkədə artıq 3 nəfər COVID-19 koronavirus infeksiyasına görə ölüb. 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir. 15 nəfərin sağaldığı deyilir. Hökumət ölkə daxilində yoluxanların üstünlük təşkil etdiyini açıqlayıb.

Azərbaycanda 24 martdan 20 aprelədək xüsusi karantin rejimi elan edilib. Bu dövrdə zəruri nəqliyyat vasitələri istisna olmaqla Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb.

Azərbaycanın Baş naziri Əli Əsədov əhalinin xüsusi karantin rejiminə əməl etmədiklərini açıqlayıb.

Sosial şəbəkələrdə koronavirusa görə işləri dayanmış şəxslər kirayə, kredit, kommunal ödənişlər və dolanışıq üçün maddi problemlərlə üzləşdiklərindən şikayətləniblər. Eyni səbəblərdən günəmuzd işləyən bəzi vətəndaşlar da evdən çıxmaq məcburiyyəti ilə üzləşdiklərini qeyd edirlər.

Karantin rejimi ilə əlaqədar həbs və cərimələr

DİN ölkədə bəzi restoran və kafelərin karantin rejimi ilə əlaqədar tətbiq edilmiş iş rejiminin pozduğunu bildirib. Cəmi üç gün ərzində saat 15.00-dan sonra da fəalliyyət göstərən 10-u paytaxtda olmaqla, 25 iaşə müəssisələrinin cərimələndiyi açıqlanıb.

Bundan başqa, sosial şəbəkələrdə və Whatsapp-da dezinformasiya yaymaqla bağlı 7 nəfər xəbərdarlıq, 5 nəfər cərimə, 3 nəfər isə həbs edilib.

Nəqliyyata qoyulan məhdudiyyətlərə rəğmən, Bakıdan rayonlara 742, əksinə 848 avtomobil postlardan geri qaytarılıb. Həmçinin ara və köməkçi yollardan keçməklə rejim qaydalarını pozduğuna görə 1 nəfər barəsində cinayət işi başladılıb, 46 nəfər cərimələnib.

Marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər

Bakı Nəqliyyat Agentliyi məlumat yayıb ki, Bakıda bəzi vətəndaşların xüsusi karantin rejiminin qayda və tövsiyələrinə əməl etməyərək zəruriyyət olmadan evdən çıxmaları ilə əlaqədar müntəzəm marşrut xətlərinin fəaliyyəti tamamilə dayandırıla bilər.

Qurum bildirir ki, səhər və axşam saatlarında bəzi istiqamətlər üzrə avtobuslarda sərnişin sıxlığı müşahidə olunur və bu da insanların sağlamlığına təhlükə yaradır və yoluxma riskini artırır.

"Belə olacağı halda müntəzəm marşrut xətlərinin fəaliyyəti tamamilə dayandırılacaq və sərnişindaşımaları yalnız müəyyən istiqamətlər üzrə hərəkət edən ekspress xətt avtobusları vasitəsilə həyata keçiriləcək", BNA bildirib.

Qurum vətəndaşlardan zərurət olmadığı halda evlərini tərk etməməyi istəyib.

BNA bildirir ki daşıyıcılara avtobuslararası intervalın mövcud epidemik vəziyyət nəzərə alınmaqla tənzimlənməsi ilə bağlı göstəriş verilib. Lakin hələ ki, gündəlik reysə çıxan avtobusların sayı azaldılmayıb.

Xüsusi karantin rejimi müddətindən əhaliyə metrolara minməmək, yerüstü nəqliyyatdan istifadəyə üstünlük vermək məsləhət görülür.

Metroların yerinə iki istiqamət üzrə 2 xüsusi ekspress avtobus xətləri təşkil edilib.

Bu barədə daha geniş