Karantin rejimi uzadıldı: bu, mənim üçün nə deməkdir?

polis, koronavirus, karantin, bu gün

Şəklin mənbəyi, Getty Images

Bu gündən Azərbaycanda xüsusi karantin rejimi mərhələli şəkildə yumşaldılır.

Lakin koronavirusla əlaqədar olaraq xüsusi karantin rejimi mayın 31-dək uzadılıb, Nazirlər Kabineti yanında operativ qərargah bildirib.

Bəs, bundan sonra nə dəyişəcək? Dərslər dayandırılır, yoxsa bərpa olunur? Sms icazə ləğv olunurmu? Bu və digər suallara cavablar topladıq:

Küçəyə çıxmaq üçün SMS icazə və ya arayış lazımdırmı?

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda yaşayırsınızsa, bəli. Küçəyə çıxmaq üçün SMS icazə almalısınız, başqa sözlə, 8103 nömrəsinə görüləcək işin məqsədinə uyğun kod göndərilməlisiniz.

Yox, əgər respublikanın yuxarıda sadalanan ərazilərdən fərqli rayon və ya şəhərindəsinizsə, 4 may, saat 00:00-dan etibarən küçəyə çıxmaq üçün SMS icazə almağınız tələb olunmur. Bu qayda Naxçıvan Muxtar Respublikasında olanlara da aiddir. Bu yerlərdə SMS icazədən başqa,“icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi də ləğv edilir.

Kimlərin iş fəaliyyəti bərpa olunur?

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonlarında dövlət qurumlarında çalışırsınızsa, siz və həmkarlarınız ola bilsin ki, 4 may, saat 00:00-dan etibarən işə başlaya bilər. Amma neçə işçinin işə başlayacağı, başqa sözlə, dövlət qurumlarının işçilərinin say həddi Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən ediləcək.

Operativ qərargah bildirib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol veriləcək.

Başqa rayon və şəhərdəsinizsə və dövlət qurumlarında işləyirsinizsə, sizin fəaliyyətinizə tam sayda tam icazə verilir.

Eləcə də, bütün respublika üzrə “DOST” mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edəcək.

Bütün respublika üzrə xüsusi rejimi dövründə fəaliyyətinə məhdudiyyət qoyulmuş müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin də fəaliyyəti bərpa edilir.

Bərbərxana, gözəlllik salonları açılırmı?

Bütün respublika üzrə 4 may, 00:00-dan etibarən bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur.

Bundan başqa, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyətinə icazə verilir.

Restoran və kafelər açılırmı?

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonundan başqa, respublikanın digər rayon və şəhərlərində 4 maydan etibarən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur.

Bura Naxçıvan Muxtar Respublikası da aiddir.

Lakin ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə qadağası qüvvədə qalır.

Bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət də götürülür.

Qeyd olunan ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur. Lakin ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna kimi qalır.

Bir yerə toplaşmaq olarmı?

Nazirlər Kabineti yanında Operativ Qərargah insanların bir yerə toplaşması barədə xüsusi qeyd edib.

Məlumatda deyilir ki, xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.

Dərslər bərpa olunurmu?

Nazirlər Kabineti bildirib ki, respublika üzrə bütün təhsil müəssisələrində tədris, təlim tərbiyə prosesinin dayandırılması 31 may 2020-ci il tarixinədək uzadılır. Dərslərin nə vaxt bərpa olunacağı barədə məlumat verilmir.

Karantin rejimi sərtləşdirilə bilərmi?

Bəli. Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib ki, ölkədə Covid-19 virusuna yoluxma dinamikası zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.

Hazırda isə Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələr nəzərə alınaraq ölkədə xüsusi karantin rejimi uzadılıb və tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxanların sayı 1804 nəfərə çatıb. Onlardan 1325 nəfəri müalicə olunaraq sağalıb. 24 nəfər ölüb.

Martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edilib. Aprelin 4-dən isə xüsusi ehtiyaclar məqsədilə küçəyə çıxmaq üçün sms icazə tələb olunurdu.