Koronavirus insanlara hansı heyvandan keçib? Bunu bəlkə də, heç vaxt bilməyəcəyik

bu gün koronavirus Azərbaycan

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Koronavirusa ilk yoluxma faktı Uhandakı dəniz məhsulları bazarında qeydə alınmışdı.

Alimlər yeni koronavirusun yarasalardan insanlara "vasitəçi bir heyvan" vasitəsilə yoluxduğunu açıqlamışdılar.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) aparılan araşdırmalara istinadən, koronavirusun "təbii mənbəyi" olduğunu açıqlasa da, bəzi alimlər bu infeksiyaya ilk yoluxmanın necə baş verdiyinin heç vaxt bilinməyəcəyini deyirlər.

"Vasitəçi heyvan" həqiqətən də ilk yoluxmanın baş verdiyi Uhanın vəhşi heyvan bazarında satılıbmı? Heç bu da dəqiq məlumat deyil.

Ancaq vəhşi heyvan ticarəti virusun yayılmasında əsas rol oynayan mənbələrdən biri sayılmaqda davam edir.

Araşdırmaçılar xəbərdarlıq edirlər ki, bu ticarət xəstəliklərin bir növdən digər növə keçməsinə şərait yaradır.

Əvvəlki epidemiyalarda da viruslar heyvandan-heyvana keçərək yayılmışdı.

"Belə bir vəziyyət üçün hazırlıq işləri görürdük. Əsas məsələ nəyin yox, nə zaman baş verəcəyi idi", - ÜST-ün "Covid-19" üzrə məsul şəxsi doktor Maria Van Kerkhove BBC-nin Andrew Marr proqramına müsahibəsində belə deyib.

Virusun yayılması

İnfeksiyon xəstəliklər üzrə mütəxəssislər bəzi yeni xəstəliklərin növü təsbit edilməmiş heyvanlardan digər heyvanlara keçən viruslar vasitəsilə yaranması fikrində həmrəydirlər.

"Bir müddət idi ki, biz belə bir vəziyyətin yaranacağını gözləyirdik. Çünki insanların vəhşi təbiətə müdaxiləsi və vəhşi heyvanlarla təmaslarının artması son illərdə bu cür xəstəliklərin çoxalmasına gətirib çıxarıb", - London Heyvan Elmləri Cəmiyyətinin üzvü professor Andrew Cunningham belə deyir.

Şəklin alt yazısı,

Təbiətə yarasalardan "düşən" virus böyük ehtimalla, "vasitəçi-daşıyıcı heyvan" vasitəsilə insanlara keçib

"Covid-19" xəsətəliyini yaradan virus ilk yoluxma faktından dərhal sonra sürətlə yayılmağa başladı. SARS, MERS, "Ebola" və quduzluq kimi, bu yeni virus da mənbəyi vəhşi yarasa növü olan epidemiyalar siyahısına daxil edildi.

Yarasadan keçən infeksiyaların bəziləri haqda məlumatlar 2003-cü ildəki SARS epidemiyasından sonra aparılan araşdırmalar nəticəsində əldə edilib. Həmin epidemiya da koronavirus mənşəli idi.

2017-ci ildə alimlər Çin ərazisində olan bir mağarada "SARS-la əlaqəli koronaviruslarla zəngin olan bir yarasa genofondu" aşkar etmişdilər.

Virus yeni bir "daşıyıcıya" keçmək üçün bir hüceyrənin "qapılarını" açıb ora girməli və orada çoxalmalıdır. SARS epidemiyasında olduğu kimi, yarasalardan keçən yeni koronavirus da insan hüceyrələrinə nüfuz edir.

""SARS-CoV-2"-də əsas rol "Spike" adlandırılan virus proteininə məxsusdur. O, hüceyrələrə "ACE2" kimi tanınan reseptorlar vasitəsilə daxil olur. Koronavirus sadəcə bu qıfılı qırmaqla kifayətlənmir, eyni zamanda bunu "SARS-1"-dən daha yaxşı edir", - Glasgow Universitetinin virusoloqu, professor David Robertson belə deyir.

Virusun hüceyrələrə asanlıqla girə bilməsi və içərisinə mükəmməl bir şəkildə yapışıb qalması onun insandan insana keçməsini asanlaşdıran səbəblərdən biridir. Belə yüksək yoluxuculuq qabiliyyəti koronavirusu nəzarət altında saxlamağı çətinləşdirir.

Satmaq, almaq və yoluxdurmaq

Yeni koronavirusun Uhandakı vəhşi heyvan bazarından yayıldığı deyilsə də, bədənində bu virusun qaynağı - patogeni olan heyvan həmin bazarda tapılmayıb.

