Nazirlər Kabineti: “İndi virusla mübarizədə təcrübə toplanıb”

Bu gündən etibarən Azərbaycanda karantin tədbirlərinin yumşaldılmasına başlanıb

Şəklin mənbəyi, Anadolu Agency/Getty Images

Şəklin alt yazısı,

Bu gündən etibarən Azərbaycanda karantin tədbirlərinin yumşaldılmasına başlanıb

Azərbaycan hökuməti koronavirus epidemiyası ilə mübarizədə "müəyyən təcrübə qazandığı üçün" karantin rejiminin yumşaldılmasına qərar verib, Nazirlər Kabinetinin sözçüsü İbrahim Məmmədov BBC News Azərbaycancaya deyib.

Bazar ertəsindən sərt karantin rejiminin mövcud olduğu Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərləri və Abşeron rayonunda olduğu yeri SMS icazəsi, xidməti vəsiqə və ya iş arayışı ilə tərk etmək zərurəti aradan qaldırılıb.

Müəyyən məhdudiyyətlərlə parklar və bulvarlar, ictimai iaşə obyektləri, kafe-restoranlar artıq açılıb.

Azərbaycanda bazar gününə olan son məlumata görə, ölkədə aşkar edilən koronavirusa yoluxma halının sayı 3300-ü ötüb.

"Koronavirusla mübarizədə milli səfərbərlik təmin edilib. Əvvəlki mərhələdə o bizim üçün gözlənilməz idi, elmə bu xəstəliklə bağlı az şey məlum idi, hərçənd indi də çox şey məlum deyil, amma indi bu virusla mübarizədə müəyyən təcrübə toplanıb,"- İbrahim Məmmədov BBC News Azərbaycancaya deyib.

Onun sözlərinə görə, ilkin mərhələ xəstəliyin sürətlə yayılmasının qarşısını almağa kömək edib və Azərbaycan koronavirusla mübarizədə səhiyyənin strukturunu genişləndirilib, xaricdən lazımi tibbi avadanlıq gətirlib və zəruri qoruyucu məhsulları formalaşdıra bilib:

"Hazırda Azərbaycanda gündəlik təqribən 250 min maska istehsal olunur və mayın axırına qədər 500 min istehsal imkanımız olacaq. Dezinfeksiya məhsulları da kifayət qədər istehsal olunur. Xaricdən asılılığı azalda bildik".

İbrahim Məmmədov hesab edir ki, sağalan koronavirus xəstələrinin müalicəsi də həkimlərin müəyyən təcrübə əldə etməsinə səbəb olub.

Amma Nazirlər Kabinetinin sözçüsü əlavə edir ki, yoluxmanın yüksək olduğu zonalar xüsusi nəzarətdə saxlanır.

Onun sözlərinə görə, qapalı məkanlarda polis və iaşə-ticarət obyektləri üzrə məsul qurumlar mütəmadi yoxlanış aparıb təhlükəsizlik hallarının qorunmasına nəzarət edəcəklər: "Qərarda da nəzərdə tutulub, qaydaları pozanlar nəinki inzibati, cinayət məsuliyyətinə də cəlb oluna bilərlər".

Nələrə icazə verilib?

Bu gündən etibarən Azərbaycanda karantin tədbirlərinin yumşaldılmasına başlanıb. Bütün ölkə ərazisində SMS icazə sistemi, xidməti vəsiqə və işdən arayışa əsasən evi tərk etmək qaydası ləğv olunub, 65 yaşından yuxarı şəxslərin evdən çıxmasına icazə verilib və ictimai məkanlar açılıb.

Koronavirusla bağlı mübarizə tədbirlərini həyata keçirən Nazirlər Kabineti yanında Operativ Qərargah bununla bağlı mayın 15-də qərar verib.

Bu gündən etibarən aradan qaldırılan qədağalar:

  • Yaşadığı yeri SMS icazə sistemi ilə tərk etmək qadağası bütün ölkə üzrə ləğv edilib.
  • 65 yaşdan yuxarı i.əxslərin evdən çıxmasına olan qadağa aradan qaldırılıb.
  • Restoran, kafe, çay evləri və bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət qadağası ləğv edilib.
  • Bulvar və parklara giriş qadağası götürülüb.
  • Muzey və sərgi zallarının fəaliyyəti bərpa olunub.

Hansı məhdudiyyətlər və qadağalar hələ də qalır?

İctimai məkanlara əhalinin girişinə qadağa götürülsə də, qapalı məkanda eyni anda 10 nəfərdən artıq şəxsin toplaşmasına icazə verilmir.

İctimai iaşə obiyektləri açılsa da, Mall-lar, ticarət mərkəzləri hələ də bağlı qalacaq.

Kafe və restoranlarda qəlyandan istifadə qadağası qüvvədədir.

Ölkə xaricinə və Azərbaycan daxilində xüsusi hallar istisna olmaqla səyahət qadağası götürülməyib.

Bulvar, park və istirahət məkanlarına girişə qoyulan məhdudiyyət də “10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti” ilə qaldırılır.

Qrup halında fərdi tədris və repetitor xidmətlərinin (o cümlədən bu sahədə evlərdə xidmət) göstərilməsi dayandırılır.

Eyni zamanda kütləvi toy və yas mərasimlərinin keçirilməsi hələ də qadağandır.

“Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir”, - TƏBİB tərəfindən yayılan rəsmi açıqlamada qeyd olunur.

Azərbaycanda ilk koronavirusa yoluxma halı fevralın 28-dən qeydə alınıb, martın 4-dən başlayaraq ölkədə koronavirusla mübarizə tədbirləri həyata keçirilməyə başlanıb: ilk öncə bütün tədris müsəssisələrində təhsil dayandırıldı, bundan sonra Azərbaycan qonşu ölkələrlə sərhədlərini bağladı, hava uçuşlarını təxirə saldı. Martın 24-dən isə ölkə ərazisində karantin rejimi tətbiq olunmağa başladı. Hazırda bəzi məhdudiyyətlər davam edir.