Azərbaycanda Respublika Günü qeyd olunur - arxivdən fotolar

AXC parlamentinin birinci iclasının açılışı

Şəklin mənbəyi, Milli Arxiv

Şəklin alt yazısı,

AXC parlamentinin birinci iclasının açılışı. Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 103 illiyi qeyd olunur.

Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.

103 il əvvəl Şərqdə ilk demokratik respublika Azərbaycanda yaranıb.

Azərbaycan Demokratik Respublikasının yaradılması 1918-ci il mayın 28-də Tbilisidə Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

Cəmi 23 ay davam edən ADR 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.

BBC Azərbaycanca həmin dövrün siyasi xadimlərinin və hadisələrin arxiv fotolarını təqdim edir.

Şəklin mənbəyi, MILLI ARXIV

Şəklin alt yazısı,

28 may 1918-ci il suverenliyi haqqında bəyənnamə. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 2 ildən sonra süquta uğrasa da, ölkə tarixinin ən mühüm hadisələrindən biri sayılır.

Şəklin mənbəyi, MILLI ARXIV

Şəklin alt yazısı,

AXC Nazrilər Şurasının sədri və daxili işlər naziri vəzifələrini icra etmiş Fətəli Xan Xoyski. 1875-ci ildə doğulan Xoyski ADR-nin (Azərbaycan Demokratik Respublikası) yaradıcılarından biridir. O, Zaqafqaziya Federativ Respublikası hökumətində maarif naziri, Milli Hökumətin birinci və üçüncü kabinetlərində baş nazir, beşinci kabinetində isə xarici işlər naziri vəzifəsini tutub. Xoyski türk (Azərbaycan) dilinin dövlət dili elan edilməsi haqqında 27 iyun 1918-ci il tarixli qərara imza atıb. O, 1920-ci ildə qətlə yetirilib.

Şəklin mənbəyi, MILLI ARXIV

Şəklin alt yazısı,

Məmməd Əmin Rəsulzadə - Müsavat partiyasının lideri, AXC Milli şurasının sədri.

Şəklin mənbəyi, MILLI ARXIV

Şəklin alt yazısı,

Əlimərdan bəy Topşubaşov - AXC hökumətinin üzvü və parlamentin sədri. Paris sülh konfransına getmiş nümayəndə heyətinin üzvü.

Şəklin mənbəyi, MILLI ARXIV

Şəklin alt yazısı,

Həsən bəy Ağayev Müsavat partiyasının üzvü olub. 1918-ci ildə ADR parlament sədrinin ilk müavini seçilir. Qafqazda kifayət qədər nüfuzlu şəxs sayılıb və Azərbaycanı Şimali Qafqaz Dağlılar qurultayında təmsil edib. O, 1919-cu ildə vəzifəsinə yenidən seçilə bilmir və Məmməd Yusif Cəfərov onun yerinə sədr müavini olur.

Şəklin mənbəyi, MILLI ARXIV

Şəklin alt yazısı,

Məmməd Yusif Cəfərov da Qafqazdakı nüfuzlu siyasi xadimlərdən biri idi. O, Milli Şuraya daxil olmuşdu. Rusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə uğur qazanmışdı. Həsən bəy Ağayevdən sonra ADR parlamentinin sədrinin birinci müavini vəzifəsinə seçilir. Bundan başqa cümhuriyyət dövründə o, müxtəlif vaxtlarda daxili və xarici işlər naziri vəzifələrində də olub.

Şəklin mənbəyi, MILLI ARXIV

Şəklin alt yazısı,

AXC parlamentinin iclasından foto. Birinci sırada ADR-in Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə əyləşib.

Şəklin mənbəyi, MILLI ARXIV

Şəklin alt yazısı,

Azərbaycan nümayəndə heyəti üzvlərinin Paris sülh konfransı günlərində iclası.

