Sıravi sakinlərin üstünə niyə Çevik Polis Alayı göndərilib?

  • Cəmilə İbrahimova
  • BBC News Azərbaycanca
polis
Şəklin alt yazısı,

Foto: Arxiv

Bazar ertəsi Bakının Yasamal rayonunda polisə zibil atmaqda ittiham olunan şəxslərin mənzillərinə Çevik Polis Alayının göndərilməsi əmrinin hansı zərurətdən doğması hələ də qaranlıq qalır.

Daxili İşlər Nazirliyi inzibati xəta törətdiyi iddia edilən şəxsləri polis bölməsinə çağırmaq üçün niyə sahə müvəkkilərindən yox, polis qüvvələrinin bu növündən istifadə edib və vətəndaşlara hər hansı məhkəmə qərarı təqdim edilmədən onlar zorakı üsulda aparılıblar? Üstəlik, bu əməliyyatı telefonla çəkən polis əməkdaşları bunları niyə sosial mediada yayıblar?

Bu suallara nə Daxili İşlər Nazirliyi, nə də Bakı Şəhər Baş Polis İdarəsi cavab verir. Daha doğrusu, Bakı Şəhər Baş Polis İdarəsi bildirir ki, araşdırma aparılır.

Prezident İlham Əliyevin bu əmrə münasibəti bəlli deyil.

Millət vəkili, Yeni Azərbaycan Partiyasının üzvü Hikmət Babaoğlu hesab edir ki, Yasamal rayonunda baş verən hadisələri obyektiv dəyərləndirmək üçün "bütöv mənzərəyə baxmaq lazımdır". Onun fikrincə, ayrı-ayrı hallarda baş verən epizodları media və sosial şəbəkə şişirdib.

Saxlanan "polisə zibil atanların" vəkili deyirlər ki, bu, daha çox "qisasalma əməliyyatına bənzəyib".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, o, DİN-lə əlaqə saxlayıb və ona vətəndaşa qarşı zorakılığa yol verən əməkdaşların işdən azad edildiyi bildirilib.

"Obyektiv baxmaq lazımdır, məsələ sosial şəbəkələrdə süni şəkildə şişirdilir"

Millət vəkili, Yeni Azərbaycan Partiyasının üzvü Hikmət Babaoğlu hesab edir ki, Yasamal rayonunda baş verən hadisələri obyektiv dəyərləndirmək üçün "bütöv mənzərəyə baxmaq lazımdır".

O, məsələnin sosial şəbəkələrdə "süni şəkildə bir qədər şişirdildiyini" düşünür.

"Bu gün hamımız karantin rejimində yaşayırıq və karantin rejiminin konkret tələbləri var. Belə olanda ayrı-ayrı fərdlər üçün bir qədər fövqəladə vəziyyət yarandığı kimi, müxtəlif orqanların fəaliyyətində də bənzər hal yaranır. Buna görə də, hadisəni bu kontekstdə qiymətləndirsək, daha obyektiv nəticəyə gələ bilərik. Ayrı-ayrı hallarda baş verən epizodları media və sosial şəbəkə istifadəçilərinin fəaliyyəti şişirtməyə yönəlik olmamalıdır".

Millət vəkilinin sözlərinə görə, problem ondan başlayır ki, polisin vətəndaşı karantin rejiminin tələblərinə riayət etməyə dəvət edir, vətəndaş isə bunu "polisin onu onun təhlükəsizliyini və sağlamlığını qoruması kimi" dərk etmir və buna görə də "Yasamal hadisəsində olduğu kimi, mənzərə fərqli yaranır".

Ancaq Hikmət Babaoğlu söyləyir ki, polis davranışlarına mütləq diqqət etməli, məmur etikasını gözləməli, vətəndaşlara qarşı münasibətdə həssas olmalıdır.

"Epizodik hallarda polisin qeyri-etik davranışı varsa, əlbəttə, bu da mütləq qınanmalıdır", - cənab Babaoğlu deyir, - "Biz şahid olduq ki, etik qaydalara riayət etməyən polis necə cəzalandırıldı," - o əlavə edir.

Daxili İşlər Nazirliyi "polisə zibil atanların" saxlanması zamanı bir qadına "hamınız dovşansız" deyən polis əməkdaşının işdən çıxarıldığını iddia edir.

"Nə insanlar polisə zibil atmalı, nə də polis evlərə girməli idi"

Hüquq müdafiəçisi Novella Cəfəroğlu hesab edir ki, "nə insanlar polisə zibil atmalı, nə də polis evlərə zorakılıqla girib camaatı oradan çıxarmalı idi".

