Azərbaycan: bu gün 17 mindən çox şagird buraxılış imtahanı verir

bu gün Azərbaycanda buraxılış imtahanları keçirilir

Şəklin mənbəyi, Getty Images

Cümə axşamı günü Dövlət İmtahan Mərkəzi (DİM) 18 şəhər və rayonda ümumi və tam orta təhsil səviyyəsi üzrə, yəni, 9 və 11-ci siniflər üçün buraxılış (qəbul) imtahanları keçirir.

İmtahanlar saat 11:00-da başlanır.

Qaydalara görə imtahanların başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

"Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır", - DİM-in məlumatında deyilir.

DİM bu imtahanlarda 17021 şagirdin (abituriyentin) iştirakının nəzərədə tutulduğunu bildirib.

Əvvəlki imtahan

Çərşənbə günü Dövlət İmtahan Mərkəzi (DİM) ümumi və tam orta təhsil səviyyəsi üzrə, yəni, 9 və 11-ci siniflər üçün buraxılış (qəbul) imtahanları keçirib.

Təhsil Nazirliyi bildirib ki, 2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 120 minə yaxın, XI siniflərini isə 80 mindən çox şagird bitirəcək.

Qarşıdakı tədris ilində isə respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 mindən çox uşağın qəbulu proqnozlaşdırılır.

Yeni qaydalar necədir?

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses boyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər (binaların və otaqların dezinfeksiyası, hər otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

Şəklin mənbəyi, Azərtac

Bu il koronavirus pandemiyasına görə imtahanların keçirilməsilə bağlı edilmiş dəyişiklərdən biri də Azərbaycanda orta məktəbdən buraxılış imtahanlarında iştirak etmək istəyən şəxslərin imtahana buraxılış vərəqi ilə yanaşı sağlamlıq bəyannaməsini də gətirməli olublar.

İyunun 2-də BBC News Azərbaycancaya bəyannamə ilə bağlı məlumat verən Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib ki, "bəyannaməni təqdim etməyən şəxslər imtahana buraxılmayacaqlar".

Dövlət İmtahan Mərkəzinin sözçüsü bildirib ki, "bəyannaməni imtahana buraxılış vərəqəsini çap edərkən əldə etmək mümkündür".

"Hər imtahana beş gün qalmış imtahana gedəcək şəxslər buraxılış vərəqini çap edə bilirlər. Siz imtahana buraxılış vərəqəsini çap edəndə, o da çıxır. Elə bil iki səhifədir, biri imtahana buraxılış vərəqəsidir, ikincisi isə sağlamlıq haqqında bəyannamədir," - Xanlar Xanlarzadə deyib.

O əlavə edib ki, bəyannamədə imtahana gələn şəxsin iş nömrəsi, adı, soyadı, ata adı qeyd olunur.

"Həmin bəyannamədə şəxs öz üzərinə götürür ki, özündə və ailə üzvlərində son 15 gün ərzində koronavirusa yoluxma faktı aşkarlanmayıb. Belə fakt aşkarlanarsa, vətəndaş da yanlış məlumat verərsə, o, məsuliyyəti öz üzərinə götürür. Yəni, yanlış məlumat vermiş şəxsin nəticələri ləğv olunacaq".

Cənab Xanlarzadə, həmçinin deyir ki, "əgər imtahana gələn şəxsin temperaturu yuxarıdırsa, o zaman həmin şəxs imtahana buraxılmayacaq və onlar yekun attestasiyalarının aparılması üçün yalnız sentyabr ayında buraxılış imtahanını verəcəklər".

Xanlar Xanlarzadə deyir ki, bu il buraxılış imtahanında iştirak edə bilməyən şəxslər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul ola bilməyəcəklər, çünki "mövcud şəraitlə əlaqədar buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün ayrıca qəbul imtahanı təşkil etməyə qurumun imkanı yoxdur".

"Burada digər insanların həyatı və sağlamlığı nəzərə alınır. Hər həftə 40-45 min şəxs imtahanda iştirak edəcək. Ona görə də bu proses sentyabr ayına qədər uzanacaq, çünki digər imtahanlar var, bölgələrdə keçirilməli olan imtahanlar var. Ona görə də bu imtahanı yalnız sentyabr ayında təşkil etmək mümükündür,"- qurum sözçüsü əlavə edib.

Temperaturu yüksək olanlar, maska taxmayanlar imtahana buraxılmayacaq

Dövlət İmtahan Mərkəzi iyunun 1-də yaydığı məlumatda bildirib ki, temperaturu yüksək olanlarla yanaşı, "tibbi maska taxmayan, həmçinin qurumun saytında qeyd olunan sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan abituriyent imtahana buraxılmır".

Azərbaycanda koronavirusa görə təxirə salınmış orta məktəbdən buraxılış imtahanları iyunun 10-dan bərpa olunur.