Şəklin mənbəyi, MILLI ARXIV

Şəklin alt yazısı,

Səməd bəy Mehmandarov, hərbi və dövlət xadimi, artilleriya generalı olub. 15 fevral 1918-ci ildən 27 aprel 1920-ci ilə qədər Milli Hökumətin hərbi naziri vəzifəsini icra edib.

Şəklin mənbəyi, MILLI ARXIV

Şəklin alt yazısı,

Əli Ağa Şıxlınski - Rusiya İmperiyası ordusunda general-leytenant, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini 1917.

Şəklin mənbəyi, MILLI ARXIV

Şəklin alt yazısı,

AXC ordusunun zabit və əsgərləri.

Şəklin mənbəyi, MILLI ARXIV

Şəklin alt yazısı,

Gəncə yunkerlər məktəbinin zabit və kursantları.

Şəklin mənbəyi, MILLI ARXIV

Şəklin alt yazısı,

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin binası, 1919-cu il.

Şəklin mənbəyi, MILLI ARXIV

Şəklin alt yazısı,

AXC-nin yaradılmasının ildönümünə həsr edilmiş Azərbaycan ordusunun hərbi paradı, 1919-cu il.

Şəklin mənbəyi, MILLI ARXIV

Şəklin alt yazısı,

AXC Nazirlər Sovetinin heyəti. Ortada - Nazirlər Sovetinin sədri Usub bəy Nəsirbəyov, hərbi nazir Səməd ağa Mehmandarov. Sağdan-sola: maliyyə naziri Əliağa Həsənov, xarici işlər naziri Fətəli xan Xoyski, əmək və ədliyyə naziri A. Səfirkürdski, portfelsiz nazir Amastor, səhiyyə naziri Taskanov, Nazirlər Sovetinin iş icraçısı Mirzə Qacar. Soldan-sağa: yol-nəqliyyat naziri Məlik Aslanov, teleqraf naziri Camo bəy Hacınski, nəzarət naziri Nəriman bəy Nərimanbəyov, ədliyyə nazirinin köməkçisi Teymur bəy Makinski, yol-nəqliyyat nazirinin köməkçisi Yusif Məmmədbəyov, əkinçilik nazirinin köməkçisi Hidayət bəy Sultanov, xarici işlər nazirinin köməkçisi Adilxan Ziyadxanov, 1919-cu il.

Şəklin mənbəyi, MILLI ARXIV

Şəklin alt yazısı,

Azərbaycan parlamentinin üzvləri: Ortada: AXC Nazirlər Sovetinin sədri Fətəli xan Xoyski və Azərbaycan parlamentinin sədr müavini Həsənbəy Ağayev.

Şəklin mənbəyi, MILLI ARXIV

Şəklin alt yazısı,

Əhməd bəy Ağayev - 1875-1939. Azərbaycanın 20-ci əsr ictimai-siyasi tarixinin fikir nəhənglərindən biri, publisist maarifçi, 1918-ci ildə Azərbaycanı xilas etməyə gələn türk ordusunun komandanı Nuru Paşanın müavini kimi vətənə dönmüş, milli parlamentin üzvü olmuşdur. Milli Hökumət dövründə xüsusi qərarla Türkiyədən Azərbaycana müəllim dəvət olunmasında, dərslik gətirilməsində böyük xidmətləri var.

Şəklin mənbəyi, MILLI ARXIV

Şəklin alt yazısı,

Məmməd Həsən Hacinski AXC-nin birinci və ikinci kabinetlərində XİN rəhbəri, 2-ci kabinetində maliyyə naziri vəzifəsini icra edib. Hacınski Müsavat partiyasın üzvü olub, parlamentdə fraksiyalardan birinin lideri olub. Tarixçi-alim Altay Göyüşovun sözlərinə görə, 1920-ci ilin əvvəllərində Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyov istefaya getdikdən sonra yeni hökumətin təşkili Hacınskiyə tapşırılıb.