20 il Baş prokuror: Zakir Qaralov necə xatırlanacaq?

Zakir Qaralov

Şəklin mənbəyi, Azertag

Zakir Qaralovu müstəqil Azərbaycanın ən uzun ömürlü Baş prokuroru saymaq olar: 2000-ci il aprelin 25-də bu vəzifəyə təyinat alan Qaralov bu postu düz 20 ildən sonra tərk etdi.

Prezidentin təqdimatı və Milli Məclisin təsdiqi ilə artıq bu vəzifəni Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə İdarəsinə rəhbərlik etmiş Kamran Əliyev tutur.

Prezident Zakir Qaralovun 20 illik fəaliyyətini təqdir edir, aprelin 30-da zəng edərək onun baş prokuror kimi "Heydər Əliyevin dövlətçilik prinsiplərinə sədaqətlə xidmət" etdiyini vurğulayıb.

YAP İdarə Heyətinin üzvü, deputat Eldar İbrahimov da BBC News Azərbaycancaya Qaralovun Baş prokuror kimi "yaxşı işlədiyini", islahatlar aparıldığı üçün yerini "daha enerjili, daha gənc" kadra verməli olduğunu deyib.

"Zakir Qaralov sistemin adamı idi, amma özünün şəxsi keyfiyyətləri də bu sistemə qulluq etməyə imkan verirdi," - siyasi təhlilçilər və müxalifət təmsilçiləri onun 20 illik Baş prokurorluq fəaliyyətini qiymətləndirərkən BBC News Azərbaycancaya bildiriblər.

Qaralovun dövründə qətllər

Zakir Qaralovun Baş prokurorluğu dövründə bir jurnalist (Elmar Hüseynov), bir yazıçı (Rafiq Tağı) qətli baş verib: hər ikisinin istintaqı (Elmar Hüseynovun qətlini ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi araşdırırdı) yarımçıq qalıb.

2005-ci ildə Beynəlxalq Bankın o vaxtkı sədrinin xanımı oğurlanıb və "Hacı Məmmədov işi" kimi tanınan cinayət işi Baş Prokurorluqdan alınıb Milli Təhlükəsizlik Nazirliyinə verilib.

2013-2014-cü illərdə Prezident ailəsinin biznesini araşdıran jurnalist Xədicə İsmayıl, Leyla Yunus, Anar Məmmədli kimi QHT rəhbərləri, bəzi ictimai fəallar həbs edilib, bəzi müstəqil QHT-lərin fəaliyyəti ilə bağlı cinayət işi açılıb. Bu cinayət işlərinə görə bəzi tanınmış QHT təmsilçiləri mühacirətə getməyə məcbur qalıb, bəzilərinin bank hesabları hələ də həbsdədir.

Düzdür, onlar artıq azadllığa buraxılıb, amma hələ də 2014-cü ildə QHT-lərlə, o cümlədən Azadlıq Radiosu ilə bağlı açılmış cinayət işləri nə yekunlaşıb məhkəməyə göndərilib, nə də onlara xitam verilib.

"Yerlərdə prokurorluğun nüfuzu yox idi"

"Üsyançı müstəntiq" kimi tanınan Rüfət Səforov deyir ki, son illərdə prokurorluq sistemindəki kadrların yarıdan çoxu test üsulu ilə qəbul olunmuş gənc hüquqşünaslar olub və qeyri-peşəkarlıqdan söhbət gedə bilməzdi: "Mən özüm də testlə prokurorluq orqanlarına qəbul olunmuşdum. Ədalət naminə deyim ki, istintaq aparmaq üçün əlimizdə kifayət qədər müasir avadanlıq, ekspertiza və başqa hüquqi alətlər vardı, şəraitimiz də vardı, maaşımız da elə aşağı deyildi".

Amma Rüfət Səfərov deyir ki, bununla belə yerli prokurorluqların ictimaiyyət arasında nüfuzu yox idi: "Mən Zərdab rayon prokurorluğunda işləmişəm, özümdən misal çəkim: əlimdə bir cinayət işi vardı, icra başçısının müavinindən ifadə almalıydım. 4 dəfə çağırış göndərdim, gəlmədi, axırda məcbur olub özüm getdim, xahiş-minnətlə ifadə aldım".

Rüfət Səfərov hesab edir ki, prokurorluğa bu münasibət Zakir Qaralovun siyasi hakimiyyətdə nüfuzunun yüksək olmamasından qaynaqlanıb.

O, Zakir Qaralovun Baş prokurorluq fəaliyyətinin "repressiv aparatın hüquqi aləti" kimi yadda qalacağını deyir: "Zakir Qaralov vətəndaş cəmiyyətinin nümayəndələrini sıradan çıxardı, QHT-lər məhz onun dövründə sıradan çıxarıldı, hüquq müdafiə təşkilatları iflic vəziyyətinə düşdü. Həbsləri xatırlatmaq istəmirəm, hamıya bəllidir".

"Müxalifətçilərin həbsində Baş prokurorluğun rolu olub"

"Baş prokurorluq müxalifətçilərin həbsində öncül rol oynayıb",- müxalif Müsavat partiyasının başqanı Arif Hacılı deyir.