O, vətəndaşların saxlanılarkən "döyülməməli" olduğunu bildirib.

"Həmin evlərə basqın edən, camaatla elə dillə danışan insanların hamısına cəza kəsilməlidir. Zibil atanlar da cərimə edilməlidir, cəza verilməlidir, amma döyülməməlidirlər. Döyülmək məsələsi olmamalıdır. O uşağı aparanda başından qapaz vurublar. Bu da var axı.

Biz dünən Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq, özlərini qeyri-adekvat aparan, camaatın evinə soxulan, qadın-uşaqların yanında özlərini çox ləyaqətsiz aparan polislər işdən çıxarılıb, onlar barəsində iş qaldırılıb".

Hüquq müdafiəçisi hesab edir ki, insanlar polislə birgə işləməlidir. O, hüquq müdafiəçiləri, jurnalistlər və qeyri-hökumət təşkilatlarının üzvlərindən təşkil olunmuş qrupların polislərlə birgə işləməsini, karantin zamanı insanlarla birgə söhbət aparmasını təklif edir.

Şəklin mənbəyi, Daxili İşlər Nazirliyi

Şəklin alt yazısı,

Daxili İşlər Nazirliyi Bakının Yasamal rayonunda Dadaş Bünyadzadə küçəsində yerləşən binaya Çevik Polis Alayının daxil olması və vətəndaşların saxlanılması anının görüntülərini yayıb

Nə üçün Çevik Polis Alayı istifadə edilmişdi?

Yasamalda bir sakinin saxlanıldığı zaman yuxarı mərtəbələrdən buna etiraz olaraq polisə zibil və müxtəlif əşyalar atan binaya nə üçün bir gün sonra Çevik Polis Alayının göndərilməsi barədə suala nə Daxili İşlər Nazirliyi (DİN), nə də Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) cavab verir.

BBC News Azərbaycancanın məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə yaratmaq cəhdləri baş tutmayıb.

BŞBPİ-nin sözçüsü Elşad Hacıyev BBC News Azərbaycancanın "nə üçün Çevik Polis Alayından istifadə edilmişdi?" sualına cavabında "məsələ ilə bağlı araşdırma aparılır" deyib.

O, vətəndaşların polis tərəfindən döyülməsini, sərt saxlanılma formalarını əks etdirən video görüntülər barədə suallara da eyni cavabı verib.

"Saxlanılmanın ən müxtəlif formaları var və bu saxlanılma hüquq çərçivəsində təmin olunur. Bu da saxlanılmanın bir formasıdır. Həmin video kadrlarla bağlı araşdırma aparılır, sonra geniş açıqlama veriləcək. Polis o ünvanlara hansı məqsədlə gedib və bütün suallara cavablar araşdırmanın içərisində olacaq", - cənab Hacıyev bildirib.

BBC News Azərbaycancanın Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsi ilə əlaqə cəhdləri də baş tutmayıb.

"Qisas əməliyyatına oxşayırdı"

Dadaş Bünyadzadə küçəsində saxlanılanlardan Kərim Süleymanlının vəkili Cavad Cavadov deyir ki, müvəkkili və onun qardaşı polisə müqavimət göstərməsə də, onları sərt şəkildə saxlayıblar.

Onun sözlərinə görə, saxlanma zamanı və ondan sonra lazımi hüquqi prosedurlar həyata keçirilməyib.

Kərim Süleymanlı polis idarəsində 5 saat ərzində 30 nəfər polis tərəfindən döyüldüyünü bildirib.

BŞBPİ-nin sözçüsü Elşad Hacıyev BBC News Azərbaycancaya deyib ki, iddialar həqiqəti əks etdirmir: "O, sifətindəki xırda xəsarətləri polis bölməsində yox, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə zidd olaraq tabesizlik göstərərkən alıb. İddialar üzrə hər bir xüsusat tərəfimizdən yoxlanılıb, onun polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmayıb. İddiaları qəti şəkildə təkzib edirik," - cənab Hacıyev bildirib.

Cavad Cavadov söyləyir ki, müvəkkili Kərim Süleymanlıdan nə izahat alınıb, nə də tibbi eskpertizası keçirilib.

"Heç olmasa həkim müayinəsi keçirməli idilər. Kamera görüntüləri götürülməli, şəxslərin izahatı alınmalıdır. Ən azından Kərim Süleymanlının öz izahatı alınmalı idi. Bu izahatlar alınmadan açıqlama verilib ki, "hamısı əsassızdır"".

