Prezident Ağstafa və İmişli rayonlarına yeni icra başçıları təyin edib

Ağstafa və İmişli Rayon İcra Hakimiyyətləri

Şəklin mənbəyi, Ağstafa və İmişli Rayon İcra Hakimiyyətləri

Ağstafa və İmişli rayonlarına yeni icra başçıları təyin olunub.

Prezident İlham Əliyev cümə axşamı günü Seymur Orucovun Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevin İmişli Rayon İcra Hakimiyyətinin baçşısı təyin edilməsi barədə sərəncam imzalayıb.

Elçin Rzayev buna qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib.

Ağstafa Rayon İcra Hakimiyyətinin əvvəlki başçısı Nizaməddin Quliyev 2019-cu ilin dekabrında Prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılıb.

2019-cu il dekabrında Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov, Yevlax rayonun keçmiş icra başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıblar.

DTX-nın yaydığı məlumata görə, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, dövlət vəsaitini mənimsəməkdə, külli miqdarda rüşvət almaqda şübhəli bilinirlər.

İmişli Rayon İcra Hakimiyyətinin əvvəlki başçısı Vilyam Hacıyev 2020-ci il mayın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılıb.

Dövlət Təhlükəsizliyi Xidməti mayın 5-də Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirdiyi barədə məlumat yayıb.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarında ittiham edilir.

Bu il neçə icra başçısı vəzifəsindən azad edilib?

2020-ci ildə azı 5 rayonun icra başçısı vəzifəsindən azad edilib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev fevralın 20-də vəzifəsindən azad edilib. Dövlət Təhlükəsizlik Xidməti Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində İsmayıl Vəliyev və bir neçə digər vəzifəli şəxsi əsasən rüşvətə görə şübhəli şəxs qismində saxlayıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov martın 5-də vəzifəsindən azad edilib.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov martın 9-da vəzifəsindən azad edilib. O, Milli Məclisinin VI çağırışının deputatı seçilib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev aprelin 30-da vəzifəsindən azad edilib.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev mayın 6-da vəzifəsindən azad edilib.