Onun fikrincə, hakimiyyətdə müxtəlif yüksək vəzifə tutanlar daha çox "birinci şəxsin göstərişi ilə" hərəkət edirlər, nəinki qanun və vəzifə öhdəliyinin tələbləri çərçivəsində: "Xüsusilə avtoritar ölkələrdə Baş prokurorlar hakimiyyətə müti olan şəxslər təyin edilir ki, siyasi rəqiblərə mübarizə aparsın. Ona görə də Zakir Qaralovun prokurorluq sistemində hansısa həlledici nəticəyə nail olacağı qənaətində deyiləm".

Amma Arif Hacılı onu da hesab edir ki, Zakir Qaralov ona verilən siyasi tapşırıqları "yüksək səviyyədə" həyata keçirib: "Mən onun Baş prokurorluğu dövründə dəfələrlə həbsdə olmuşam, şübhə etmirəm ki, bunda təkcə İlham Əliyevin, həmçinin Qaralovun da rolu olub".

Siyasi rejimin keşiyində

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev üçün Zakir Qaralovun Baş prokurorluq fəaliyyəti "müəyyən siyasi qurupların təqibi" kimi assosiasiya olunur. O, son vaxtlarda baş vermiş "Nardaran işi", "Gəncə işi", "Tərtər işi" kimi hadisələri xatırlayır və deyir ki, prokurorluq Azərbaycanda "qanunvericiliyin keşiyində yox, siyasi rejimin keşiyində" durmuşdu: "Azərbaycan beynəlxalq reytinqlərdə korrupsiya indeksində ildən-ilə irəliləyirdi, amma biz Baş Prokurorluğun korrupsiya ilə mübarizəsinə rast gəlmirdik. Və ya qanunvericiliyin pozulması ilə bağlı çoxlu faktlar var ki, Baş prokurorluq ittihamçı kimi bu işləri məhkəməyə aparıb".

Bu günlərdə Ali Məhkəmə REAL sədri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərova bəraət verdi.

İlqar Məmmədov 2014-cü ildə baş vermiş İsmayıllı hadisələrinə görə 4 il, Rəsul Cəfərov "QHT işinə" görə 2 il həbsdə yatıb.

Bu işlərlə bağlı istintaqı Baş Prokurorluq aparıb və sonradan öz ittihamını apellyasiya məhkəmələrində də müdafiə edib.

Mehman Əliyevə görə, indiki kadr dəyişikliyi hakimiyyətin apardığı yenilənmə ilə bağlıdır, yoxsa Zakir Qaralov hakimiyyətin qarşısında "heç bir nöqsanı olmayan, hakimiyyətlə siyasi münaqişə yaşamayan Baş prokuror idi".

Yeni baş prokuror fərqli yol tutmalıdır, yoxsa Zakir Qaralovun yolu ilə getməlidir?

Mehman Əliyev bu suala belə cavab verir: "Onu təyin edən prezidentdir. Prezident də ona hansı yolu göstərsə, o yolu da gedəcək. Azərbaycan hakimiyyət sistemi-çərçivəsində baçqa cür mümkün deyil".

"Vəzifədə qalmaq istəyirsən..."

Siyasi məsələlər üzrə təhlilçi Leyla Əliyeva hesab edir ki, "sistem ya bir adamın, ya da hansısa qaydaların üstündə qurulduğundan şəxsiyyətlər böyük rol oynamır".

Leyla Əliyevanın fikrincə, "sistemdə sərt qaydalar olduğundan ona qarşı çıxmaq çətin olur: səni həbs edə bilərlər, ya hər hansı formada "təqib oluna" bilərsən.

"Siyasi sistem elə yaranıb ki, hüquq-mühafizə sistemi, məhkəmə sistemi, güç strukturları siyasi hakimiyyətə tabedir. Tabe olmasa, adamı çıxarırlar. Ora gedən şəxs yaxşı bilir ki, ondan nə gözlənir, o öz vəzifəsini yaxşı başa düşür. Əgər bu vəzifədə qalmaq istəyirsənsə, yaxşı icraçı olmalısan,"- Leyla Əliyeva deyir.

Prezidentdən Zakir Qaralova telefon zəngi

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimova görə, hüquqşünas olmadığı üçün sabiq Baş prokurorun fəaliyyətinə hüquqi qiymət verə bilməz, amma onun fikrincə, "Zakir Qaralov yaxşı işləyib".

"Hətta prezident də ona zəng edib. İndi hər yerdə islahat gedir, Milli Məclisdə də, hüquq-mühafizə orqanlarında da. Burda da dəyişiklik oldu, ondan daha cavan, daha enerjili Kamran Əliyev onun yerinə məsləhət görüldü".

Azərtac xəbər verir ki, aprelin 30-da prezident İlham Əliyev Zakir Qaralovla telefonla danşıb və onun Baş prokuror kimi "Heydər Əliyevin dövlətçilik prinsiplərinə sədaqətlə xidmət etdiyini vurğulayıb, özünün prezidentlik fəaliyyəti dövründə də prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi istiqamətində onun gördüyü işləri qeyd edib".