İlham Əliyev: "Vətəndaşlar məsuliyyətsizlik göstərirlər, maska taxmırlar, məsafə saxlamırlar"

Prezident İlham Əliyev

Şəklin mənbəyi, President.az

Prezident İlham Əliyev Azərbaycanda son günlərdə koronavirusa yoluxanların sayının artmasını vətəndaş məsuliyyətsizliyində görür.

Çərşənbə axşamı günü Sumqayıtda qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak edən İlham Əliyev deyib ki, vətəndaşlar bir çox hallarda onlara tövsiyə olunan qaydalara əməl etmirlər.

Prezidentin sözlərinə görə, karantin rejimi yumşaldılandan sonra yoluxmalar artıb.

"Biz üç həftənin müsbət dinamikasını nəzərə alaraq aprelin 27-dən etibarən yumşalma addımlarımızı atmağa başladıq. Çünki başa düşürük ki, bu, hər kəs üçün çox çətin dövrdür. Ancaq gördük ki, yumşalma tədbirləri artıq başlayan kimi yoluxanların sayı artmağa başladı. Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar".

İlham Əliyev Prezidentin Ehtiyat Fondundan tibbi avadanlıqların, ləvazimatların alınması üçün təxminən 100 milyon manat vəsait ayrıldığını, əlavə olaraq 150 milyon manat ehtiyatda saxlanıldığını deyib.

Prezident qeyd edib ki, karantin qaydalarına nəzarətedici mexanizm daha da təkmilləşdirilməlidir.

O, karantin rejiminin yumşaldılmasından sonra nəzarət etmək üçün müəyyən problemlərin yarandığını, lakin bütün müvafiq orqanlara nəzarəti gücləndirmək barədə göstəriş verildiyini söyləyib.

"Əks təqdirdə, xəstəlik nəzarətdən çıxacaq"

Cənab Əliyev vurğulayıb ki, insanlar məsuliyyətli davranmasalar "xəstəlik nəzarətdən çıxacaq".

"Amma yenə də deyirəm ki, indiki şəraitdə uğurumuzun əsas şərti vətəndaşların məsuliyyətli olmasıdır. Əks təqdirdə, bu xəstəlik nəzarətdən çıxacaq. Biz bunu açıq deməliyik və bilməliyik ki, dövlət nə qədər iş görsə də, vəziyyət nəzarətdən çıxacaq, kütləvi yoluxma halları baş verəcək, insanlar kütləvi qaydada vəfat edəcək, xəstəxanalarda yerlər, reanimasiya şöbələrində süni tənəffüs aparatları çatışmayacaq. Beləliklə, Allah eləməsin, biz indi böyük böhran içində olan ölkələrin vəziyyətinə düşə bilərik. Biz buna qətiyyən yol verə bilmərik".

İlham Əliyev Azərbaycanda 10 modul tipli xəstəxananın inşa ediləcəyini bildirib.

Prezident qeyd edib ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunda artıq 100 milyon manatdan çox vəsait yığılıb və həmin vəsaitdən hələ ki, xərclənməyib.

"Valyuta ehtiyatlarımız azalıb"

İlham Əliyev deyib ki, iqtisadiyyatın pandemiyadan zərər görəcəyi hər kəs üçün aydın idi.

"O ki qaldı, bizim iqtisadi göstəricilərimizə, əlbəttə, bu ilin yanvar-fevral ayları çox ümidverici idi. Mən, sözün düzü, fikirləşirdim ki, biz bu ili rekord göstəricilərlə başa vuracağıq. Ancaq bu pandemiya həyatımıza müdaxilə edərək bizim planlarımızı pozdu. Amma buna baxmayaraq, - indi dedim ki, bir çox ölkələrin indi iqtisadi vəziyyəti ağırdır və iqtisadiyyat tənəzzülə uğrayıb, - Azərbaycanda dörd ayın yekunları göstərir ki, iqtisadiyyat az da olsa artıb - 0,2 faiz. Əlbəttə ki, bu, şərti artım sayıla bilər. Amma yenə də hələ ki, düşməyib".

Prezident qeyri-neft sektorunda sənaye artımının 16 faizdən çox olduğunu qeyd edib.

İlham Əliyev Azərbaycanın valyuta ehtiyatlarının azaldığını, iqtisadiyyatı yenidən canlandırmaq və iş yerlərini bərpa etmək üçün "vaxt lazım olacağını" bildirib.

"Ona görə biz indi 90 min ictimai ödənişli iş yeri yaradırıq, 80 min ailə dövlətdən sosial yardım alır, özünüməşğulluq proqramı çərçivəsində 12 min ailəyə lazım olan vasitələr verilir. Bütün bunları biz edirik ki, işsizlik artmasın. Ancaq bütün ölkələrdə işsizlik artıb, ən inkişaf etmiş ölkələrdə sürətlə artıb. Yəqin indi rəqəmlər göstərəcək ki, bizdə də artıb. Ona görə bizim bundan sonra əsas vəzifəmiz koronavirusla bağlı vəziyyəti həm nəzarətdə saxlamaqdır və həm də artıq pandemiyadan çıxmağı planlaşdırmaqdır ki, bu çıxış həm hamar, həm səmərəli olsun və biz iqtisadi fəallığı maksimum qısa müddət ərzində bərpa edə bilək".

Beynəlxalq maliyyə təşkilatları və konsaltinq şirkətləri Azərbaycana dair öz gözləntilərini mənfiyə doğru dəyişib: Asiya İnkişaf Bankı artım proqnozunu əvvəlki 2,4 faiz gözləntidən 0,5 faizə endirib. Beynəlxalq Valyuta Fondu 2020-ci ildə Azərbaycanda 3,3 faiz inflyasiya və ÜDM-un 8,2 faizi qədər büdcə kəsiriylə 2,2 faiz mənfi iqtisadi artım proqnozlaşdırıb.