Cambridge Universitetinin əməkdaşı, professor James Wood deyir ki, "infeksiyanın başlanğıcı həmin bazarla əlaqəliydi, ancaq bu, ikinci dərəcəli sübutdur. Virus başqa bir yerdən də gəlib təsadüfən bazardakı insanlar arasında çoxala bilərdi. Onun heyvan mənşəli olması virusun bazarla əlaqəsini inandırıcı göstərir".

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Səlahiyyətli şəxslər SARS-ın qarşısını almaq üçün müşk pişiklərini Sinyuan vəhşi heyvan bazarından yığışdırmışdılar (Şəkil 2004-cü ilə aiddir).

Professor Cunningham da hesab edir ki, heyvan bazarları heyvanlardan keçən xəstəliklərin yeni "daşıyıcılar" tapması üçün şox əlverişli məkanlardır:

"Normal şərtlərdə bir-birilə çətin qarşılaşan heyvan növlərinin gigiyena şəraitinin pis olduğu yerlərdə bir araya gətirilməsi patogenlərin bir növdən digər növə keçməsini asanlaşdırır".

Əvvəlki dövrlərdə də vəhşi təbiətə aid viruslar insanlara daşıyıcı növlər (bəzən mal-qara, bəzən ov heyvanları, bəzən də bazarda satılan vəhşi heyvanlar) vasitəsilə keçib.

Professor Woods bunu belə izah edir:

"SARS virusu insanlara müşk pişiklərindəki infeksiya vasitəsilə keçmişdi. Çinin cənubunda onları qida məhsulu olaraq satırlar. Bunu bilməyimiz vacibdir, çünki müşk pişikləri arasında bir epidemiya vardı və insanların yoluxmasının qarşısını almaq üçün onlar nəzarət altına alınmalıydı.

İnfeksiya zəncirində çatışmayan həlqəni axtaran araşdırmaçılar mink, bərə və hətta tısbağalara aid də izlər tapıblar. Oxşar viruslar heyvan bazarlarında məşhur olan panqolinlərdə də var. Ancaq bu heyvanların epidemiyayla birbaşa əlaqəsini sübut edən dəlillər yoxdur. Bildiyimiz tək şey budur ki, vəhşi heyvanlarla təmasımız və onları bazarlara çıxarmamız həm bizim, həm də onların həyatına təhlükə yaradır".

Şəklin mənbəyi, VİCTORİA GİLL

Şəklin alt yazısı,

Tacirlərdən götürülərək xilas edilən heyvanları insanlara yoluxan xəstəliklərindən qorumaq lazımdır

Professor Wood deyir ki, "vəhşi təbiətlə birbaşa təmasdan yayınmaq və ev heyvanlarının vəhşi heyvanlarla bir arada olmasına imkan verməmək həll etməli olduğumuz tənliyin ən vacib düsturudur.

Heyvan ticarətinin və vəhşi təbiətlə təmasların tamamilə qadağan edilməsi üçün bəzi kampaniyalar aparılıb. Ancaq nəticə etibarilə bu, dünyanın ən yoxsul insanlarının cəzalandırılmasına gətirib çıxarır. Bir çox hallarda belə tədbirlər heyvan ticarətinin "yer altına" keçməsiylə nəticələnir və çətin ki, bunun qarşısını almaq mümkün olsun".

ÜST Çindəki heyvan bazarlarında gigiyena və təhlükəsizlik şərtlərini sərtləşdirilməyə çağırıb. Ancaq "Ebola" xəstəliyi ilə əlaqəsi sübut olunmuş vəhşi ət ticarəti kimi (Afrika), digər bazarlar da qeyri-rəsmi fəaliyyət göstərməkdə davam edirlər, ona görə də belə məkanlarda normal şərait yaratmaq asan deyil.

"Qaydaları Londondakı və ya Cenevrədəki ofisinizdə müəyyənləşdirə bilməzsiniz. Hər ölkənin özünə uyğun qaydaları hazırlanmalırdır", - professor Wood deyir.

Doktor Maria Van Kerkhove də onunla həmfikirdir: "Həm yerli xalqlarla, həm də əlaqədar vəzifələrdə çalışan şəxslərlə birlikdə işləməyimiz çox vacibdir":

Bu iş qlobal və kompleks səylər tələb edir. "Covid-19" bizə göstərdi ki, ortaq hərəkət etməmək necə ciddi fəsadlara gətirib çıxarır.