Cavad Cavadov deyir ki, zorakılıq və hüquq pozuntuları ilə bağlı Daxili İşlər Nazirliyi araşdırma aparmalı və tədbir görməlidir.

"Polisin nümayişkarcasına hərəkətləri daha çox "qisas əməliyyatına" oxşayırdı. İnzibati Xətalar Məcəlləsində birbaşa yazılıb ki, inzibati xətalarla bağlı hadisələrin həmin orqan tərəfindən şəxsin razılığı olmadan çəkilməsi, yayılması qadağandır. Bu, eyni zamanda konstitusiyada da əksini tapıb".

Şəklin alt yazısı,

Foto: Arxiv

"Sərt tədbirlərdən istifadə problemin çıxış yolu deyil"

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli karantin dövründə sərtləşdirmə tədbirləri aparılarkən hakimiyyət orqanlarının "inandırma və maarifləndirmə əvəzinə zorakı üsullardan istifadə etməsinə" təəssüf etdiyini deyir.

"Son günlərdə tətbiq olunan "evdə qal" qadağası göstərdi ki, polislə vətəndaş və ya polislə dövlət arasında bu cür qadağalar tətbiq olunarkən daha çox zorakılıq üsullarına üstünlük verilir. Bununla da çox ciddi şəkildə qarşıdurmalar yarana bilir. Əfsuslar olsun ki, hakimiyyət orqanları bu qarşıdurmaların yarana biləcəyini ya öncədən hesablamır, ya da onlara məhəl qoymur".

O hesab edir ki, insanları evdə qalmağa məcbur edəndə insanların reaksiyaları və ya şəxsi ehtiyacları kimi bəzi amilləri nəzərə almaq lazım olur.

"Bu zaman sərt tədbirlərdən istifadə heç də problemin çıxış yolu deyil", - Anar Məmmədli deyir, - "Daha çox insanları inandırmağa, onlarla daha sivil formada kommunikasiyaya üstünlük vermək lazımdır", - o əlavə edir.

Anar Məmmədli deyir ki, polisə zibil atmağın müqabilində səhər yenidən saatlarında binaya yerimək, çevik polis alayı cəlb etməyin özü "çox ciddi şəkildə problemlər yaradır".

"Dövlət anlamalıdır ki, onun tətbiq etdiyi qadağalara hər bir şəxsin etiraz etmə haqqı var. İnsanın həyətə düşməsi və ya zibil atması ciddi pozuntu kimi qiymətləndirilməməlidir. Azərbaycanda epidemiyanın qaydaları ilə bağlı ciddi hüquqi sənəd, normativ akt yoxdur. Mütləq insanı evə həbs etmək və qapısına polis qoymaqla olmur. Zorakılıq və hüquq pozuntuları bir yandan Azərbaycanda koronavirus əleyhinə mübarizənin həqiqiliyini, burada xoş niyyəti kölgə altına alır, digər tərəfdən də insanların hüquqlarını ciddi şəkildə məhdudlaşdırılması ilə müşahidə olunur".

Cənab Məmmədli deyir ki, polis gücdən istifadə edə bilər, amma burada güc situasiyaya adekvat olmalıdır.

O izah edir ki, polis qüvvələrinin bu növündən, yəni Çevik Polis Alayından hansı hallarda istifadə edilməsi ilə bağlı müvafiq qanunvericilik var və bu yalnız ciddi ixtişaşlar yaranarsa və ya bu kimi halları ehtiva edir:

"Bütün bunlar yoxdursa, sadəcə bir binanın sakinləri nəyəsə etiraz edirlərsə, etirazı bu formada yatırmaq insan hüquq və azadlıqlarının ciddi şəkildə pozulmasıdır. Bütün bunlarla yanaşı, çəkilişin aparılması, orada polis insanı aparır və başqa bir polis də çəkiliş aparır - bu nə məqsədə yönəlir? Bu, insanın şərəf və ləyaqətini alçaltmağa yönəlmiş addımdır və belə çıxır ki, dövlət öz vətəndaşlarına qarşı nəinki aşırı gücdən istifadə edir, həm də onların şərəf və ləyaqətini alçaldılmasına, onlara qarşı pis rəftarın tətbiq olunmasına rəvac verir".

Anar Məmmədli söyləyir ki, polisin bu hərəkətləri ilə Azərbaycan özünün qoşulduğu bir sıra normativ aktları, o cümlədən Avropa Şurası konvensiyalarını pozub.