Daxili İşlər Nazirliyi: Əli Kərimlini təqib etmirik

Şəklin mənbəyi, BBC
AXCP sədri Əli Kərimli aprelin 13-dən mobil telefonunda və ev modemində internetin kəsildiyini bildirir. AXCP sədri onu da iddia edir ki, həyətdə polis nəzarəti var və onun evinə gəlmək istəyən AXCP üzvləri saxlanır.
O, hakimiyyətin koronavirusla mübarizə vəziyyətindən "AXCP-yə və Milli Şuraya qarşı "repressiya üçün istifadə etdiyini" düşünür.
YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadəyə görə, müxalifət "hakimiyyəti tənqid etdiyi kimi hakimiyyətin də öz siyasi rəqiblərini tənqid etmək hüququ" var və bəzi şəxslər belə ittihamlarla "bütün diqqəti özünə cəlb " istəyir: "Bu gün Azərbaycan cəmiyyətinin diqqəti onun problemini həll edən, yükünü daşıyan qüvvələrdədir, vaxtaşırı hay-küylü bəyənatlar verənlərdə yox".
BBC News Azərbaycancaya Əli Kərimlinin abonenti olduğu "Azercell Telekom"-dan onun telefonunda internet kəsintisi ilə bağlı bildiriblər ki, karantinə görə mobil internet trafikinin yüklənməsi xeyli artıb və bu da keyfiyyətə təsir edib.
Ancaq Əli Kərimlinin şəxsi telefonu açıqdır və o, BBC News Azərbaycancaya müsahibəni telefon vasitəsilə verib.
DİN Əli Kərimlinin və ya hansısa müxalifətçini təqib edilmədiyini, ölkədə karantin rejiminə görə polisin gücləndirilmiş iş rejimində çalışdığını deyir.
"İlham Əliyev dərnək deyəndə AXCP-ni nəzərdə tuturdu"
AXCP sədri Əli Kərimli BBC News Azərbaycancaya deyib ki, aprelin 13-də axşam o, internet televiziyalarının birində efirə çıxacaqdı, müsahibəsi anons da edilmişdi, amma canli yayımın başlamasına az qalmış onun telefonu işləməyib, interneti kəsilib.
Əli Kərimli xanımının da telefonunda əlaqənin və internet bağlantısının kəsildiyini deyir: "O gündən sonra telefon bir müddət işləmədi, sonra açıldı, internet bağlantısı hələ də bərpa olunmayıb.
Telefonumda hələ də internet yoxdur, amma ordakı Whatsapp, Siqnal və sair əlavələrimi ələ keçirməyə çalışırlar, çünki mənə ordakı kodlarla bağlı SMS gəlir, amma internet olmadığı üçün heç bir şey edə bilmirəm".
Əli Kərimli hesab edir ki, bu, onun siyasi fəaliyyəti ilə bağlı hakimiyyətinin təzyiqidir. Onun fikrincə, prezident İlham Əliyev Novruz bayramı təbrikində "bəzi müxalifət qüvvələrini düşmən elan etməsi" ona qarşı təzyiqlərə imkan yaradıb.
"İlham Əliyev çıxışında hakimiyyətin dialoq təklifindən imtina etmiş dərnək qruplaşması deyərkən AXCP-ni nəzərdə tuturdu. Bizi "5-ci kolon" adlandırır. Əliyevin çıxışının ardınca YAP-dakı müavini, icra aparatının rəhbəri Əli Əhmədov böyük bir yazı yazıb koronavirusla bərabər Əli Kərimlini də virus elan edir. Deməli, İlham Əliyev bizi düşmən elan edir, YAP-dakı müavini bizi, üstəlik virus da elan edir. Düşməni və virusu neyləyərlər? Bütün vasitələrlə məhv etməyə çalışarlar. Bu da rabitə və hüquq-mühafizə orqanlarında çalışanlara bir sifarişdir,"- Əli Kərimli BBC News Azərbaycancaya bildirib.
O iddia edir ki, təkcə internet izolyasiyasına alınmayıb, həmçinin onun yaşadığı binanın ətrafı nəzarətə götürülüb və onunla əlaqəsi olanlar təqib olunur: "Son 10 gündə 9 AXCP funksioneri həbs olunub. Həbs olunanlar şəxsən mənimlə əlaqədə olan adamlardır. Köməkçimdir, 2 mühafizəçimdir, xahişimlə mənə yeni modem almağa getmiş taksi sürücü İlham bəydir".
Əli Kərimli internet bağlantısının kəsilməsində bütün texniki nasazlıq səbəblərini rədd edir, deyir, modem dəyişib, evə usta gətirilib, amma heç bir texniki nasazlıq aşkar edilməyib: "Sizinlə danışdığım bu telefon nömrəsini uzun illərdir işlədirəm, uzun illərdir ki, Azercell abonentiyəm.
Necə ola bilər ki, abunəmi ödədiyim, internet paketi aldığım halda tam 1 həftədir ki, mənə internet vermirlər? Bu, texniki məsələ olsun, bir saat, iki saat, üç saat...
Necə oldu ki, eyni vaxtda həm mənim, həm həyat yoldaşımın, həm işlətdiyim kompüterin, həm yeni aldığım modemin hamısında problem yarandı? Uşaq da buna inanmaz. Yaxşı, bəs mənim evimə gələnlər niyə həbs olunur?"
Əli Kərimli hesab edir ki, hakimiyyət koronavirusla mübarizə vəziyyətindən istifadə edərək Milli Şura və AXCP-yə qarşı "repressiya əməliyyatı" həyata keçirir.
"Əli Kərimli orada yaşayır deyə, orada polis olmamalıdır bəyəm?"
Daxili İşlər Nazirliyi deyir ki, karantin rejimidir və ölkənin hər yerində polis gücləndirilmiş iş rejimində işləyir.
Nazirliyin sözçüsü Ehsan Zahidov BBC News Azərbaycancaya açıqlamasında Əli Kərimlinin iddialarını qəbul etmir və deyir ki, o özünü "gündəmdə saxlamaq üçün bu ittihamları səsləndirir".
Əli Kərimlinin yaşadığı binanın ətrafında polis nəzarətini isə o, karantin rejimi ilə əlaqələndirir: "Hal-hazırda xüsusi karantin rejimidir, ölkənin, paytaxtın hər yerində polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Əli Kərimli orada yaşayır deyə orda polis olmamalıdır bəyəm?"
AXCP üzvlərinin, ümumiyyətlə müxalifət təmsilçilərinin saxlanmasına gəlincə, DİN aprelin 10-da yaydığı açıqlamada bəyan etmişdi ki, müxalifət nümayəndələrini təqib edilməsi, barələrində qanunsuz olaraq hüquqi məsuliyyət tədbirləri görülməsi iddialarının heç bir əsası yoxdur və "bu cür qərəzli fikirlər cəmiyyəti çaşdırmaq məqsədi güdən dezinformasiyadan başqa bir şey deyil".
DİN karantin rejimi müddətində saxlananların olduğunu, amma onların siyasi fəaliyyətə görə yox, karantin qaydalarını pozmasına görə saxlandığını bildirib.
"Karantin günlərində mobil internetin yüklənməsi artıb"
Əli Kərimlinin "Azercell Telekomun" ünvanına səsləndirdiyi ittihamlara cavab qurumdan bildiriblər ki, onlar "bütün müştəriləri ilə bərabər davranır və onların arasında siyasi baxışlarına görə fərq qoymurlar".
Şirkətdən onu da deyiblər ki, "koronavirus infeksiyasının yayılması ilə əlaqədar elan olunan karantin günlərində mobil internet trafikinin yüklənməsi xeyli artıb və bu da müxtəlif texniki nüanslardan asılı olaraq, məlumat mübadiləsində gecikmələrə və keyfiyyət göstəricilərində dəyişikliklərə səbəb ola bilər".
Azercell əlavə edib ki, şirkət müştəri məlumatlarının məxfiliyinə xüsusi diqqət yetirir və hər hansı abunəçinin istifadəsində olan nömrə ilə bağlı istənilən məlumat, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, üçüncü şəxslərə təqdim etmir.
Millət vəkili Aydın Mirzəzədə
"Neçə imkansız ailəyə ərzaq yardımı göndəriblər?"
YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadəyə görə, müxalifət "hakimiyyəti tənqid etdiyi kimi hakimiyyətin də öz siyasi rəqiblərini tənqid etmək hüququ" var.
O əlavə edir ki, Azərbaycan hakimiyyətinin bir problemi var: o da ölkədə koronavirusun kökünü kəsməkdir:
"Adını çəkdiyiniz şəxslər (Əli Kərimli və AXCP üzvləri nəzərdə tutulur - red.) koronavirusa qarşı mübarizədə görünmürlər. Onların nə münasibətləri var, nə koronavirusdan qurtulmaq üçün təklifləri var, nə mövqeləri var. Gəlin görək adını çəkdiyiniz təşkilatın nümayəndələri Koronavirusla Mübarizə Fonduna nə qədər pul keçiriblər? Neçə imkansız ailəyə ərzaq yardımı göndəriblər? Və ya bu problemlə bağlı iqtidarın görə bilmədiyi hansı məsələni qaldırıb onun həllinə nail olublar?
Bu problem həll olunandan sonra onlar ortaya çıxıb deyəcəklər ki, keçirdikləri filan mitinqdə filan cümlə işlədiblər, hakimiyyət də buna istinad edərək koronavirus problemini həll etdi,"- millət vəkili deyir.
Aydın Mirzəzadə hesab edir ki, AXCP və Milli Şura "arxasında sosial bazası olmayan, ortada problemlərin həlli ilə bağlı konkret təkliflər qoymayan" "bir neçə şəxsdən" ibarət qurumdur, amma belə ittihamlarla "bütün diqqəti özünə cəlb etmək" istəyir: "Bu gün Azərbaycan cəmiyyətinin diqqəti onun problemini həll edən, yükünü daşıyan qüvvələrdədir, vaxtaşırı hay-küylü bəyənatlar verənlərdə yox".